Respublikamızda ilk dəfə keçirilən festival iyunun 17-18-də rayon ərazisində təşkil olunacaq. İlk gün layihənin iştirakçıları üçün təqdimat keçiriləcək, hava şarları, uçuş barədə məlumat veriləcək, əyləncə proqramı təşkil olunacaq.
İyunun 18-də isə Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanmış hava şarları qalxacaq. Şarların uçuş trayektoriyasının Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edəcək. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edəcək.
Bu, bölgəmizin turizm imkanlarının təbliği baxımından mühüm əhəmiyyətə malik bir layihə olacaq. Festival turistlər üçün yeni, yerli əhali üçün isə tanış məkanları yüksəklikdən görmək, heyrətamiz peyzajdan zövq almaq üçün unikal imkandır. İştirakçılar Şamaxının əsrarəngiz mənzərəsini quş uçuşu hündürlüyündən izləyə biləcəklər.
Hava şarlarında uçuş – unudulmaz təəssürat üçün gözəl fürsətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrində hava şarlarının festivalları keçirilir və turistlər məhz bu uçuşların keçirildiyi yerə səfər edir. Bu ildən etibarən isə belə imkan Azərbaycanda da yaradılır. Balloon festivalları dünyanın bir çox şəhərlərində keçirilir.
M.NƏRİMANOĞLU,
“Respublika”.