Avropa Şurası Parlament Assambleyası (AŞPA) Laçın dəhlizindəki vəziyyətlə bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunub ki, guya Azərbaycan tərəfi Laçın yolu vasitəsilə azad və təhlükəsiz girişə əngəl törədir. Bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan məlumat verib. Onun sözlərinə görə, Assambleya AŞPA məruzəçisinin faktaraşdırıcı səfəri zamanı Azərbaycana dəvət edilməməsindən və Laçın dəhlizinə gedə bilməməsindən çox təəssüflənib.
AŞPA-nın bu kimi prinsipial məsələlərdəki qərəzli mövqeyi izaholunmazdır. Cənubi Qafqaz uğrunda toqquşan maraqlar Qərbin ermənipərəst bəyanatlar verməsinə, qətnamələr qəbul etməsinə gətirib çıxarır. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan Qərbdən yardım dilənir. İşğalçı ölkə başa düşür ki, Rusiyada vəziyyət gərgindir və buna görə də Qərbə yönəlir. Qərb Rusiyanın bölgədən çıxarılmasına çalışır. Məhz buna görə də Ermənistandan istifadə edir və anti-Azərbaycan mövqeyi sərgiləyir. Böhtan mahiyyətli bu qətnaməyə gəldikdə isə deyə bilərik ki, əsla reallığı əks etdirmir. Azərbaycanın Laçın yolunu guya "blokada"da saxlaması kimi sərsəm iddialar qəbuledilməzdir. Beynəlxalq hüquqazidd sənədlər Azərbaycan üçün ancaq kağız parçasından ibarətdir. Korrupsioner şəxslərin əlində oyuncağa çevrilmiş AŞPA-nın guya Laçın yolunun "blokada"da olması ilə bağlı qətnaməsi Azərbaycana qarşı riyakarlıqdır. Bu qətnaməni dəstəkləyənlər erməni lobbisinin təsirindədirlər. Qərb Azərbaycanın regionda yaratmış olduğu yeni reallığı ya görmür, ya da görmək istəmir. AŞPA kimi qərəzli mövqe sərgiləyən qurumlar sülh danışıqlarının aparıldığı vaxtda müzakirələrə kölgə salır.
Maraqlısı odur ki, AŞPA 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi vaxtda susub, haqq-ədalətin tərəfindən çıxış etməyib. Bu gün Azərbaycan ədaləti bərpa etdiyi vaxtda AŞPA haya düşüb və bədxah mövqe yürüdür. Qeyd etmək zəruridir ki, qətnamədə "Dağlıq Qarabağ" terminindən istifadə edilib. Lakin "Dağlıq Qarabağ" adlı ərazi vahidi mövcud deyil. Azərbaycanın Qarabağ bölgəsi var və ölkəmiz müstəqil dövlət kimi Avropa Şurasına məhz belə qəbul olunub. Bu termindən istifadə etməklə, AŞPA Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. Bundan əlavə, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan mülki əhalini hədəf alıb Gəncə və Bərdə terrorunu törətdi. AŞPA daxil olmaqla, heç bir beynəlxalq qurum bunu pisləyən məruzə ilə çıxış etmədi. Eyni zamanda Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər vətəndaşımızın partlayışların qurbanına çevrilməsi, üçtərəfli Bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmaması hələ heç bir beynəlxalq məruzədə öz əksini tapmayıb. Bununla yanaşı, haqlı olaraq ortaya belə bir sual çıxır: Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun Zəngəzur dəhlizinə görə hələ də açılmaması AŞPA-nın gündəmində yox ikən, niyə məhz Laçın dəhlizi onları bu qədər narahat edir? Cavab bəllidir: çünki AŞPA ermənipərəst yanaşma irəli sürür. Bu da AŞPA kimi qurumların bədxah niyyətinin əyani sübutudur. Azərbaycan sülh tərəfdarıdır və bu istiqamətdə çalışır. Lakin belə görünür ki, Qərb Azərbaycanın irəliyə apardığı sülh danışıqları prosesini ardıcıl və metodik surətdə pozur. AŞPA destruktiv və qərəzli mövqeyini dəyişməli, Cənubi Qafqazda yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədləri qəbul etməlidir. Bu kimi beynəlxalq qurumlar bölgədə sülh və sabitliyin yaradılmasına çalışmalıdır.
Nuranə DAXİLQIZI,
"Respublika".