Bu gün dünyanın siyasi mənzərəsi o qədər də ürəkaçan deyil. İstər Yaxın Şərq, istərsə də postsovet məkanında hibrid müharibələrin alovlandığını aydın görürük. Belə bir vaxtda Türkiyə və Azərbaycanda əmin-amanlıq hökm sürür və bu işdə ölkə liderlərinin müstəsna xidmətləri var.
XX əsrin ən yeni türk tarixinə öz möhürlərini vuran prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqaz kimi mürəkkəb bir regionda sülh və əməkdaşlığın inkişafı üçün yeni şərtləri mühüm strateji qərarları ilə formalaşdırırlar. Prezidentlərin səfərləri, bu səfərlər çərçivəsində ölkələrimizin qarşılıqlı maraqlarına uyğun olan məsələlərin müzakirəsi, qərarlar qəbul edilməsi iki dost, qardaş ölkənin təhlükəsizliyi və gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Möhkəm təməllər üzərində qurulan Azərbaycan və Türkiyə münasibətləri 1991-ci ildə ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə davamlı, yüksələn xətt üzrə inkişaf etməyə başlamışdır. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan əlaqələr günbəgün möhkəmlənmiş və sarsılmaz birliyə çevrilmişdir.
Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 14-də qurulub. Həmin ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi açılıb, 1993-cü ilin yanvar ayında İstanbulda, 2004-cü il aprelin 12-də isə Qars şəhərində Baş konsulluqları təsis edilib. Türkiyənin isə Bakı şəhərində səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində Baş konsulluqları fəaliyyət göstərir. 1992-ci il 1-3 may tarixində Türkiyə Prezidenti Turqut Özalın Azərbaycana səfəri və səfər çərçivəsində imzalanmış birgə bəyanat iki ölkə arasında strateji əməkdaşlığın təməl daşı olmuş, hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başlamışlar. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın səylərini dəstəkləyərək hərtərəfli əlaqələrin inkişafına yardım göstərmişdir.
Qardaş Türkiyə ilə münasibətlər ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə daim diqqət mərkəzində saxlanılmış, böyük tarixə malik qardaşlıq bağlarını daha da dərinləşdirmişdir. Ümummilli lider Heydər Əliyev ilə Türkiyənin doqquzuncu Prezidentli Süleyman Dəmirəl arasındakı dostluq münasibətləri xalqlarımızın yaxınlaşmasında, ölkələrimizin beynəlxalq arenadakı mövqelərinin daha da möhkəmləndirilməsində mühüm rol oynamışdır. Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etmişdir. Ümummilli liderin Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan vermiş, fevralın 9-da isə müxtəlif sahələri əhatə edən əməkdaşlıq haqqında tarixi sənədlər imzalanmışdır.
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nə imza atan xarici neft şirkətləri konsorsiumunda "Türk petrolları" da yer aldı. 1995-ci il dekabrın 7-9-da Türkiyə Prezidenti Süleyman Dəmirəlin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış birgə Bəyanat və iqtisadi əməkdaşlıq haqqında memorandum dostluq münasibətlərini müəyyənləşdirən prinsiplərin və əlaqələrin inkişaf istiqamətlərinin sarsılmaz olduğunu bir daha təsdiqlədi. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə toplantısında Azərbaycan Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Prezidenti Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzaladılar. Eyni zamanda "Şahdəniz" yatağında hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəqli üçün boru kəmərinin inşasına qərar verildi.
Prezident İlham Əliyevin dövründə də qardaş Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi saxlanıldı. Bu gün Azərbaycan və Türkiyə müttəfiq ölkələrdir. Siyasi-mənəvi dəstəyini ölkəmizdən əsirgəməyən qardaş ölkə hər zaman hərtərəfli əlaqələrin inkişafına böyük yardım göstərmiş, ölkəmizin dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında mühüm rol oynamışdır. Hər iki dövlət bütün beynəlxalq platformalarda bir-birilərinin ədalətli mövqelərini dəstəkləyir, birgə fəaliyyət göstərirlər. İki ölkənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri dünyanın diqqət mərkəzindədir. Məhz elə bu enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətləri əvvəlcə strateji tərəfdaşlıq, daha sonra isə strateji müttəfiqlik səviyyəsinə qaldırdı. 2010-cu ildə hər iki ölkənin prezidentləri səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası mexanizmi yaradıldı. 2021-ci il iyunun 15-də isə Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında" Bəyannamə imzalayaraq iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırılmasını təmin etdilər.
Həyatın bütün sahələrində, o cümlədən siyasi, iqtisadi, hərbi, mədəni, humanitar, idman sahələrində əməkdaşlıq yüksək səviyyədə davam etdirilir və ölkələrimizin maraqlarına xidmət edir. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən daha yüksək qiymətləndirilir. Həmin dövrdə Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycanın yanında olduğunu bəyan etdi. Bu barədə Azərbaycan Prezidenti yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində demişdir: "Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun".
Hazırda işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır. Bu işlərdə Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Fəxrlə deyə bilərik ki, türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyəyə çatıb.
Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin mövcud səviyyəsi bu iki dövlətin mənafeyinə xidmət etməklə həm də regional və beynəlxalq sülhə və rifaha töhfələr verir.
Mehparə ƏLİYEVA,
"Respublika".