Bu il yaranmasının 105-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan ədliyyəsinin cənab İlham Əliyevin prezidentliyi dövrü ədliyyə sahəsində dövlət idarəetməsinin və ədliyyə orqanlarının inkişafının keyfiyyətcə yeni müasir mərhələsini təşkil edir. Belə ki, "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında" Əsasnamə məhz dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş, ədliyyə orqanlarında və penitensiar xidmətdə qulluqkeçmənin qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edən "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" 26 may 2006-cı il tarixli Qanun Prezident İlham Əliyevin imzası ilə qüvvəyə minmişdir. Dövlət başçısının "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərmanı isə ölkəmizdə ədliyyə orqanlarının təkamülü tarixində yeni səhifə açmışdır.
Ədliyyə Nazirliyinin fəaliyyəti müasir çağırışlara uyğun inkişaf istiqamətində irəliləmişdir. Nazirliyin ənənəvi fəaliyyət istiqamətləri ilə yanaşı, ötən zaman ərzində müxtəlif dövlət reyestrlərinin aparılması probasiya institutu, özəl məhkəmə ekspertizası və alternativ icra mexanizmlərinin təşviqi, rəqəmsal innovasiyaların geniş tətbiqi və digər yeniliklər dövlət başçısının tapşırıqlarına uyğun olaraq nazirliyin yeni funksiya və səlahiyyətlərinə aid edilmişdir.
Ölkə başçısının ədliyyə sahəsində idarəetmə siyasətinin ən uğurlu nəticələrindən biri respublikamızda ilk dəfə regional ədliyyə idarələrinin yaradılması və onların səmərəli fəaliyyətinin təmin edilməsidir. Ölkəmizdə regional ədliyyə idarələri müvafiq ərazi vahidlərində ədliyyə qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə qurumlarına müraciət etmək imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılmışdır.
Regional ədliyyə idarələri müvafiq ərazi vahidlərində ədliyyə qurumlarının işini əlaqələndirərək onların fəaliyyətinə nəzarət etməklə, Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə ibtidai istintaq aparmaqla, mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsində iştirak etməklə və bir sıra digər mühüm istiqamətlərdə fəaliyyət göstərməklə ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edir. Hazırda ölkə ərazisində Sumqayıt, Şəki, Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir, Gəncə regional ədliyyə idarələri fəaliyyət göstərir. 2020-ci ilin noyabr ayının 12-də isə Qarabağ regional ədliyyə idarəsi təsis edilmişdir.
İlham Əliyevin prezidentliyi dövründə ardıcıl və uğurla aparılan məhkəmə-hüquq islahatları xüsusilə qeyd edilməlidir. Bu sahədə ilk mühüm qərarlardan biri dövlət başçısının 19 yanvar 2006-cı il tarixli Fərmanı olmuşdur. Fərmana əsasən regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələr yaradılmış, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması ilə bağlı məqsədyönlü tədbirlər görülmüşdür.
Eyni zamanda, müasir dövrdə geniş vüsət alan informasiya-kommunikasiya texnologiyalarının dövlət idarəçiliyində tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları xeyli asanlaşmış, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artmış, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafına etibarlı zəmin yaranmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyaların tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə dövlət başçısının 13 fevral 2014-cü il tarixli Sərəncamı ilə ölkəmizdə "Elektron məhkəmə" informasiya sistemi yaradılmış, bununla bağlı ötən dövrdə görülmüş əməli tədbirlər nəticəsində e-məhkəmənin bütün ölkə üzrə tam tətbiqinə nail olunmuşdur.
Ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanı bu sahədə mühüm "yol xəritəsi" olmuş, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət etmişdir.
Fərmanın icrası üzrə qısa müddətdə kompleks tədbirlər həyata keçirilərək inzibati və kommersiya məhkəmələri yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdır. Eyni zamanda, məhkəmə icraatında çevikliyin təmin edilməsi, işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı qanunvericiliyə əsaslı dəyişikliklər edilmiş, sadələşdirilmiş və yazılı icraat genişləndirilmiş, proseslərdə videokonfrans və elektron icraat, habelə məhkəmə rüsumlarının differensiasiyası tətbiq olunmuşdur.
Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülmüş, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklər nəticəsində bir çox əməllər dekriminallaşdırılmış, bəzi cəzalar yüngülləşdirilmişdir. Fərmanla həmçinin, hakimlərin sayı 200 vahid artırılmış və bununla bağlı seçim prosesi davamlı xarakter alaraq vakant ştat vahidləri yeni nəsil hüquqşünaslarla komplektləşdirilir.
Bütün bu tədbirlər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan hərtərəfli islahatların mühüm tərkib hissəsi olmaqla ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafına, müasirləşməsinə, insanlara daha keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, ictimai etimadın və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Peşə bayramını qeyd edən hər bir ədliyyə əməkdaşı ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməklə dövlətimizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirəcək, günün tələblərinə uyğun xidmət göstərəcək, bundan sonra da dövlətçiliyimizin qorunması, Azərbaycan ədliyyəsinin davamlı inkişafı naminə səylə çalışacaq və tariximizin möhtəşəm zəfər salnaməsini gələcək nəslə qürurla ötürəcəkdir.
İsgəndər ORUCOV,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
İmişli Regional Ədliyyə İdarəsinin rəisi.