Azərbaycan ilə Pakistan arasında diplomatik münasibətlərin zəngin tarixi var. Hər iki dövlət mədəni, siyasi, iqtisadi və humanitar inkişafın mühüm aspektlərində bir-birini dəstəkləyir. Bakı ilə İslamabad arasında ikitərəfli münasibətlər və strateji tərəfdaşlıq yüksələn xətlə inkişaf edir və regionda sülhə töhfə verir. Diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Pakistanın Azərbaycandakı səfirliyi 1993-cü il martın 12-də, Azərbaycanın Pakistandakı səfirliyi isə 1997-ci il avqustun 24-də açılıb.
Azərbaycan 1918-ci ildə müstəqilliyini əldə etməklə müsəlman dünyasının ilk Demokratik Respublikasına çevrildi. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan istər sosial-iqtisadi həyatda, istərsə də hərbi-siyasi sahədə böyük təlatümlər dövrünə qədəm qoydu. Və yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra dövlətçiliyimiz xilas oldu, ölkə hərc-mərclik və xaosdan qurtularaq tarixinin ən möhtəşəm dövrünə daxil ola bildi. Məhz ümummilli liderin əvəzsiz xidmətləri sayəsində bir çox ölkələrlə, xüsusilə də Pakistanla münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəldi.
Azərbaycan və Pakistan son 31 il ərzində həmişə qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlər nümayiş etdirib, iki ölkə ən yüksək və nüfuzlu beynəlxalq platformalarda bir-birini dəstəkləyib. Bu əməkdaşlıq diplomatik müstəvidən iqtisadi sahəyə, hərbidən humanitar sferalara qədər bütün istiqamətləri əhatə edir. Hər iki dövlət bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Bunu Pakistanın Xocalı soyqırımını tanıması, İslam Respublikasının keçmiş Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyindən çıxış etməsi və ya Kəşmir problemi kimi sahələrdə görmək olar. Xüsusilə qeyd edilməlidir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun erməni işğalçılarını darmadağın etdiyi 44 günlük Vətən müharibəsində Pakistan da qardaş Türkiyə qədər Azərbaycanın yanından oldu, siyasi-mənəvi dəstəyini nümayiş etdirdi.
Azərbaycan və Pakistan belə nadir dövlətlər sırasındadır ki, onların əsas maraqları insanların yaşayış səviyyəsinin yüksəldilməsi, fundamental hüquqların müdafiəsi, yüzilliklər ərzində formalaşmış milli-mənəvi dəyərlər sisteminin qorunub saxlanılması və inkişaf etdirilməsi, eləcə də iqtisadiyyatını və hərbi qüdrətini gücləndirməkdir. Azərbaycan və Pakistan arasında əlaqələr yalnız strateji tərəfdaşlıqdan ibarət deyil - ölkələrimiz mədəniyyət, iqtisadiyyat və diplomatiya sahələrində də uğurlu əməkdaşlıq edir. Azərbaycan və Pakistan cəmiyyətləri bir-biri ilə əlaqələri inkişaf etdirir və qarşılıqlı surətdə humanitar yardımlar göstərir. Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Azərbaycanın Pakistanla əlaqələri sarsılmaz və möhkəmdir.
Hər iki dövlət müxtəlif beynəlxalq platformalarda, məsələn, BMT-də əməkdaşlıq edir. Azərbaycan və Pakistan xüsusilə iqtisadi və hərbi sahədə əməkdaşlıq üçün böyük potensiala malikdir. Ölkələrimiz həm də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) və İslam Konfransı Təşkilatının (İƏT) üzvüdür. Hər iki ölkənin dövlət və hökumət başçıları arasında tez-tez qarşılıqlı səfərlər olur. Belə səfərlərin birində, 2015-ci ildə Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı olan "Hilal-e-Pakistan" ordenini təqdim edib.
Azərbaycan və Pakistan müstəqillik əldə etdikdən sonra fövqəladə təhlükəsizlik problemləri ilə üzləşib. Azərbaycan 2020-ci ilə qədər Ermənistan tərəfindən Qarabağ və ətraf yeddi rayonun işğalına məruz qalmışdı, Pakistanın isə Hindistanla Kəşmirə görə ərazi münaqişəsi hələ də davam edir. Bu keçmiş və mövcud problemlər, gərginliklər hərbi potensialın inkişafına diqqət yetirməyi tələb edir. Beləliklə, hərbi əməkdaşlığın gücləndirilməsi hər iki dövlətin strateji maraqlarına uyğundur. Pakistan və Azərbaycan arasında müvafiq sazişlə təmin edilən hərbi əməkdaşlıq birgə hərbi təlimlərin keçirilməsini nəzərdə tutur. Bu saziş çərçivəsində Azərbaycanın Hərbi Dəniz Qüvvələri Pakistanda Ərəb dənizində keçirilən çoxmillətli - 2013 hərbi dəniz təlimlərində dəfələrlə iştirak