Avtomobil yolları iqtisadi tərəqqinin açarıdır
Digər xəbərlər

Avtomobil yolları iqtisadi tərəqqinin açarıdır

Əsədov Məhərrəm Soltan oğlu 1950-ci ildə Qubadlı rayonunun Xələc kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun Nəqliyyat fakültəsini bitirmiş və təyinatla Bakı şəhərində yerləşən Nazirlər Soveti yanında Baş Şose Yolları İdarəsində əmək fəaliyyətinə başlamışdır. Sonralar "Azəryollayihə" institutunda müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi texniki idarəsinin rəisi vəzifəsində çalışmışdır. Əmək fəaliyyəti dövründə 200-dən çox layihə və 18-dən çox səmərəli təklifin müəllifidir. Beynəlxalq Nəqliyyat Akademiyasının akademikidir. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Azəryolelmitədqiqatlayihə" insititutunda mühəndis vəzifəsində çalışır.

Ümummilli lider Heydər Əliyevin "Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir" müdrik fikri ölkəmizin yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyinin bir daha əyani sübutudur. Həyat təcrübəsi göstərir ki, ölkə iqtisadiyyatının inkişafı hərəkət sürəti ilə düz mütənasibdir. Bu səbəbdən, insanların həyatın bütün çətinliklərini dərk etməyə başladıqları zamanlardan etibarən sürətli hərəkəti təmin etmək onların ən böyük arzusu olmuşdur. Qədim dövrlərdə və orta əsrlərdə insanların biri-biri ilə xəbərləşməsi, sevincini və ya kədərini bölüşməsi, həmçinin ölkələr və şəhərlər arasında əhəmiyyətli məlumatların gecikdirmədən, vaxtında çatdırılması məqsədilə xüsusi təlim və qayğı görmüş atlara sahib olan çaparlardan istifadə edilirdi. Atlardan eyni zamanda yükdaşımalarda arabalara qoşqu vasitəsi kimi və müharibə zamanı xüsusi hərbi hissələrin tərkibində də istifadə edilirdi. Əvvəl arabaya bir, sonra isə böyük sürət üçün iki və daha çox at qoşulurdu. Bu, insanların qısa vaxt ərzində daha artıq yük daşımaq arzusundan irəli gəlirdi. Ancaq təbii və canlı qüvvələrdən istifadə edərək böyük sürət əldə etmək onları qane etmədi. İnsanlar mexaniki üsullarla böyük sürət əldə etmək üçün müvafiq tədqiqatlar aparmağa başladılar.

XIX əsrin sonunda insanların daha sürətli hərəkətə və böyük həcmdə yük daşınmasına olan ehtiyacı ödəmək üçün ilk nəqliyyat vasitələri - avtomobillər meydana gəldi. Böyük sürətə malik bu avtomobillərin gücü "At" gücü ilə ölçülməsi qəbul edildi. İlk avtomobillər çox böyük sürətə malik deyildilər. Bu, insanların böyük sürətlə hərəkət etmək arzusunu təmin etmədi. Beləliklə, illər sonra isə bu arzu avtomobillərin modernləşdirilməsini zəruri etdi. Belə ki, artıq müasir avtomobillərin sürəti saatda 280 kilometr, yükgötürmə qabiliyyəti isə 70-80 tona çatdırıldı. Ancaq bu sürət də insanları qane etmədi. Onlar qısa yolla və böyük sürətlə uçaraq getmək arzusuna düşdülər. Bu arzular onları təyyarə ixtira etməyə gətirib çıxardı. Sürətli hərəkət arzusu yenə bəs etmədi, onlar tədqiqat apararaq kosmik sürətlə hərəkət edən aparatlar və peyklər ixtira etdilər. Bu tədqiqatların aparılması və müasir avtomobillərin, aparatların, peyklərin ixtirası inkişaf etmiş qüdrətli ölkələrə məxsusdur. Hər bir ölkə öz iqtisadiyyatını yüksəltmək üçün yüksək sürət və ağır yükləri buraxma hədlərinə malik olan nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin edən avtomobil yollarına malik olmalıdır.

Buradan məlum olur ki, sürət cəmiyyətin inkişafının əsas meyarıdır. Bəli, sürət zamanla tərs mütənasibdir, ancaq iqtisadi inkişafla düz mütənasibdir. Nəqliyyat vasitələrinin sürətlə hərəkəti nəticəsində yol-nəqliyyat hadisələrinin sayının artmasına baxmayaraq, insanlar qorxmur və onların sürətli hərəkət arzusu heç vaxt sönməyəcəkdir. Bu isə insanlarda zamanı qabaqlamaq, az vaxtda daha çox səmərəli iş görmək və yüksək iqtisadi inkişafa nail olmaq istəyindən irəli gəlir.

Cəmiyyətin yaradıcılıq eşqi inkişaf etdikcə və iqtisadiyyat gücləndikcə, nəqliyyat vasitələrinin sayı da durmadan artmağa başlayır. İnkişaf etmiş ölkələrdə hər iki-üç adama bir avtomobil düşür. Nəqliyyat vasitələrinin artması mövcud avtomobil yollarının yenidən qurulmasına, hərəkət zolaqlarının sayının artmasına və yeni yolların tikilməsinə səbəb olur. Bu vəziyyətdə avtomobil yollarında (lazımi sayda) nəqliyyatın keçməsini təmin etmək üçün hərəkət sürətinin artırılması vacib şərtdir.

Belə ki, avtomobil yollarında yolun buraxma qabiliyyəti nəqliyyat vasitəsinin sürəti ilə düz mütənasibdir. Sürət amili yolun vəziyyətindən, nəqliyyat vasitəsindən və sürücüdən asılıdır. Avropa ölkələrində magistral avtomobil yollarında sürət: Danimarkada - saatda 110 kilometr, Fransa, İtaliya və Avstriyada - 130 km/saat olmasına qanunla icazə verilir. Ümumi istifadədə olan avtomobil yollarında isə Almaniyada, Avstraliyada, Portuqaliyada  100 km/saat, Yunanıstanda 110 km/saat, İspaniya, Fransa və İtaliyada 90 km/saat sürət qanunla icazə veriləndir.

Ümumi istifadədə olan avtomobil yollarında nəqliyyat vasitələrinin sürətlərinin az olması nəticəsində ölkə iqtisadiyyatına hiss olunan dərəcədə ziyan dəyir.

Respublikamızda sosial-iqtisadi həyatın sürətli inkişafı nəqliyyat vasitələrinin sayının ciddi artımına səbəb olmuşdur. Bu artım ölkəmizin böyük şəhərlərinin yollarında və küçələrində sıxlıq və tıxaclar yaradaraq özünü daha çox hiss etdirir. Bu hal ölkəmizin paytaxtı Bakı şəhərində özünü daha qabarıq göstərir.

Bakının inkişaf tarixi Azərbaycan xalqının qiymətli sərvətlərindən olan neftlə sıx bağlıdır. Qədim Bakı vaxtilə ticarət və neft istehsalı mərkəzlərindən olub. Neft istehsalı və onun ətraf ərazilərə yayılmasının tarixi qədim Babil İmperiyası dövrünə qədər gedib çıxır. Strateji əhəmiyyətli neft ilk dəfə Abşeron yarımadasında kəşf və hasil edilmişdir. Neftin sənaye məqsədilə istehsalı üçün ilk mexaniki qurğu 1847-ci ildə Bakıda hazırlanmışdır. Neftin çıxarılması və daşınması üçün 1900-cü illərdə Rusiya İmperiyasının böyük limanlarından olan Bakı da səmərəli fəaliyyət göstərmişdir. Bakı şəhəri sərnişin daşıma üçün yaradılmış ilk (1924-cü ildə) Sovet tramvaylarının və 1926-cı ildə isə şəhərdaxili qatarların vətəni sayılır.

Şərq və Qərb memarlığının möhtəşəm harmoniyası, həmçinin ilk neft bumunda (1872-1920) inşa edilən binalar bu gün də Bakıda özünəməxsus ab-hava yaradır və şəhər arxitekturasına öz təsirini göstərir. Bakının ən qədim tarixinin izləri İçərişəhərdədir. Bakı minilliklər ərzində sıx və kompakt infrastrukturu ilə Qala divarları arasında yerləşmişdir. Burada hazırda 50-dən artıq tarixi və memarlıq abidəsi qorunub saxlanılır. Bunların arasında öz misilsiz forması ilə Bakının simvollarından sayılan 12-ci əsr abidəsi Qız Qalası, Şirvanşahlar Sarayı (1420-1460) da var. 2000-ci ildə İçərişəhər Qala divarları, Qız Qalası və Şirvanşahlar Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Sovetlər birliyi dövründə Bakı şəhəri bağlı (qapalı) şəhər olmuşdur. Bu səbəbdən, yaşayış binalarının tikintisi məhdudlaşdırılmışdır. Nəqliyyat vasitələrinin sayı az idi. Bu illərdə mühəndisi kommunikasiyaların və nəqliyyat infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi 2000-ci ilə qədər olan dövr üçün aparılırdı. Bu dövrdə nəqliyyat vasitələrinin illik artım proqnozu 3 faiz nəzərdə tutulmuşdur. Şəhər əhalisinin də artım tempinə uyğun su, elektrik, qaz təminatı, həmçinin məişət tullantılarının daşınması, kanalizasiya və su xətlərinin texniki göstəriciləri çox kiçik iqtisadi artıma uyğun icra edilmişdir.

Hazırkı dövrdə nəqliyyat vasitələrinin illik artım proqnozu 10-15 faiz və daha çoxdur. Dövlət Statistka Komitəsinin məlumatına görə, 2000-ci ildə Bakı şəhərində 145998 ədəd nəqliyyat vasitəsi varmış, ancaq 2021-ci ildə bu rəqəm artaraq 700662 ədəd olmuşdur. Nəqliyyat vasitələrinin orta illik say artımı 26412 ədəd olmuşdur. Bu zaman 2022-ci ildə nəqliyyat vasitələrinin sayı təxminən 727074 ədəd olar.

Bakı şəhərində 2015-ci ildə 2225.8 min nəfər əhali yaşamış, 2022-ci ildə isə bu rəqəm (7 il müddətində) artaraq 2303.1 min nəfər olmuşdur. Bu artım (illik orta artım 11 min nəfər) templəri hər il davam edir və davam edəcəkdir. Əgər 11 min nəfərin 50 faizi şəhərə yeni gələnlər olarsa, onların da 25 faizinin nəqliyyat vasitəsinin olmasını ehtimal etsək, 1375 ədəd artım yaratmış olur. Həmçinin, ölkənin digər bölgələrindən (bölgələrdəki nəqliyyat vasitəsinin sayı 866081 ədəd olmuşdur), avtomobillərin 20 faizi paytaxta gələrsə, onda Bakıda 173162 ədəd avtomobil olması ehtimal olunur. Beləliklə, Bakı şəhərində gün ərzində toplanan nəqliyyat vasitələrinin ümumi sayı N=727074+1375+173162=901611 ədəd olar. Nəqliyyat vasitələrinin ciddi artımı nəticəsində yol-nəqliyyat hadisələrinin sayı artmışdır. Belə ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) bildirib ki, 2022-ci ilin üç ayı ərzində (yanvar-mart aylarında) 125 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 52 nəfər ölüb, 96 nəfər xəsarət alıb. Rəqəmlərdən göründüyü kimi, nəqliyyat vasitələri və əhali  artımları Bakı şəhərində küçə və yolların, həmçinin, su, kanalizasiya və qaz təchizatı sistemlərinin yenidən qurulmasını zəruri edir. Bu zaman yarana bilən bina və qurğuların sökülməsi, yaşıllıqların qırılması iki milyondan çox əhalisi olan şəhərdə tikinti işlərinin aparılmasının tikinti qiyməti astronomik rəqəmlərlə ifadə ediləcəkdir. Digər tərəfdən, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş, Şərq və Qərb memarlığının möhtəşəm harmoniyası ilə inşa edilən binalar şəhər arxitekturasına öz təsirini göstərir və onlar qorunub saxlanılmalıdır.

Göstərilənləri nəzərə alaraq təkif edirəm:

a) Bakı şəhərində tıxacların aradan qaldırılması üçün aşağıda adları gedən avtomobil yollarının tikilməsini təklif edirəm:

- Bilgəh - Novxanı - Saray - M-1 (Bakı - Quba - Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun VAZ dairəsindən keçməklə) - M-4 Bakı - Şamaxı - Yevlax avtomobil yoluna birləşmə) dairəvi avtomobil yolunun tikintisi icra olunmalıdır;

- Ziya Bünyadov prospektinin Böyükşor gölündən keçməklə dairəvi yola birləşmə;

H.Z.Tağıyev - Sahil avtomobil yolunun dörd zolağa genişləndirilməsi;

- Neftçilər prospektində və ona bitişik küçələrdə sıxlığın azaldılması üçün kiçik tutumlu gəmilərlə sərnişin daşımanın həyata keçirilməsi.

b) Bakı şəhərində tıxacların aradan qaldırılması üçün aşağıdakı yüngülləşdirmə işlərinin aparılmasını təklif edirəm:

- Dörd və ya beş nazirliyin və ya baş idarənin müxtəlif rayon mərkəzlərinə köçürülməsi;

- Dörd və ya beş ali təhsil institutunun müxtəlif rayon mərkəzlərinə köçürülməsi.

c) Bakı şəhərində tıxacların aradan qaldırılması üçün aşağıdakı tikinti işlərinin dayandırılmasını təklif edirəm:

- Bakı şəhərində yaşayış binalarının tikintisi dayandırılmalıdır (Qaradağ rayonunun qərb hissəsi və Bakı şəhərində qəzalı binalar istisna olunmaqla).

Bu gün ölkəmizdə yol infrastrukturu dünya standartlarına uyğun uğurla həyata keçirilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında yol infrastrukturunun inkişafı ən önəmli sahələrdəndir. Ölkə başçısı avtomobil yollarının və yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirak edərək mütəmadi olaraq bu sahənin daha da inkişafı üçün öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir.

Dövlət tərəfindən mütəmadi nümayiş etdirilən qayğı və diqqət biz yol işçilərini yol infrastrukturunun inkişafı istiqamətində yeni-yeni uğurlar qazanmağa ruhlandırır. İşğaldan azad edilən Qarabağ iqtisadi bölgəsində zəfər yolunun və Laçın şəhərinin alternativ avtomobil yolunun vaxtından əvvəl və keyfiyyətlə tikilərək istifadəyə verilməsi dediklərimizin əyani göstəricisidir.

Məhərrəm ƏSƏDOV.