İki əsrdən çoxdur ki, vaxtilə qədim torpaqlarımıza, Qərbi Azərbaycana və Qarabağa köçürülən ermənilər düşmənçilikdən, terrordan, hərbi təcavüzdən, etnik nifrətdən əl çəkmirlər, otuz ilə yaxın yurd yerlərimizi işğalda saxlayan, azərbaycanlılara məxsus evləri, ictimai binaları, təhsil və mədəniyyət ocaqlarını, dini abidələri vəhşiliklə dağıdaraq məhv ediblər. Ermənilərin qanlı və kirli caynaqlarının izi Ağdamda xüsusilə daha amansız şəkildə özünü göstərib. Xain düşmən Qarabağın muğam beşiyi, ziyalılar yurdu, qəhrəman oğulları ilə öyünən Ağdamı, gözəl və yaraşıqlı şəhəri bünövrəsinə qədər söküblər, bu qədim şəhərin xarabalıqları görənləri dəhşətə gətirir, uçuq divarların lal görkəmi ürək dağlayır, ermənilərin nə qədər vəhşi bir toplum olduğundan xəbər verir.
Bir güllə atılmadan erməni işğalından azad edilən Ağdama bir neçə dəfə səfər etmişəm və hər dəfə də şəhərin dağıntıları arasında R.Gözəlov küçəsindəki evimizi axtarsam da tapa bilməmişəm, abad və səliqəli küçəmizi kol-kos basıb, xatirələrimizin beşiyini düşmən qəsdən və bilərəkdən, qatı nifrət ruhunda dağıdıb. Doğulub boya-başa çatdığım Əliağalı kəndində isə məni varlığımı sarsıdan, qəlbimə köz kimi basılan dəhşətli bir mənzərə, düşmən tərəfindən viran edilmiş ata evimin qaralmış qalıqları qarşıladı. İkimərtəbəli evimizin daşı daş üstündə qalmayıb, həyətimizdəki meyvə ağaclarının hamısını doğrayan erməni faşistləri buradakı uşaqlıq xatirələrimin izini siliblər, üstündə iməklədiyim torpağın bağrına dağ basıblar, burada zərrə qədər həyat işartısı yoxdur. Sinəmdə boğulan hıçqırıqların göynərtisinə, səssiz axan göz yaşlarıma, ürəyimi titrədən həyəcana, evimizin yaralanmış daşlarına sığal çəkən əllərimin titrəyişinə mətin addımlarla mənə tərəf yaxınlaşan Azərbaycan əsgərinin gülümsər çöhrəsi, gözlərindəki inam elə bil sığal çəkdi, keçirdiyim yaralı və kədərli hisslərin yerini qalib əsgərimizin doğma insan kimi mənə toxdaqlıq verməsi tutdu. Qeyd edim ki, bizim kənd Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına yaxın ərazidə yerləşir, ona görə də burada əsgər və zabitlərimiz xidmət keçirlər.
Ağdam dünyada 10 ruhlar şəhərindən biridir. Vaxtilə bu şəhərdə 40 min nəfərə yaxın insan- rus, erməni, gürcü, ukrayn, Belarus və digər xalqların nümayəndələri azərbaycanlılarla birlikdə mehriban şəraitdə yaşayıblar. Dağıdılmış, yandırılmış, viran edilmiş erməni vəhşiliyinin şahidi Ağdam 2008-ci ildə "Lonely Planet" jurnalı tərəfindən "Qafqazın Xirosiması" adlandırılıb. 2010-cu ildə məşhur "Əl-Cəzirə"nin internet nəşri Ağdamı "Ruhlar şəhəri" siyahısına salıb.
Vaxtilə abad və gözəl şəhər olmuş Ağdam təcavüzkar Ermənistanın faşist rejimi tərəfindən yer üzündən silinib. Bu qədim tarixi olan şəhərdə ermənilərin törətdiyi vəhşilik, varvarlıq adamı dəhşətə salır. Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 il 4 aydan sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı. Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan əsgəri sözün əsl mənasında xalqımızın şərəf və qürur tarixini yazıb. Torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuraraq doğma yurd yerlərimizi işğalçılardan xilas edib.
Bu gün şanlı ordumuz Azərbaycanın ərazi bütövlüyünü əzmlə qoruyur, sərhədlərimizi qətiyyətlə müdafiə edir. Şanlı qələbədən sonra işğaldan azad edilən bütün rayonlarda, o cümlədən Ağdamda çox əhəmiyyətli infrastruktur layihələr həyata keçirilir. Məlum olduğu kimi, Ermənistan otuz il