1990-cı il noyabrın 21-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi
Çətin və mürəkkəb tarixi proseslərdə bir millət kimi varlığını təsdiqləyən, dövlətçiliyinin, milli-mənəvi dəyərlərinin qorunub gələcək nəsillərə ötürülməsi üçün əsrlər boyu mücadilə aparan Azərbaycan xalqı zamanın gərdişində üzləşdiyi ağır sınaqlarda millətin, dövlətin müqəddəratını həll edə biləcək şəxsiyyətlər yetirmiş və məhz bu işıqlı insanların sayəsində minilliklərin sınağından qətiyyətlə, cəsarətlə çıxmışdır. Müqəddəs bayrağımız, dilimiz, dinimiz, istiqlaliyyətimiz yolunda qəhrəmanlıqlarla zəngin tariximizə əsrlər, qərinələr şahidlik etmişdir.
Müasir tariximizdə xilaskarlıq missiyasını öz üzərinə götürən dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev xalqın tarixi yaddaşının özünə qaytarılmasının, dövlətçilik ənənələrinin güclənməsinin, mənəvi dəyərlərin dirçəldilməsinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının təməlini hələ 70-ci illərdə respublikamıza ilk rəhbərliyi dövründə qoymuş, fəaliyyətinin bütün mərhələlərində, tarixi məqamlarda xalqını düçar olduğu bəlalardan qoruyan əvəzolunmaz liderə çevrilmişdir. Bəli, millətin içindən çıxan, çətin günündə xalqının yanında olan, ona arxalanan və eyni zamanda ondan güc alan qüdrətli şəxsiyyət Heydər Əliyev əbədiyaşar lider statusunu qazanmışdır.
Tarix hər bir xalqı, dövləti gözlənilməz hadisələrlə çınağa çəkir və keçilməsi o qədər də asan olmayan bu tarixi şəraitdə millətin millət olması, dövlətçiliyin qorunub saxlanması böyük sual altına düşür. Heç kim və heç nə ilə hesablaşmayan zaman xalqımızı ötən əsrin sonlarında növbəti dəfə sınadı. Müstəqilliyini yenidən bərpa etmiş ölkəmizdə həmin illər xaos, parçalanmaq, vətəndaş qarşıdurması ilə xarakterizə olunur.
Dövlət müstəqilliyinin ilk illərində respublikada baş verən hadisələr, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya bir daha təsdiqlədi ki, dövlətin müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Belə ki, 1991-ci ildə dövlətimiz müstəqilliyini bərpa etsə də bu, formal xarakter daşıyır, xalqımız 70 illik rus boyunduruğundan xilas ola bilmirdi. Həmin illərdə hakimiyyətdə səriştəsiz siyasi qüvvələrin olması ölkə daxilində böhrana, xaos və anarxiyaya, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququ və ictimai asayişin qorunmasında saysız-hesabsız problemlərə səbəb olmuşdu. Ayrı-ayrı "siyasətçilərin" qanunsuz silahlı dəstələr yaratması, özbaşınalığın hökm sürməsi hakimiyyəti bünövrədən sarsıtmışdı. Belə şəraitdə nəinki hüquqi dövlətdən, müstəqillikdən, hətta Azərbaycanın bir dövlət kimi mövcudluğundan belə danışmaq mümkün deyildi. Daxili və xarici düşmənlərin dəstəyi ilə Ermənistanın tarixi torpaqlarımızın 20 faizindən çox hissəsini işğal etməsi deyilənlərin açıq-aydın təzahürü idi.
XX əsrin sonlarında azərbaycanlıların öz tarixi torpaqlarından növbəti kütləvi deportasiyası həyata keçirildi, Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri baş qaldırdı. SSRİ rəhbəri M.Qorbaçov Azərbaycanın tarixi ərazisi olan Qarabağı Ermənistanın tərkibinə daxil etmək üçün müxtəlif yollara əl atırdı. 1989-cu ildə Moskvanın himayədarlığı ilə Ermənistan Azərbaycan Respublikasının suverenliyini pozaraq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi və burada fəaliyyət göstərən bütün müəssisələr Azərbaycandan ayrılaraq Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Rayon partiya komitələri Ermənistanın tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları - bayrağı, gerbi, himni və s. dəyişdirildi və keçmiş DQMV ərazisində Ermənistanın bayrağı və gerbi asıldı. Bununla da Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan edərək soydaşlarımızı öz doğma torpaqlarından zorakılıqla deportasiya etdi. Sovet hökuməti tərəfindən xalqımıza göstərilən haqsızlığa etiraz əlaməti olaraq Bakıda və bəzi bölgələrdə yürüşlər təşkil olundu, mitinqlər keçirildi. Mərkəzi hakimiyyət tərəfindən Qanlı Yanvar faciəsinin əsası da həmin vaxtlarda qoyuldu.
Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Rus hərbçiləri gözyaşardıcı qazdan istifadə edir, əliyalın insanları, yaşayış evlərini, təcili yardım maşınlarını, şəhər nəqliyyatını avtomat silahlardan atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, qoca, uşaq, qadın demədən insanları tanklarla əzib keçirdilər. Şəhərin küçələri günahsız insanların qanına qərq olmuşdu. Əsgərlər tibb müəssisələrini mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha sübut etdi. Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirov yanlış siyasəti, səhv addımları, yarıtmaz fəaliyyəti ilə xalqın qırğınına səbəb oldu. Lakin Sovet imperiyası Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməklə günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də istəyinə nail ola, Azərbaycan xalqının milli qürurunu qıra bilmədi. O vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi: "...Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır... Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir...". Bəyanatında M.Qorbaçovu ittiham edən Heydər Əliyev sovet ordusunun Azərbaycandan çıxarılmasını, qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını qətiyyətlə tələb edərək Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri olan Azərbaycana mərkəzdən əlavə qoşun yeritməyə qətiyyən ehtiyac olmadığını, əgər belə bir zərurət var idisə ölkənin hərbi hissələrindən istifadə edilməli olduğunu bildirmişdir. Ulu öndər 20 Yanvar qırğınını törədənlərin hər birinin layiqli cəzasını alacağını bəyan etmişdir.
1990-cı il iyul ayının 20-də Bakıya, iki gün sonra isə Naxçıvana gələn ümummilli liderin bu ağır zamanlarda xalqının imdadına yetişməsi həm daxili, həm də xarici düşmənləri ciddi təşvişə saldı. Heydər Əliyev mövcud problemləri öz qətiyyəti, əqli, zəkası ilə yoluna qoyur, xalqının nicatı üçün yorulmadan, usanmadan çalışırdı. Onun Naxçıvanda yenidən siyasi fəaliyyətə başlaması isə təkcə muxtar respublikanı düşdüyü çətin vəziyyətdən qurtarmadı, ulu öndər həm də 1990-1993-cü illərdə Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm tarixi qərarları da məhz Naxçıvanda qəbul etdi. O cümlədən Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Naxçıvan MR Ali Məclisinin tarixi qərarında deyilirdi: "Yanvar faciələrinin səbəbkarlarının - istər ittifaq, istərsə də respublika rəhbər partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək və insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərara alır ki, 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin".
Mehparə ƏLİYEVA,
"Respublika".