Mərkəzi və Şərqi Avropada kommunist rejiminin süquta uğraması və keçmiş sovet blokuna aid dövlətlərdə demokratik şəraitə uyğun özəl sektorun yaranmasına yardım etmək məqsədilə 1991-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yaradılıb. Günümüzdə bank investisiya alətlərindən Mərkəzi Avropadan Mərkəzi Asiyaya qədər 39 ölkədə bazar iqtisadiyyatının yaradılması istiqamətində fəaliyyət göstərir.
AYİB 5 qitənin, həmçinin Avropa Birliyi və Avropa İnvestisiya Bankının maraqlarına xidmət edir. Bank struktur və sahəvi islahatların həyata keçirilməsi, rəqabətin, özəlləşdirmə və sahibkarlığın, özəl sektora kömək məqsədilə lazımi infrastrukturun inkişafı, hüquqi sistemin və maliyyə təşkilatlarının güclənməsi, korporativ idarəetmə üzrə etibarlı işgüzar sistemin tətbiqi kimi sahələrə yardım göstərir.
Azərbaycanın AYİB-lə əməkdaşlığı 1992-ci illərə təsadüf edir. Bankın ölkəmizdəki nümayəndəliyi isə 1993-cü ildən fəaliyyət göstərir. AYİB-lə dövlətimiz arasında əməkdaşlıq 2019-2024-cü illəri əhatə edən ölkə üzrə Strategiya sənədi ilə tənzimlənir. Yeni Strategiyaya əsasən, AYİB üçün bir sıra prioritet məsələlər var. Bunlar rəqabət qabiliyyətliliyə və yaxşı idarəçiliyə dəstək vasitəsilə iqtisadi şaxələndirmənin təşviqi, maliyyə bazarlarının inkişaf etdirilməsi vasitəsilə dözümlülüyün artırılması və yaşıl iqtisadiyyata keçidə və regional rabitəliliyə dəstəkdir. Bankın əməliyyatları bir çox sahəni əhatə edir. Belə ki, kənd təsərrüfatından tutmuş infrastruktura, nəqliyyata qədər bütün sənaye sahələri bankın prioritetlərindəndir. Bank təkcə Bakıda deyil, həmçinin regionlarda da fəaliyyət göstərir və ölkə iqtisadiyyatında müsbət dəyişikliklərə nail olmağa çalışır.
AYİB ölkəmizdə 11-i dövlət, 157-si özəl olmaqla 168 layihə həyata keçirir. Hazırda Azərbaycana qoyulan investisiya 3,6 milyard Avro, ödəmələr 2,4 milyard, portfel layihələr isə 1,4 milyard Avro dəyərindədir. Ölkəmiz enerji cəhətdən zəngin olduğu üçün məhz layihələrin 50%-ni müvafiq sahə əhatə edir. AYİB-in yaratdığı və ümumi dəyəri 350 milyon Avro olan Səhm İştirak Fondunda Azərbaycan Respublikası Dövlət Neft Fondu 100 milyon Avro kapital qoyuluşu ilə iştirak edir.
AYİB-lə ölkəmiz arasında bu günə qədər bir sıra əməkdaşlıq sazişləri imzalanıb. Belə ki, 2019-cu il noyabrın 22-də Londonda AYİB-in Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikası Hökuməti ilə AYİB arasında əməkdaşlıq Sazişi və Azərbaycan Respublikası Hökuməti ilə AYİB arasında Azərbaycanın Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda (E5P) iştirakı ilə əlaqədar ianə haqqında, həmçinin Azərbaycanın AYİB-in donor ölkələr icmasına qoşulması ilə bağlı sazişlər imzalanıb.
AYİB tərəfindən enerji sektorunda da maliyyələşdirilən bir sıra layihələr var. Burada borc alan tərəf kimi çıxış edən Cənub Qaz Dəhlizi QSC-yə 500 milyon ABŞ dollarınadək kredit ayrılmasına ölkəmiz tərəfindən təminat verilib. Bu kredit borc alanın "Trans-Anadolu Təbii Qaz Boru Kəməri" layihəsi çərçivəsində öhdəliklərin bir hissəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. TANAP layihəsinin ümumi xərci 8,6 milyard, Cənub Qaz Dəhlizi QSC-nin payı isə 5 milyard ABŞ dolları təşkil edir. Həmçinin SOCAR və "Lukoil overseas"ın Şahdəniz qaz kondensatı yatağının inkişafı, AZDRES elektrik stansiyasının bərpası layihələri XXI əsrin əvvəllərində maliyyələşdirilib və başa çatıb.
Bankın bu təşəbbüsləri ölkə başçısı tərəfindən də yüksək qiymətləndirilir. AYİB əlverişli iqtisadi şərait yaratmaq və yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədilə müntəzəm olaraq hökumətlə, iş adamları və regionları təmsil edən rəsmilərlə siyasi görüşlər keçirir. Buna əsasən sentyabrın 7-də ölkə başçımız AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb. Görüşdə AYİB-in Azərbaycanda fəaliyyət istiqamətləri və ölkəmiz üçün prioritet sahələr, xüsusilə bərpaolunan enerji, nəqliyyat, logistika, kiçik və orta biznesin inkişafı sahələrində, Orta Dəhliz istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. AYİB-lə ölkəmiz arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi, Bankın ölkəmizin enerji və nəqliyyat layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə ayırdığı kreditlərin vacibliyi vurğulanıb. Söhbət zamanı ölkə başçımız və nümayəndə heyəti ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin bu ilin yanvarında Davosda Prezident İlham Əliyevin AYİB-in birinci vitse-prezidenti ilə görüşü məmnunluqla xatırlanıb.
Töhfə SƏMƏDOVA,
"Respublika".