Respublika Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-ü il “Heydər Əliyev İli” elan olunmuşdur. Sərəncamdan irəli gələn vəzifələrin icrasının davamı olaraq respublikanın hər yerində olduğu kimi, Ağstafa rayonunda da silsilə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, partiya fəalları, rayonun məsul şəxsləri, könüllü gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ağstafa şəhəri ərazisində keçirilən aksiyada 100 ədəd müxtəlif növ ağac tingi əkilərək aqrotexniki qulluq göstərilib, ərazidə müvafiq abadlıq işləri həyata keçirilib.
Aksiyada qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsində başlıca məqsəd ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə olunmasına, yaşıllıqların qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək və Ulu Öndərin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdən ibarətdir.
Vəli VƏLİYEV,
“Respublika”.