“Arzu kuboku” uğrunda mübarizə başa çatdı
Digər xəbərlər

“Arzu kuboku” uğrunda mübarizə başa çatdı

2021-ci il 16-17 iyul tarixlərində “Sərhədçi Atçılıq Mərkəzi”nin açıq manejində “Arzu kuboku” uğrunda konkur yarışları keçirilib.

“E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.

İlk yarış 16 may tarixində saat 12:00-dan etibarən başlamışdır. “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 12 idmançının iştirak etdiyi mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançısı Rəna Axundova “Tibet” ləqəbli atla 1-ci, “Murad Atçılıq klubu”nun idmançısı Sona Məmmədova “Elano-C” ləqəbli atla 2-ci yerin sahibi olub. “Omar Atçılıq klubu”nun idmançısı Nurlan Rüstəmov “Lothar 41” ləqəbli atla 3-cü, “Elit Atçılıq Klubu”nun idmançısı Ramil İbrahimov “Alart S” ləqəbli atla 4-cü yeri tutub.

5-ci yerdə “Gilan Atçılıq Klubu” nun idmançısı Rahib İsmayılov “Alex” ləqəbli atla qərarlaşıb.

Günün 2-ci yarışı saat 13:30-dan etibarən başlayan “L” kateqoriyası üzrə, hündürlüyü 110 sm olan yarışda 17 idmançı iştirak edib. Nəticədə “Buta Golden Atçılıq Klubu”nun idmançısı İqor Morotskiy “Fine Chocolate” və “Astrello” ləqəbli atlarla 1-ci və 2-ci yerin sahibi olub. 3-cü yerdə “D’Amour” ləqəbli atla “Murad Atçılıq Klubu”nun idmançısı Kənan Novruzov qərarlaşıb. “Elit Atçılıq Klubu”nun idmançısı Rəşad Səmədov “Zirvə” ləqəbli atla 4-cü yerin sahibi olub. 5-ci yerdə “Gilan Atçılıq Klubu”nun idmaçısı Rahib İsmayılov “Khazar” ləqəbli atla qərarlaşıb.

Nəhayət, 17 iyul  tarixində saat 15:30-dan etibarən üçüncü və turnirin son yarışına start verilib. “M**” kateqoriyalı 125 sm hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət yarışda 9 at iştirak edib. “Buta Golden Atçılıq Klubu”nun idmançısı İqor Morotskiy “Astrello” ləqəbli atla öz rəqiblərinə qalib gələrək 1-ci yerin və “Murad” kubokunun sahibi olub. “Gilan Atçılıq Klubu”nun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla 2-ci, “Elit Atçılıq Klubu”nun idmançısı Rəşad Səmədov “Zirvə” ləqəbli  atla 3-cü yerdə qərarlaşıblar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi.