2023-cü ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan 75,76 min ton karbamid idxal edib ki, bu da idxalın həcminin 5,6 dəfə artdığını göstərir.
“Respublika” Aİ Statistika İdarəsinin məlumatlarına istinadla xəbər verir ki, Azərbaycan bir aylıq fasilədən sonra iyunda Avropa ölkələrinə karbamid tədarükünü davam etdirib və cari ildə ilk dəfə bu məhsulu Polşaya da kiçik həcmdə (0.18 min ton) ixrac edib.
Qeyd edək ki, Azərbaycanda mineral gübrələrin istehsalı ilə “SOCAR Carbamide Plant” karbamid zavodu məşğul olur. Bu müəssisə 2019-cu il yanvarın 16-da istismara buraxılıb və artıq iyunda karbamid ixracına başlayıb. Zavodun istehsal gücü sutkada 1,2 min ton ammiak və 2 min ton karbamid təşkil edir.