Regionda lider dövlətə çevrilən Azərbaycan dünyanın önəmli enerji ixracatçısıdır. Ölkəmiz özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilmişdir. Qlobal xarakterli transmilli layihələrin mərkəzi kimi çıxış edən Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin gerçəkləşdirilməməsi buna əyani sübutdur. Bununla yanaşı, Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsinin dəstəkləyicisi və təminatçısıdır. Xarici investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması beynəlxalq çərçivədə əməkdaşlığın səmərəli nəticələridir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri ölkəmizin Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edirlər.
Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti mühüm rol oynamışdır. Digər tərəfdən, ölkəmiz enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir.
Mənfur düşmənlərimizi belə regional əməkdaşlığa çağıran, lakin müsbət cavab almayan Azərbaycan dünyanın bir çox dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurub. Ölkəmiz həm də sabit və etibarlı imici ilə də dünyada diqqəti öz üzərinə çəkir. Buna görə də ekspertlərin "Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır" qənaəti hər kəs tərəfindən qəbul edilən amildir. Bu, enerji sahəsində Azərbaycanın tərəfdaşlarının gələcəyə hesablanmış təminatıdır. Bu baxımdan, "Əsrin müqaviləsi"nin imzalanması və bunun timsalında müxtəlif enerji layihələrinin reallaşdırılması göstərir ki, Azərbaycan hələ uzun illər enerji təminatçısı kimi cəlbedici olaraq qalacaqdır.
Rusiya-Ukrayna müharibəsinin fonunda Avropanın üzləşdiyi enerji problemi Azərbaycan tərəfindən qarşılanmaqdadır. Xüsusən də müxtəlif kanallar vasitəsilə Avropanın qazlaşdırılması prosesi ölkə iqtisadiyyatında önəmli rol oynayır. Trans-Anadolu Boru Kəməri (TANAP) Azərbaycan qazını Gürcüstan vasitəsilə Türkiyə-Yunanıstan sərhədinə kimi çatdırır. Bu kəmərin uzunluğu 1850 km, ilkin ötürmə gücü il ərzində 16,2 milyard kubmetrdir. Trans-Adriatik Boru Kəməri (TAP) isə Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədindən Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya çatdırır. Bu kəmərin uzunluğu 878 km, ilkin ötürmə gücü il ərzində 10 milyard kubmetrdir. Yəni Avropanın bilavasitə qazlaşdırılması bu prinsip əsasında gerçəkləşdirilir. 31 dekabr 2020-ci ildə Azərbaycan təbii qazının tam şəkildə Avropa bazarlarına çatdırılması uğurlu tərəfdaşlıqların əsasını qoymuş oldu. Qeyd edək ki, hər iki layihənin ümumi dəyəri 12 milyard dollar təşkil edir. Dünyanı bürüyən iqtisadi-siyasi böhranın davam etməsinə rəğmən, Azərbaycan cənab İlham Əliyevin uğurlu iqtisadi siyasətinin sayəsində TAP, TANAP və digər qlobal layihələrin reallaşması üçün lazım olan bütün addımları atır.
Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr təbii qaz ixrac edərək regional əhəmiyyətini statistik göstəricilərlə də təsdiqləmiş olur. Qeyd etmək lazımdır ki, bu il Azərbaycanın 24,5 milyard kubmetrdən çox qaz ixrac edəcəyi proqnozlaşdırılır.
Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələr yeni dünya düzəninin formalaşdığı bir vaxtda olduqca önəmlidir. Ölkəmizlə qurumda təmsil olunan dövlətlər arasında bu günədək imzalanan strateji tərəfdaşlıq haqqında sazişlərdə iqtisadi sahədə ikitərəfli əlaqələrin genişləndirilməsini özündə ehtiva edən maddələrin yer alması bu aspektdən reallaşmış və reallaşacaq lahiyələrin əhəmiyyətini göstərir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Aİ-nin Cənubi Qafqazda ümumi ticarət dövriyyəsində Azərbaycan üstün mövqeyə malikdir. Bütövlükdə, ölkəmizin ixrac partnyorları arasında Aİ-nin üzvü olan İtaliya 48 faiz payla birinci sırada gəlir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin üçdəikisi Azərbaycanın payına düşür. Prezident İlham Əliyev Sofiyada "