Avropaya əlaqələrin inkişafı istiqamətində bir çağırış
Siyasət

Avropaya əlaqələrin inkişafı istiqamətində bir çağırış

Həm Qərb, həm də Avropa, ümumilikdə, kollektiv Qərb Azərbaycanın müstəqil siyasət yürütdüyünü anlamalıdır. İstər Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində, istərsə də daxili və xarici siyasətdə ölkəmiz müstəqil qərarlar verir.

Qərbin tutduğu mövqe Azərbaycanı heç də rahatlaşdırmır. Çünki bəzən ikili münasibətlər formalaşır. Bu, Fransanın timsalında daha aydın görünməkdədir. Fransa Azərbaycana qarşı beynəlxalq səviyyədə siyasi təxribatlara əl atır, həmçinin Ermənistanı silahlandırmaqla məşğuldur. Digər Avropa dövlətləri içərisində də çox təəssüf ki, erməni lobbisinin təbliğatına uyan dairələr var ki, onlar da məhz Azərbaycana qarşı münasibətləri qərəzli formada həyata keçirirlər.

Azərbaycan ilə Qərb arasında enerji sahəsində əməkdaşlıq var və ölkəmizə etibarlı tərəfdaş olduğunu hər zaman göstərib. Azərbaycan təkcə Qərb ölkələri üçün deyil, ümumi dünya üçün etibarlı tərəfdaş olduğunu hər zaman sübut edib. Ermənistan-Azərbaycan arasında danışıqlar prosesi həm Avropa İttifaqının, Rusiyanın və eyni zamanda ABŞ-ın iştirakı, moderatorluğu ilə həyata keçirilir. Əgər Avropa Azərbaycanla münasibətləri normal tutmaq istəyirsə, dövlətimizin yürütdüyü siyasətə hörmətlə yanaşmalıdır. Azərbaycanla münasibətlər bərabərhüquqlu səviyyədə və normal formada həyata keçirilməlidir. Azərbaycan hər hansı bir qarışıqlığın yaranmasına imkan verməyəcək.

Əgər Avropa Azərbaycanla beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibət quracaqsa, bu, ilk növbədə Avropanın özünə sərf edir. Çünki enerji məsələsində Azərbaycanın qlobal aktorlardan birinə çevrilməsi, region və ümumi dünya üçün çox önəmlidir. Azərbaycanın yerləşdiyi mövqe, tutduğu strateji xətt Avropaya böyük fayda verə bilər. Bu baxımdan, verilən mesajlar məhz Avropanın Azərbaycana indi sərgilədiyi mövqeyinin dəyişməsi kontekstində də dəyərləndirilir və Avropanın dəyişməsinə çağırış kimi də qiymətləndirilə bilər.

Samir HÜMBƏTOV,

politoloq.