Avropa İttifaqı ilə münasibətlər qarşılıqlı maraqlara söykənir
Siyasət

Avropa İttifaqı ilə münasibətlər qarşılıqlı maraqlara söykənir

Tarixi Vətən müharibəsinin artıq üç ili tamam olacaq. Bu müddət ərzində Azərbaycan sülhə doğru bir sıra addımlar atıb. Ölkəmizin Qarabağ ərazisində yaşayan erməni əhalisinə göstərdiyi tolerantlıq, dünya səviyyəsində qəbul olunan sülh təşəbbüsləri bunun nümunəsidir. Bu günə qədər 10-dan çox üçtərəfli və ikitərəfli görüşlər baş tutub. Bu mənada Brüsseldə keçirilən görüşlərin xüsusi yeri vardır. Prezident İlham Əliyev qeyd edib ki, orada baş tutan görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanı verir. Şübhəsiz ki, ölkə başçımızın Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunan nəticələr dövlət başçısının dünyada böyük nüfuza sahib olduğunu göstərir.

Bu günə qədər ümumilikdə Brüsseldə 6 görüş baş tutub. İlk görüş 2021-ci ilin 14 dekabrında, sonuncu isə cari ilin 15 iyulunda həyata keçib. Əlbəttə burada əsas məsələ sülhün əldə olunmasıdır. İlk görüşün nəticəsi olaraq onu deyə bilərik ki, Şarl Mişelin bəyanatında əldə olunan razılaşmalarla bağlı bir sıra xüsusi məqamlar vurğulanıb. Əldə olunan bu nailiyyətlər onu deməyə əsas verirdi ki, Azərbaycanın diplomatik gücü təkcə regionda yox, həmçinin beynəlxalq arenada da özünü göstərir. Daha sonra aprelin 6-da keçirilən görüşdə Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla ayrılıqda təkbətək görüşüb. Görüşdə Azərbaycan tərəfinin təklif etdiyi 5 maddədən ibarət sülh təklifi də diqqət mərkəzində olub. Yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva edən sülh paketi beynəlxalq hüququn norma və prinsiplərinə tam formada riayət edir.

Prinsiplər bunlardır: Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Brüssel görüşündə qarşılıqlı etimad mühitinin yaradılması, humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə bağlı müsbət yanaşmalar ortaya qoyulub.

Daha sonra 2022-ci il mayın 22-də, həmçinin 31 avqustda görüşlər baş tutub. Cari il mayın 14-də bir sıra mühüm məqamlar və razılaşmalar əldə olunub. Yekun bəyanata əsasən, Alma-Ata Bəyannaməsinə uyğun olaraq Azərbaycan Ermənistanın (29,8 min kvadratkilometr), Ermənistan isə Azərbaycanın (86,6 min kvadratkilometr) ərazi bütövlüyünü tanıdığını təsdiqləyib. Həmçinin nəqliyyat-kommunikasiya məsələlərində də bir çox mühüm addımlar atılıb. Sayca 6-cı olan görüşdə Prezident İlham Əliyevin diplomatik məharəti, həyata keçirdiyi xarici siyasət dövlətimizin mövqeyini daha da gücləndirib. Şübhəsiz ki, bu görüşün sülhə gedən yolda böyük əhəmiyyəti var. Belə ki, görüşdə bir sıra ilk dəfə səslənən məsələlər olub. Buna əsasən, ilk dəfə Avropa İttifaqı "Laçın yolu" terminindən istifadə edib. Bu da o mənaya gəlir ki, Aİ birmənalı şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Avropa İttifaqının sülh məsələsində göstərdiyi səylər ölkəmiz tərəfindən yüksək səviyyədə qiymətləndirilir. Son illərdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlib. Belə ki, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması sülh müqaviləsi üçün mühüm irəliləyişlərdəndir. Dövlət başçımız da bildirib ki, son illər Avropa İttifaqı ilə ölkəmiz arasındakı münasibətlər birbaşa Şarl Mişelin təşəbbüsləri ilə bağlıdır. Ötən günlərdə Prezident İlham Əliyev Şuşada "Euronews" televiziyasına müsahibəsi zamanı qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra keçmiş Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir: "Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük. Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik".

Hər bir halda sülh mütləq formada əldə ediləcək. Azərbaycan yaxşılığı və pisliyi əsla unudan ölkə deyil. Buna görə də sülh prosesində vasitəçi olan dövlət və təşkilatlar daim Azərbaycanın diqqət mərkəzində olaraq qalacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".