Avropa Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı keçirilib
Digər xəbərlər

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı keçirilib

23-26 may tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı keçirilib.

Tədbirdə 400-ə yaxın nümayəndə iştirak edib. Ölkəmiz qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Almaniya Birləşmiş Həmkarlar İttifaqları Təşkilatının sədri Yasmin Fahimi çıxışında dünyada gedən proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi, onun Avropaya təsirindən, COVID-19-un sosial-iqtisadi sahədə törətdiyi fəsadlardan söz açıb və sosial tərəfdaşlarla daha sıx müştərək iş aparılmasının vacibliyini vurğulayıb.

Sonra Almaniyanın Federal Kansleri Olaf Şolts, Avropa Parlamentinin vitse-prezidenti Evelin Regner, Avropa İqtisadi və Sosial Komitəsinin prezidenti Oliver Röpke və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen çıxış ediblər.

AHİK sədri Səttar Möhbalıyev qurultay çərçivəsində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Ester Linç, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Gilbert F.Houngbo, Almaniya Birləşmiş Həmkarlar İttifaqları Təşkilatının sədri Yasmin Fahimi, Yunanıstan Ümumhəmkarlar İttifaqları Konfederasiyasının sədri Giannis Panagopoulos ilə görüşlər keçirib, ikitərəfli münasibətlər müzakirə olunub.

“Respublika”.