Məlum olduğu kimi, 2022-ci ildə Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi baş tutdu. Mərasimdə Prezident İlham Əliyevin də iştirakı Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlığın yüksək səviyyədə inkişafının göstəricisidir. Bundan başqa, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin qeyd etdiyi məqamlar Cənub Qaz Dəhlizinin Avropanın enerji xəritəsini dəyişdiyini bir daha təsdiqləmişdir. Çünki bu qaz kəmərinin işə salınması Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövrün başlanğıcını səciyyələndirir. Demək yerinə düşər ki, Azərbaycanın iqtisadi sahədə irəliləyişində 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin müstəsna rolu olmuşdur. Sözügedən müqavilə dünyanın enerji xəritəsini yeniləməklə yanaşı, ölkəmizin Avropa bazarında etibarlı neft ixracatçısı kimi coğrafiyasını genişləndirməsinə də zəmin yaratmışdır.
Dövlət başçısı İlham Əliyevin bu il aprelin 25-də Bolqarıstana işgüzar səfəri zamanı Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması ölkəmizin iqtisadi sahədəki uğurlarının davamı kimi xarakterizə edilə bilər. Prezident İlham Əliyevin imzalanma mərasimində söylədiyi fikirlər atılan addımların ölkələrarası əlaqələri daha da möhkəmləndirdiyini təsdiqləmişdir: "…Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Enerji komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan "Strateji Tərəfdaşlıq haqqında" Bəyannamə və ya sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var…". Bu, həmçinin Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlığın təzahürüdür. Yeni dünya düzəninin formalaşdığı, eləcə də Rusiya-Ukrayna müharibəsinin davam etdiyi dövrdə Avropanın enerji bazarında Azərbaycan təbii qazına tələbat durmadan artmaqdadır. Hazırda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya və Rumıniyaya da ixrac edilir. Daha bir qeyd etməli olduğumuz məqam isə Azərbaycanın qaz təchizatı sahəsində coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə qədər genişləndirməsi istiqamətində atılacaq addımlardır. Əlavə qaz tədarüklərinin isə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın "Həmrəylik Halqası" adlandırılan və yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Bütün bunlar "Həmrəylik Halqası"nın geniş planlarının icrasında mühüm rol oynayacağının təsdiqidir. Qeyd edək ki, Bolqarıstanın təklif etdiyi və Avropa Komissiyası tərəfindən də yüksək qiymətləndirilən "Həmrəylik Halqası" təşəbbüsü Avropa İttifaqına (Aİ), Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır. Bu baxımdan, "Həmrəylik Halqası" təşəbbüsünün reallaşması ilə Azərbaycan qazının etibarlı şəkildə Avropa İttifaqına üzv ölkələrə çatdırılması mümkün olacaqdır. "Həmrəylik Halqası", həmçinin regionun digər ölkələrinin də bu təşəbbüsə qoşulması üçün əlverişli şərait yaradır.
İndiki dövrdə bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasının da əsas çağırışlar sırasında olduğunu görmək mümkündür. Azərbaycan isə bu sahədə böyük potensiala malikdir. Həmin fakt digər əməkdaşlıq etdiyimiz ölkələr tərəfindən də təsdiqlənmişdir. İmzalanan Anlaşma memorandumları Azərbaycanın Avropa dövlətləri üçün önəmini daha da artırır. Həmçinin, Avropa Komissiyası ilə imzalamış olduğu Anlaşma Memorandumuna əsasən Azərbaycan 2027-ci ilədək qitə dövlətlərinin təbii qaza olan ehtiyacını ən azı iki dəfə artırmağı proqnozlaşdırır. TANAP ilə təbii qaz nəqlinin 16 milyard kubmetrdən 32 mil