Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzi
İQTİSADİYYAT

Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzi

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyətin mühüm dərəcədə dəyişməsi regionda əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Prezident İlham Əliyevin yüksək diplomatik fəaliyyəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə dünya iqtisadiyyatının önəmli hissəsinə çevrilir.

Vətən müharibəsindən sonra dövlətimizin qarşısında duran başlıca vəzifə separatçılardan təmizlənmiş ərazilərdə bərpa-quruculuq işlərini sürətlə davam etdirmək, ölkənin iqtisadi inkişafına nail olmaq, ən yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri dönməsini təmin etməkdən ibarətdir.

Qarabağda inşa olunan hər bir yol, gələcəkdə icrası nəzərdə tutulan layihələr regionun tranzit və logistik əhəmiyyətini artırmağa, inkişafını sürətləndirməyə xidmət edəcəkdir.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında xüsusi rola malikdir. Qədim İpək yolu üzərində yerləşən Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryol xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub beynəlxalq nəqliyyat və Transxəzər tranzit dəhlizləri vasitəsilə Avrasiya materikində körpü rolunu oynayır. Bu baxımdan, Zəngəzur dəhlizi də ölkəmiz üçün, onun gələcək nəqliyyat və logistik imkanlarının daha da genişlənməsi baxımından önəmli keçid olacaq.

Postmünaqişə dövründə Zəngəzur dəhlizi dövlətimizin əsas hədəflərindən biridir. Bu layihə təkcə Azərbaycan üçün deyil, ümumilikdə, region ölkələrinə böyük fayda gətirməklə, beynəlxalq nəqliyyat layihələrində regionun rolunu əhəmiyyətli dərəcədə artıracaq. Zəngəzur dəhlizinin açılması region ölkələrinin ümumi sosial-iqtisadi inkişafını və xalqların yaşayış səviyyəsinin yüksəlməsini təmin edəcəkdir.

Belə ki, bu dəhlizin şərq ilə qərb ölkələri arasında qitələrarası yeni alternativ nəqliyyat şəbəkəsinin formalaşmasında əhəmiyyəti olduqca böyükdür. Bu baxımdan, Zəngəzur dəhlizi Uzaq Çin və Qərb dünyası arasında yeni nəqliyyat yolu kimi yükdaşımaların fasiləsiz və səmərəli şəkildə həyata keçirilməsində önəmli ticarət yolu kimi də çıxış edərək Azərbaycana və bütün iştirakçı ölkələrə yeni maliyyə imkanları qazandıracaq.

Beləliklə, yaradılacaq yeni nəqliyyat-kommunikasiya infrastrukturu yük daşımalarının artımına töfhə verməklə regional və dünya miqyasında iştirakçı, tərəfdaş ölkələrə iqtisadi cəhətdən yüksək fayda verəcək, eyni zamanda, iqtisadi inkişafın və beynəlxalq ticarətin stimullaşdırılmasında da böyük rola malik olacaq. Bu dəhliz qardaş ölkə Türkiyə Cümhuriyyəti ilə əlaqələri daha da möhkəmləndirəcəkdir. Türkiyə və Azərbaycan uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə bir-birilə daha sıx və möhkəm əlaqə saxlayacaq. Vətən müharibəsindən sonra regionun lider ölkəsi olan Azərbaycanla dünyada yüksək nüfuza, böyük potensiala və gücə malik Türkiyə arasında müttəfiqlik əlaqələrinin qurulması bölgədə sülhün bərqərar olmasına xidmət edəcək. Respublikamızda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı meqa layihələrin həyata keçirilməsi üçün bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə, magistral yolların müasir standartlar əsasında yenidən bərpa olunması, paytaxtda, habelə regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun müasirləşməsində əhəmiyyətli rol oynamaqla yanaşı, respublikamızın nəqliyyat-logistika imkanlarını daha da artırıb. Azərbaycan Xəzər dənizində ən böyük yük donanmasına sahibdir. Xəzər üzərindən yüklərin daşınması hazırkı dövrdə 15 milyon ton təşkil edir. Gələcək illər üçün bu yükdaşımanın daha da genişləndirilərək 25 milyon tona çatdırılması nəzərdə tutulur.

Azərbaycan materikin önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib və ölkəmizin fəal iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri səmərəli fəaliyyətdədir və Şərq-Qərb nəqliyyat dəhlizi üzərində artıq iki qol - biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa mövcuddur. Hər ikisi Azərbaycan ərazisindən keçir və təbii ki, respublikamızın imkanlarını daha da genişləndirir. Şimal-Cənub nəqliyyat dəhlizi isə Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir.

Musa BAĞIRLI,

"Respublika".