Aprel şəhidi: ƏFSANƏYƏ DÖNMÜŞ QƏHRƏMANLIQ
Region

Aprel şəhidi: ƏFSANƏYƏ DÖNMÜŞ QƏHRƏMANLIQ

Astaranın Pensər kəndindən asfalt yolla üzüyuxarı dağlara doğru qalxırıq. Hamoşam kəndinə çatmamış sağ tərəfdə təzə asfalt çəkilmiş yola dönürük. Əzərüd sözü yazılmış lövhənin yanından keçəndə yol yoldaşım deyir ki, indi bu kəndə Aprel döyüşlərinin qəhrəmanı Pəncəli Teymurovun kəndi deyilir.

Qəhrəmanın böyüyüb boya-başa çatdığı ev adi kənd evlərindən fərqlənmir. Pəncəli 1981-ci il mart ayının 24-də bu evdə dünyaya gələndə atası Nurməmməd kişinin, anası Vahimə xanımın sevincinin həddi-hüdudu yox idi. Körpənin gəlişi Teymurovlar ailəsinin xoşbəxtliyini daha da artırmışdı.

Nurməmməd ömür-gün yoldaşı Vahimə ana ilə 7 övladı çətin dağ şəraitində böyüdüb ərsəyə çatdırıb.

Vahimə ana sevinc, səadət dolu o gözəl çağları belə xatırlayır: “Pəncəli ailəmizin üçüncü övladı idi. Yaşı az olsa da böyüyün-kiçiyin yerini bilir, ev, təsərrüfat işlərində yaxından kömək edirdi. Çox zirək, fərasətli, diribaş uşaq idi. Dərslərini yaxşı oxuyurdu. Xocalı faciəsi baş verəndə cəmi 11 yaşı vardı. Televiziyada vəhşicəsinə öldürülmüş, qarın, buzun üstündə donmuş uşaqları görəndə mənə dedi: “Ana, böyüyəndə o günahsız körpələrin qanını yerdə qoymaram. Xocalının qisasını mütləq alaram”.

 Bəlkə elə buna görə hərbçi peşəsini seçdi. 1999-cu ildə həqiqi hərbi xidmətdə olanda kəşfiyyatçı peşəsinə yiyələndi. Tez bir zamanda bacarıqlı kəşfiyyatçı kimi tanındı. İlyarımlıq xidmətini başa vurub hərbi hissədə qalmağı qərara aldı. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat-diversant taborunda xidmətini davam etdirdi. Ən çətin tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirdi. Qardaş Türkiyədə hərbi təlimlərdə fərqləndiyindən Türkiyə Cümhuriyyətinin Xüsusi Təyinatlı Qüvvələrinin “Qızıl bayraq” medalını almışdı.

Pəncəli Teymurov hərbi hissə qarşısında qoyulmuş xüsusi əməliyyat tapşırıqlarını şücaət və peşəkarlıqla yerinə yetirdiyinə görə 2015-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı və qüsursuz xidmətlərinə görə çoxlu tərifnamə və medallarla təltif olunmuşdur.

Torpağı, Vətəni canından artıq sevirdi. Vətən məhəbbəti onun üçün hər şeydən uca idi. Ömrünün 32-ci ilində xalası qızı Elvira xanımla ailə qurdu. Toyunda hamının sevindiyi, şənləndiyi anlarda mikrofonu götürüb arzusunu dilə gətirdi: "Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq-ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".

Aprel döyüşlərində Azərbaycan ordusu işğalçı Ermənistanın növbəti təxribatının qarşısını yüksək peşəkarlıqla aldı, düşmənə ağır, güclü zərbələr vurdu. Tərtərin Suqovuşan, Talış, Qazaxlar, Cəbrayılın Cocuq Mərcanlı, Lələtəpə yüksəkliyi, Goranboyun Gülüstan kəndi, ümumilikdə 2000 hektarlıq ərazi düşməndən azad edildi.  

Əlbəttə, qələbə qurbansız, itkisiz olmur. Aprel döyüşlərində  neçə-neçə cəsur,  igid oğul itirdik. Gizir Pəncəli Teymurov Tərtər istiqamətində gedən döyüşlərdə hərbçi dostları-Murad Mirzəyev, Samid İmanov və Muhud Orucovla birgə Talış yüksəkliyinin alınmasında şəxsi igidlik, fədakarlıq göstərdilər. Pəncəli son damla qanına qədər düşmənlə vuruşaraq aprel ayının 3-də qəhrəmancasına şəhid oldu. Aprel döyüşlərində misilsiz qəhrəmanlığına görə Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalına layiq görüldü. Aprelin 11-də böyük izdihamla doğma Əzərüd kəndində torpağa tapşırıldı.

Astara şəhərində küçələrin biri Pəncəli Teymurovun adını daşıyır. Əzərüd kəndində büstü ucaldılıb. Qardaşları Elbrus, Əfrayıl, Eldos və Familin  tikdirdiyi ikimərtəbəli evdə xatirə muzeyi yaradılıb.

Vahimə ana muzeydə Pəncəlinin qartal baxışlı şəkli önündə dayanıb kövrək xatirələrini söylədi: “Bir dəfə məzuniyyətə gələndə mənə şəhidlər barədə danışdı. O vaxt başa düşmədim. Sən demə, məni öz şəhadətinə hazırlayırmış. Ölüm xəbəri gələndə dedikləri yadıma düşdü. Atası sağlığında həmişə deyərdi ki, qürurlu olun, Pəncəlinin qürurunu saxlayın. Bir qazini, hərbçini görəndə elə bilirəm ki, Pəncəlini görürəm. Bütün şəhidlər, qazilər mənim övladımdır, balalarımdır.

Doğma yurdda qəhrəman şəhidin xatirəsi daim ehtiramla yad edilir.

Bu gün bacısı Səmranın ailəsində Pəncəlinin adaşı böyüyür. Kim bilir, bu gün əzizlənən, sevilən uşaq gələcəkdə dayısı kimi mərd, qoçaq, mübariz bir igid olacaq. Axı, atalar gözəl deyib: “İgid dayısına oxşar”.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.