Hər dəfə Şuşanın adı çəkiləndə qəlbimizi zərif, incə, kövrək hisslər bürüyür. Şuşa. Yurdumuzun elm, sənət, incəsənət, musiqi beşiyi, Qarabağın zümrüd tacı. İyirmi səkkiz il yarım düşmənin əsirlikdə saxladığı, vəhşicəsinə dağıdıb viran qoyduğu doğma şəhər. Hər qarışına müqəddəs şəhidlərimizin ruhu hopmuş müstəqil Azərbaycanın əzəmətli, məğrur qalası.
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə bu qədim, əsrarəngiz diyara səfər edəcəyimizi eşidəndə sevincimizin həddi-hüdudu yox idi. Çünki illərlə Şuşa həsrəti ilə yaşamışıq. Ulu keçmişə, zəngin mədəniyyətə malik qəhrəman Şuşa şəhərini ziyarət etmək daim qəlbimizdə yaşayan ən ülvi arzulardan olub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində respublikamızın müxtəlif regionlarında fəaliyyət göstərən media subyektlərinin 100-dən çox nümayəndəsinin arzusu reallaşdı. Azərbaycanın mədəniyyət paytaxtı və qədim şəhəri Şuşaya səfər baş tutdu. Bakı, Gəncə və Lənkəran şəhərlərindən jurnalistləri Şuşaya aparmaq üçün 3 avtobus yola çıxdı.
Qrupumuzun rəhbəri, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Elşən Ağayev yolboyu Qarabağın tarixi, rayonları, kəndləri haqqında, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər barədə məlumatlar verir, suallarımızı ətraflı cavablandırırdı.
Füzuli rayonunun Alxanbəyli kəndindəki postda polis işçiləri bizi mehribanlıqla qarşıladılar. Sənədlərimizi yoxlayıb "Yaxşı yol!" arzulayaraq yola saldılar.
Elşən müəllim Qaraxanbəyli kəndinin Füzulinin işğaldan azad edilmiş ilk kəndlərindən biri olduğunu, ermənilərin burada Ohanyan səddi deyilən istehkam qurduğunu, müzəffər ordumuzun həmin istehkamı dağıdaraq ərazini düşməndən təmizlədiyini bildirdi.
Yolboyu erməni vəhşiliyinin şahidi oluruq. Evlər, strateji və sosial obyektlər, ziyarətgahlar bütünlüklə dağıdılıb, bəzi binaların ancaq bir-iki divarı qalıb. Düşmən bütün tikililəri söküb aparıb, şəhər, qəsəbə və kəndləri xarabazara çevirib. Bax, budur özünü dünyaya yazıq, zavallı millət kimi göstərən alçaq, xəbis düşmənin iç üzü. Həmin düşmən günahsız, əliyalın soydaşlarımızı zorla 30 ilə yaxın dədə-baba ocaqlarından didərgin salıb.
Füzuli şəhərində ürəkaçan mənzərə ilə rastlaşırıq. Təzə tikilmiş hündürmərtəbəli yaraşıqlı binalar, müasir layihə əsasında inşa edilmiş sosial obyektlər, səliqəli asfalt küçələr göz oxşayır. Şəhər müasir layihə əsasında yenidən tikilir, hər tərəfdə quruculuq, bərpa işləri diqqəti cəlb edir. İnsanlar böyük sevgi ilə ata-baba ocaqlarına qayıdırlar. Kəndli ruzisini qazanmaq üçün iş başındadır. Sahələrdə traktorlar işləyir, torpaqlar şumlanır, taxıl əkilir.
Möhtərəm Prezidentimizin Sərəncamı ilə inşa olunmuş 101,5 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ilə Şuşaya doğru gedirik. Bu yol Zəfər yolu adlanır. Müzəffər ordumuzun xüsusi təyinatlılarının Şuşanı işğaldan azad etmək üçün keçdiyi meşələrdən, dərin dərələrdən, sıldırım qayalardan çəkilib bu yol.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları bu gün də tikinti işlərini davam etdirir. Yeni layihəyə əsasən çətin relyefə malik olan ərazilərdə, dolaylarda körpü və tunellər inşa edilir. Bu hesaba yolun uzunluğu 17 kilometrə qədər qısalaraq 84,6 kilometr təşkil edəcək. İlkin hesablamalara əsasən tunellərin ümumi uzunluğu təqribən 3 kilometr olacaqdır. Bundan əlavə, müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulub. Yeni yolun çəkilişi nəticəsində yaxın vaxtlarda Şuşaya gediş-gəliş daha rahat olacaqdır.
Qrupumuzun rəhbəri Elşən Ağayev sıldırım qayaların ortasında ulu keçmişimizin yadigarı olan Azıx mağarasını göstərib söhbət edir. Tuğ kəndinə çatanda Cəfər Cabbarlının "1905-ci ildə" əsərindəki hadisələrin bu kənddə cərəyan etdiyini xatırlayır.
Zəfər yolu ilə sərt döngələrdən, sıldırımlı qayalıqlardan keçib Daşaltı kəndinə çatırıq. İgid, qəhrəman hərbçilərimiz kəndi düşməndən təmizləyib quşqonmaz sıldırımlara dırmaşaraq Şuşaya daxil olublar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan bu barədə deyib: "Biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik".
Avtobus dolanbac yollarla dağlara qalxır. Sonuncu aşırımı keçəndən sonra Şuşanın təkrarsız, əzəmətli, gözəl panoramı açılır. Təbii landşaftının qeyri-adiliyi ilə seçilən, arzularımızın şəhəri olan Şuşanı seyr edirik. Həm sevinir, həm də əziz, qəhrəman şəhidlərimizi yada salıb kövrəlirik. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il noyabrın 8-də xalqa müraciətində söylədiyi dəyərli kəlamlar yada düşür:
"Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".
Şuşada qısa vaxtda böyük quruculuq, tikinti, bərpa işləri görülüb. Şəhərdə xüsusi nümayəndəliyin binası əsaslı təmir edilib. "Xarıbülbül", "Şuşa", "Qarabağ" otelləri müasir standartlara uyğun qurulub. 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyası istifadəyə verilib.
M.P.Vaqifin muzey-məqbərə kompleksi təmir-bərpa, yenidənqurma işlərindən sonra istifadəyə verilib. Görkəmli bəstəkar Ü.Hacıbəylinin, professional vokal məktəbinin banisi Bülbülün evmuzeyi, Yuxarı Gövhər ağa məscidi və digər tarixi, mədəni abidələr əsaslı təmir edilib.
Bu gün Şuşa şəhəri böyük tikinti meydançasını xatırladır. Hər yanda iş gedir. Şəhərdə müasir layihə əsasında yeni yaşayış, inzibati, sosial təyinatlı binalar tikilir, yollar təmir olunur. Xəbis, alçaq düşmənin dağıdıb viran qoyduğu tarixi, mədəni abidələr, ziyarətgahlar, məhəllə bulaqları bərpa edilir.
Qarabağın tacı olan Şuşa şəhəri təkcə ölkəmizin deyil, türk dövlətlərinin mədəniyyət paytaxtı kimi sürətlə inkişaf edir. Hər il keçirilən "Xarıbülbül" musiqi festivallarına, Vaqif poeziya günlərinə, Dünya Azərbaycanlılarının V Qurultayına, qlobal media forumuna və digər çoxsaylı beynəlxalq tədbirlərə Şuşa ev sahibliyi edir. Şəhərin çal-çağırlı, qonaq-qaralı günləri yenidən qayıdıb.
O gün media nümayəndələri Şuşada tarixi və mədəni abidələrlə, erməni təcavüzünə məruz qalmış məscidlərlə, şəhərin görkəmli yerləri ilə yaxından tanış oldular. Yuxarı Gövhər ağa məscidinə, Vaqifin məqbərəsinə, Şuşa qalasına, İsa bulağına və digər tarixi yerlərə baş çəkdilər. Cıdır düzündə Şuşanın əsrarəngiz mənzərələrini seyr etdilər.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli mətbuata verdiyi müsahibəsində qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan böyük tikinti, quruculuq, bərpa işləri medianın əsas mövzusudur. Düşünürəm ki, bu səfərdən sonra da Şuşada və işğaldan azad edilmiş ərazilərdə aparılan işlər maraqlı yazılar, reportajlar şəklində Azərbaycan cəmiyyətinə təqdim olunacaqdır.
Şuşa artıq regional media mərkəzinə çevrilir. Burada keçirilən qlobal media forumunda dünyanın əksər ölkələrinin mətbuat nümayəndələri iştirak edib. Əminəm ki, qarşıdakı illərdə də Şuşa beynəlxalq media forumlarına ev sahibliyi edəcəkdir.
Əlisəfa HƏSƏNOV,
Vəli VƏLİYEV,
"Respublika".