Azərbaycan diplomatiyasının uğur tarixi: Lissabon sammiti
Siyasət

Azərbaycan diplomatiyasının uğur tarixi: Lissabon sammiti

ATƏT-in 1994-cü ildə keçirilən Budapeşt zirvə görüşündə diplomatik üstünlük qazanan Azərbaycan bu üstünlüyü 1996-cı il 2-4 dekabr tarixində Portuqaliyanın paytaxtı Lissabonda qələbəyə çevirdi. ATƏT-ə (o dövrdə ATƏM) üzv olan 54 dövlətdən 53-ü ölkəmizin milli mənafeyini əks etdirən prinsipləri dəstəklədi. Bu baxımdan, Lissabon sammiti Azərbaycanın diplomatik qələbəsinin başlanğıc nöqtəsi hesab olunur.

Tarixi ədalətin bərpasını təmin edən mühüm amillərdən biri uğurlu diplomatiyanın həyata keçirilməsidir. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan düzgün strategiya seçərək ilk öncə diplomatiya sahəsində qələbəni təmin etdi. Azərbaycan ordusu 44 günlük müharibədə işğalçılara qalib gələrək - onları döyüş meydanında darmadağın etməklə torpaqlarımızı azad etdi. Lakin onu da qeyd etmək lazımdır ki, ölkəmizin ərazi bütövlüyünün bərpası diplomatiya sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir. Uğurlu xarici siyasət kursunun həyata keçirilməsi, dərin strateji diplomatiya, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində möhkəm dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşması, müttəfiqlərinin sayının artması və sair bu kimi amillər Azərbaycanın müstəqil dövlətə çevrilməsinə şərait yaratmışdır. Ermənistanın ərazilərimizi işğal etməsi, vətəndaşlarımızın deportasiya olunması məsələlərinin dünyanın diqqətinə çatdırılması ən önəmli amillərdən biri idi. Azərbaycan həqiqətlərinin beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. İstər ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə, o cümlədən zirvə görüşlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanatlar verilməsinə nail olmuşlar ki, bu da ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin etmişdir. Diplomatiyada qələbənin əldə edilməsi və onun daha sonra cəbhədəki Zəfərlə nəticələndirilməsi ən ali məqsəd idi. Buna baxmayaraq, ölkəmiz bütün dövrlərdə münaqişənin sülh yolu ilə həllini dəstəkləmişdir. Xarici siyasətin inkişaf etdirilməsi münaqişənin həll olunması üçün açar idi. Bu baxımdan, 1996-cı il dekabrın 2-4-də ATƏT-in Lissabon sammitində Azərbaycanın nailiyyətini xüsusi qeyd etmək lazımdır. Ekspertlər haqlı olaraq Lissabon sammitini diplomatik qələbələrin başlanğıcı kimi qiymətləndirirlər. Bu kontekstdə bir neçə məqama xüsusi diqqət yetirmək yerinə düşər.

Zirvə toplantısında çıxış edən ümummilli lider Heydər Əliyev Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyib, bu ölkənin əzəli Azərbaycan torpağı olan Qarabağı ələ keçirmək məqsədilə ölkəmizə təcavüz etdiyini, nəticədə ərazilərimizin 20 faizinin işğal olunduğunu dünya dövlətlərinin diqqətinə çatdırıb.

Lissabon sammitinin yekun sənədində münaqişənin həllinin əsasını təşkil etməli olan prinsiplər tövsiyə olunub və Ermənistan ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə ölkə olub. Başqa sözlə, Ermənistan konsensus prinsipindən sui-istifadə edərək sammitin bəyannaməsində əksini tapan müddəalardan birinə - münaqişənin həlli prinsiplərini özündə əks etdirən 20-ci maddəyə veto qoyub. Ulu Öndər Heydər Əliyev həmin maddənin bəyanatın mətnindən çıxarılmasına kəskin etirazını bildirərək sammitin bütün sənədlərinə veto qoyacağını bəyan edib. Uzun və gərgin müzakirələrdən sonra konsensus əldə olunub ki, 20-ci maddədə əksini tapan bütün prinsiplər ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatında təsbit edilməlidir. Bəyanatda deyilir: "Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinin tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə ediblər. Bu prinsiplər Minsk qrupunun üzvü olan bütün ölkələr tərəfindən müdafiə olunur". Mövzu ilə bağlı münaqişənin həlli məsələsi, Azərbaycanın milli maraqlarına uyğun olan məsələlər və ölkəmizin ərazi bütövlüyünün qətiyyətlə dəstəklənməsi öz əksini tapıb.

Lissabon uğuru növbəti diplomatik qələbələrimizin əsasını təşkil etdi. Davam edən illər ərzində neçə-neçə görüşlər keçirildi. Valday, Münxen, Vaşinqton, Paris və digər şəhərlərdə baş tutan dialoqlarda Lissabon zəfərinin ab-havası terrorçu Ermənistanı həmişə bir addım arxaya atdı. Azərbaycan isə öz haqq işini diplomatik üstünlüyün də əldə olunması ilə cəbhədə təmin etdi. Nəticədə erməni lobbisinə alət olan bəzi riyakar dövlət və qurumlar istisna olmaqla bütün dünya haqq səsimizə səs verdi. Bu baxımdan, ulu öndər Heydər Əliyevin Lissabon səfəri ölkəmizi qələbəyə aparan ən mühüm istiqamətlərdən biridir.

Tacir SADIQOV,

"Respublika".