Uşaqlıq ömrün ən gözəl çağı, növrağıdır. Heç vaxt unudulmayan, hafizəmizə acılı-şirinli anları ilə hopan bir dövrdür. İllər ötdükcə, insan yaşa dolduqca uşaqlıq illərini yalnız xoş xatirə, təbəssümlə xatırlayır. Arxada qoyub gəldiyin o çağlara dönmək, yenidən yaşamaq istəyirsən. Uşaqlaşmaq, uşaq olmaq istəyirsən. Arzular, istəklər, tələblər böyüyür, amma daxilində qalan uşaqlıq heç vaxt böyümür, dəyişmir. Nə qədər yaşlansan da, yenə də o günlərə dönmək istəyirsən.
Uşaqlar ölkənin, cəmiyyətin gələcəyi, millətin aynası olduğu kimi, həm də bir şəxsiyyətdir. Biz, yəni böyüklər uşaqlara qayğı, nəvaziş göstərməklə yanaşı, eyni zamanda şəxsiyyət kimi də hörmət bəsləməli, uşaq hüquqlarını müdafiə etməliyik. Bu, onların ehtiyacı, bizim isə borcumuzdur. Bu günün uşağı hansı mühitdə tərbiyə alırsa, gələcək fəaliyyət və yaşam istiqaməti də o yöndə olur. Ona görə də uşaqlarımızı sağlam, savadlı, humanist ruhda böyüdüb gələcək üçün hazırlamalıyıq. Bu günün uşağı, sabahın layiqli vətəndaşı, həkimi, müəllimi, mühəndisi və əlbəttə ki, əsgəridir. Onlara Vətənin, torpağın dəyərini aşılamaq, düzgün istiqamətə yönəltmək lazımdır. Hər bir uşaq bilməlidir ki, Vətən sərhəddən başlayır.
İstər dövlətin, istərsə də millətin gələcəyi indiki uşaqlardan, onların bilik və bacarıqlarından asılıdır. Azərbaycan uşaqlarının vətənpərvər ruhda yetişməsinin 2020-ci ildə bir daha şahidi olduq. Hələ Birinci Qarabağ müharibəsi dövründə uşaq olan və yaxud da heç dünyaya gəlməyən gənclik, 27 sentyabr tarixində başlayan Vətən müharibəsində öz sözünü dedi. Cəmi 44 günə düşmənə dərs verərək öz vətənpərvərliyini sübut etdi.
Bu gün, 1 iyun, uşaqların günüdür. Dünyanı gözəlləşdirən uşaqların. Bu günün rəsmiləşdirilməsi və qeyd edilməsi 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınmışdır. Həmin gün təşkil edilən "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş və tədbir zamanı 1 iyunun - uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd edilməsi qərara alınmışdır. Həmin dövrdən də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixdə əbədiləşdirilib. Həmin gün bütün dünya körpə fidanların, uşaqların bayramını böyük coşqu ilə qeyd edir. Azərbaycanda da 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü xüsusi olaraq keçirilir.
Uşaq dünyası gözəl olduğu kimi, həm də təhlükəsiz olmalıdır. Onların hüquq və asayişi yüksək səviyyədə qorunmalıdır. Azərbaycan dövlət siyasətinin tərkib hissəsi kimi uşaq hüquqlarının qorunmasını öz prioriteti hesab edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci il tarixli Sərəncam imzalanmışdır. Sərəncama əsasən ölkədə 2009-cu il "Uşaq İli" elan olunmuşdur. Ölkəmizdə uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində bir çox işlər görülüb. Azərbaycanda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Respublikamızda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası formalaşıb. "Uşaq hüquqları haqqında" Qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Ölkəmizdə uşaqların qayğı və diqqətlə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün əlverişli şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması istiqamətində atılan addımların əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədilə 1998-ci il avqust ayının 24-də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi Fərman imzalamışdır. Qanunda uşaqların hüquqi bərabərliyi, vicdan söz və məlumat azadlığı, yaşamaq