Ermənistanın növbəti hərbi təxribatı nəinki Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, ümumiyyətlə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə ciddi zərbədir. Bu təxribat öz çirkin niyyətlərindən əl çəkməyən Ermənistan hərbi rəhbərliyinin sülh prosesində maraqlı olmadığının daha bir göstəricisidir. Görünən odur ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq regionda sülh prosesinə mane olmaq məqsədilə belə bir yola əl atdı. Təbii ki, Vətən keşiyində ayıq-sayıq dayanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları bunun qarşısını qətiyyətlə aldılar. Ermənistan silahlı birləşmələrinə törətdikləri təxribatın cavabı verildi.
"Azərbaycan öz sərhədləri daxilində təhlükəsizliyini qorumalı, ilk olaraq Qarabağda olan separatçıları tərksilah etməlidir. Silahlı dəstələrə qarşı əməliyyatlar keçirib, onların varlığına son qoymalıdır. Hər bir əsgərin intiqamı alınmalıdır. Yəni "qisasa qisas" addımları atılmalıdır və Azərbaycan Ordusu da məhz bunu edir. Onsuz da hər kəs bilir ki, Ermənistan oyuncaq dövlətdir. 200 ildir ki, Ermənistanın atdığı addımlar havadarlarının onlara dəstək verməsi ilə əlaqəlidir. Əslində, son təxribat gözlənilən və getdikcə yaxınlaşan hadisə idi". Bu fikirləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. O vurğulayıb ki, təxribatlar və Ermənistan hakimiyyətinin müharibə ritorikasını qabartması, Avropa İttifaqı missiyasının Ermənistana gəlməsindən sonra daha da yüksəlib. Görünür, bu gəliş Ermənistan hakimiyyətini cəsarətləndirib. Ermənistanın siyasi və hərbi rəhbərliyi daha iddialı bəyanatlar verməyə başlayıb. Onlar hesab edirlər ki, Aİ missiyasının bu ölkədə olması öz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb.
General Rusiyanın ikiüzlü siyasət apardığını, Ermənistanın hüquqa zidd hərəkətlərini görməzdən gəldiyini də bildirib: "Burada bir tərəfdən, guya sülhün əldə olunmasını istəyən, ancaq digər tərəfdən 10 noyabr tarixli üçtərəfli Bəyanatın sülh müqaviləsinə çevrilməsinə əngəl törədən Rusiyanın sərgilədiyi mövqe diqqətçəkən məqamdır. Rusiya Müdafiə Nazirliyi və onun tabeliyindəki rus sülhməramlı kontingenti bölgədə baş verən döyüşləri görməzdən gəlir. Rusiya bilərəkdən Ermənistanın aylardır sərhədə silah-sursat toplamasına, törədilən təxribatlara, onun İranla birgə çevirdiyi fırıldaqlara göz yumur.
Yücel Karauz İranın da Ermənistana uzun müddətdir ki, hər cür dəstək verdiyini qeyd edib: "İkinci əsas məqam İranla bağlıdır. İran 1992-ci ildən bəri strateji seçimini Azərbaycanla deyil, Ermənistan ilə edib. Üstəlik, bunu 40 milyona yaxın azərbaycanlının İranda yaşadığını bilə-bilə edirlər. Görünən odur ki, hələ uzun müddət İranın mövqeyi dəyişməyəcək. 30 ilə yaxın işğal dövründə olduğu kimi, bundan sonra da Ermənistana hər cür hərbi, siyasi, maddi dəstəyi verməyə davam edir. Baş verən təxribatda Ermənistanın İran PUA-larından, silah və sursatından istifadə etməsi barədə məlumat yayıldı. Üstəlik, toqquşmanın başladığı andan etibarən İranın müşahidə PUA-larının Azərbaycanla sərhəddə uçuşlar keçirməsini, SEPAH-ın teleqram kanallarının döyüşlərin getdiyi ərazilər ilə bağlı xəritələr paylaşmasını qətiyyən sadə məsələ hesab etmək olmaz. Yəni Azərbaycan tək Ermənistana qarşı yox, həm də onun havadarlarına qarşı da mübarizə aparır. Bundan sonra da təxribat və terror fəaliyyətlərinin davam etməsini, sülh müqaviləsinin imzalanmamasını istəyən dövlətlər, güc mərkəzləri və qruplar toqquşmalardan faydalanmaq üçün vəziyyəti daha da qızışdıracaqlar. Ermənistanın ordusunu döyüş hazırlığı vəziyyətinə gətirməsi, mülki şəxsləri silahlandırması da təxribatların davam edəcəyindən xəbər verir".
General deyib ki, mövcud situasiya ilə bağlı Ermənistanın Avropadan da dəstək aldığı açıq-aşkar görünür. Ümumiyyətlə, bu cür hərbi və siyasi fəaliyyətlər uyğun şəraitdə həyata keçirilir. May ayının 14-də Türkiyədə keçiriləcək seçkilərə qədər və ya sonra ola biləcək iqtidar dəyişikliyini fürsət olaraq dəyərləndirmək istəyənlər var. Bu, sadəcə Azərbaycan-Ermənistan məsələsi ilə bağlı deyil. Suriya, İraq, Liviya və "