Müasir müstəqil, qalib Azərbaycan bu gün möhtəşəm uğurları ilə dünyanı heyrətləndirir. Bu günümüzün reallıqlarını düzgün dəyərləndirmək üçün daim keçilən yolun təhlili bir zərurət kimi qarşımızda dayanır. Bir mühüm məqamı da nəzərə alsaq ki, 2023-cü il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev İli" elan edilib, bu halda Azərbaycanın bu günü üçün kimə borclu olduğumuzu hazırkı və gələcək nəsillərə çatdırmaq üçün daha geniş imkanlar yaranır. Dahi şəxsiyyətin fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istər Naxçıvan mərhələsi, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Ümummilli liderin fəaliyyəti ilə bağlı nə qədər kitablar çap olunub, araşdırmalar aparılıb. Arxada qalan hər bir il bu istiqamətdə mühüm yeniliklərin, yeni istiqamətlərin araşdırılması ilə yadda qalır. Heydər Əliyev və Azərbaycan məfhumlarının birgə ifadə olunması ulu öndərin xidmətlərinin aydın mənzərəsini yaradır.
Ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə necə görmək istədiyini açıqlamışdır. Azərbaycanı müstəqil, qüdrətli görmək onun ən böyük arzularından biri idi və buna nail olacağımıza əminliyini atdığı addımlarla təsdiqləyirdi. Belə ki, Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması və sair kimi addımlar bu günümüzə hesablanmışdır. Dahi şəxsiyyətin hakimiyyətinin birinci dövründə yaradılan möhkəm təməl 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın davamlı uğurlarında öz sözünü dedi. Belə ki, Azərbaycan hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadi tərəqqiyə 1969-1982-ci illərdə nail olmuşdur. Ölkəmiz qısa zamanda keçmiş İttifaq respublikaları arasında ön yerdə dayandı. Ulu öndər Heydər Əliyev fəaliyyətinin Naxçıvan mərhələsində də Azərbaycanın bu günü və gələcəyi üçün mühüm qərarlar qəbul edib, təşəbbüslər irəli sürmüşdür. Dahi şəxsiyyət 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdi. Ümummilli liderin Naxçıvanda qəbul etdiyi qərarlar, atdığı addımlar müstəqil Azərbaycanın bugünkü və gələcək inkişafı üçün baza rolunu oynadı. Naxçıvan MSSR-in adının dəyişdirilməsi, dövlət atributları olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərarların qəbulu da deyilənlərin təsdiqidir.
Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür. 1991-ci il 18 oktyabr tarixində Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə idarəçilik qabiliyyəti olmayan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoydu. Belə çətin məqamda xalq öz xilaskarını - ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qısa müddətdə ölkədə sabitliyi bərpa etdi. Sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa hansısa sosial-iqtisadi layihələrin həyata keçirilməsindən danışmaq mümkün deyil. Ulu öndər zəngin dövlətçilik təcrübəsindən, idarəçilik qabiliyyətindən bəhrələnərək Azərbaycanı yenidən qurdu. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Son iki ildən artıq dövrdə ölkəmizin müasirliyinə, müstəqilliyinə qalibiyyəti də əlavə olundu. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ümummilli liderin arzusunu reallığa çevirdi. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, torpaq həsrətimizə son qoyuldu.