Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyinin, iki ölkə arasındakı əlaqələrinin sarsılmazlığının bir daha nümayişi oldu.
Ötən ay qardaş ölkədə keçirilən Prezident seçkilərində qələbə qazanan Ərdoğan ənənəyə sadiq qalaraq seçkilərdən qısa müddət sonra ölkəmizə səfər etdi. Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyənin dövlət başçısı seçilməsi Azərbaycanda da böyük sevinclə qarşılandı. Bu, bir millətin iki dövləti olan Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin parlaq göstəricisidir: "Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq faktordur, sabitlik, inkişaf və təhlükəsizlik faktorudur". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən geniş tərkibdə görüşdə deyib. Dövlət başçısı bildirib ki, Prezident seçkilərində türk xalqının göstərdiyi inam bir daha uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir: "Siz bilirsiniz ki, sizi Azərbaycanda çox sevirlər".
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq, qardaşlıq münasibətləri var. Onların şəxsi təşəbbüsləri dövlətlər arasındakı əlaqələrə müsbət təsir edir. Hər iki liderin münasibətləri Azərbaycan-Türkiyə əlaqələrini elə gücləndirib ki, bütün dünya bu müttəfiqliyə qibtə edir. Türkiyə lideri ölkəsinin Azərbaycana sarsılmaz dəstəyini 44 günlük Vətən müharibəsində ifadə edib. Azərbaycan öz torpaqlarını hərbi güc yolu ilə azad etdikdən sonra kənar qüvvələr Türkiyənin xəbərdarlıqlarından dərs aldılar. İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyənin və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirilir.
Azərbaycan xalqı da Türkiyənin ən ağrılı günlərində onun yanında olub. İstər meşə yanğınlarında, istər zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyə çağırış etmədən ilk olaraq Azərbaycan darda olan qardaşının dadına yetdi. Qardaş ölkədə baş verən zəlzələdən sonra sıravi vətəndaşların yardım göndərmələrini əks etdirən görüntülər yəqin ki, tarix boyu unudulmayacaq: "Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. Əminliklə deyə bilərik ki, dünya ölkələri içərisində Azərbaycanla Türkiyə qədər bir-birinə arxa-dayaq olan, sevincini, kədərini bölüşən ölkələr yoxdur. Şuşa Bəyannaməsi isə iki ölkə arasındakı birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərir. Məhz bu baxımdan, Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.
İki dost, qardaş, müttəfiq ölkə - Azərbaycan və Türkiyə ötən il növbəti dəfə sarsılmaz birlikləri, həmrəylikləri ilə dünyanı heyrətləndirdilər. Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalı gələcəyimiz olan gənclərin bu qardaşlığa verəcəkləri töhfələrin aydın mənzərəsini təqdim etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 28-də - Müstəqillik Günündə ölkəmizə səfəri və Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalında iştirak etməsi qardaşlıq və müttəfiqlik münasibətinin daha bir simvolu olmuşdu. Dövlət başçısı İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının tarixinə nəzər salaraq keçilən yolun təhlili əsasında səsləndirdiyi: "Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik" fikirləri ölkələrin inkişafında liderlərin rolunun təqdimatı oldu.
"Bir millət, iki dövlət, tək festival" şüarı ilə keçirilən "TEKNOFEST Azərbaycan"