Azad torpaqlarımızda əbədi yaşayacağıq
Siyasət

Azad torpaqlarımızda əbədi yaşayacağıq

Qarabağ və Şərqi Zəngəzurdan gələn xoş sədalar insana qol-qanad verir

"Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa  tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir,  biz Şuşanı dirçəldirik". 2021-ci il avqustun 30-da  baş tacımız Şuşada işğaldan azad  edildikdən sonra ilk dəfə Vaqif Poeziya Günləri keçirilirdi.  Yuxarıda qeyd etdiyimiz fikirləri  də açılış zamanı Azərbaycan Prezidenti İlham Əliyev söyləmişdi, qürurla, fəxrlə.

Bəli, 30 il xəyallarda dolaşan, bu gün varlığına qovuşan, hər ağacı, daşı tarix olan Şuşamız o illərdə ayrı düşdü anasından, Xarıbülbül qərib düşdü doğma yuvasından. İllərlə əsir qaldı Şuşa, ayağı zəncirləndi, taleyimizdən, bəxtimizdən, qismətimizdən küsdük. Qarabağ boyda dərdə dözmək üçün Tanrıdan səbir dilədik, ədalət aradıq: "Allah götürməz!" dedik yaşadığımız faciələri: "Dünyada ədalət yoxdur!" - dedik: "Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq", - deyirdi dövlət başçısı 1982-ci il iyulun 29-da ulu öndər Heydər Əliyevlə birlikdə Vaqif Poeziya Günlərinin ilk açılış tədbirində yaşadığı xoş xatirələrin işığında, artıq azad Şuşada. İllərlə düyün-düyün edilmiş o zəncirləri cəmi 44 günə qırdı Azərbaycan əsgəri, yaraları sağaldı, ağrı-acısı azaldı, xoş növrağı, quruculuq işləri başladı. Hər şey planlı şəkildə aparıldı və aparılır, Şuşanın tarixi siması saxlanılmaqla, onun tarixi görkəminə xələl gətirilmədən. Burada hər bir tikili əvvəlkindən daha keyfiyyətli bərpa edilir, tarixi-mədəni irsinə ikinci həyat verilir. Çünki: "Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz", - deyib dövlət başçısı.

Şuşaya mütəmadi səfərlər edən Prezident burada yeni-yeni obyektlərin açılışını edir, təməlini qoyur. Dekabrın 22-də Şuşada səfərdə olan dövlət başçısı burada "Saxsı" bulağında oldu. Orada görülən işlər barədə Prezidentə məlumat verildi. Bildirildi ki, bulaq Şuşa şəhərinin şimal-qərb hissəsində, təxminən 5 kilometr məsafədə, Şuşa-Laçın yolunun üzərində yerləşir. Suyu səfalı olduğundan həmişə qonaqlı-qaralı olub. İnsanlar həmişə buraya istirahət etmək üçün gəliblər. İşğaldan əvvəl bulağın üstündə restoran tikilib, onun suyunun axıb getməsi üçün metal borulara salınıb. Bəzi məlumatlara görə, bulaq metal boruya salınmazdan əvvəl saxsı borulardan süzülüb gəldiyi üçün ona "Saxsı" bulağı adı verilib. İşğaldan sonra ərazi baxımsız qaldığı üçün dağıdılıb.

Prezident həmin gün Şuşadakı "Turşsu" bulağında da olub. Qeyd edək ki, Turşsu qəsəbəsinin yaxınlığında yerləşən bulağın suyu faydalı mikroelementlərlə zəngindir və müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Dövlət başçısı Turşsu qəsəbəsinə də baş çəkib. İşğaldan əvvəl burada 755 nəfər yaşayıb, Şuşa şəhərindən sonra azərbaycanlıların ən sıx məskunlaşdığı ərazi olub. 1992-ci il mayın 15-də işğal edilən qəsəbədə fərdi evlər, kitabxana, məktəb, televiziyaötürücü qurğu, elektrik yarımstansiyası, uşaq bağçası, musiqi məktəbi, klub və digər binalar mövcud idi. Əhalinin məşğulluğu əsasən kənd təsərrüfatı sahəsində təmin edilib. İşğaldan sonra bütün infrastruktur dağıdılıb. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Hazırda Turşsu qəsəbəsində 353 ailə, 1403 nəfər qeydiyyatdadır.

Dövlət başçısı işğaldan azad olunmuş torpaqlara səfəri çərçivəsində Xocalı rayonunun Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində də olub. Bəli, illərlə düşmən tapdağı altında inləyən torpaqlar artıq üç ildir ki, azad nəfəs alır, qurulur, dirçəlir. Azərbaycan Prezidenti hələ 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə demişdi ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam... Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Azərbaycan lideri onun sözü ilə əməli arasında bu dəfə də heç bir fərq olmadığını sübuta yetirdi. Ərazi bütövlüyümüzü, sərhədlərimizi, suverenliyimizi bərpa etməklə son bir əsrlik tariximizdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olan Azərbaycan xalqı qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların el-obasına qayıdışını da təmin edir. İndi Qarabağa, Şərqi Zəngəzura köç karvanlarının ardı-arası kəsilmir. İnsanlar doğma yurdlarına dönürlər. O torpaqların hər qarışı bizim üçün əzizdir, ancaq qəlbimizdə Şuşanın yeri tam başqadır. Bu fikri də dövlət başçısı söyləyib. Şuşa öz görkəminə qayıdır. Azərbaycan liderinin, qalib sərkərdəmizin oraya səfəri, bu şəhərdə baş verən müsbət dəyişikliklər bizi sevindirdikcə, düşməni də xar edir, onun ağrılarını bir az da artırır. Axı fərqi görürlər... Bu fərqi bütün dünya görür. Şuşa qurulur əvvəlki siması saxlanılmaqla, müasirliklə keçmişin vəhdətində. Həm ənənəvi məhəllə forması, həm də spesifik memarlıq üslubu qorunub saxlanılmaqla.

Qarabağ və Şərqi Zəngəzur artıq çoxdan öz sakinlərinə qucaq açıb, unutdurur bütün ağrı-acıları. O yerlərdən gələn xoş sədalar insana qol-qanad verir və hər birimizdə əminlik yaradır: bundan sonra azad torpaqlarda əbədi yaşayacağıq.

Zümrüd QURBANQIZI,

"Respublika".