Ağdam: Yeni şəhərin üfüqləri
Region

Ağdam: Yeni şəhərin üfüqləri

Şanlı, qəhrəman və cəsur ordumuzun bölmələrinin hücumu qarşısında diz çökən, hərbi texnikaları və silahlı qüvvələri darmadağın edilən işğalçı Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. Üçtərəfli Bəyanatın şərtlərinə görə Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan Azərbaycanın nəzarətinə qaytarıldı. Hərbi, diplomatik və informasiya cəbhəsində möhtəşəm üstünlük qazanan dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən torpaqlarda genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərinə başlanıldı. Ən əvvəl müvafiq infrastrukturun yaradılması, enerji təsərrüfatının qurulması müharibə ağrıları yaşamış torpaqlara yeni bir həyat gətirdi.

Respublikamızın sosial, iqtisadi, mədəni həyatına və ordu quruculuğuna mühüm töhfələr verən 2022-ci il başa çatır. İşğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işlərinin ahəngi gündən-günə artır, işğalçıların ölü zonaya çevirdikləri torpaqlar indi çox böyük quruculuq məkanıdır. Respublikamızda iqtisadi rayonların yeni bölgüsü haqqında Prezident İlham Əliyevin Fərmanı böyük tarixi əhəmiyyət daşıyır və eyni zamanda yeni məqsədlərin həyata keçirilməsinə geniş imkanlar açır. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etmək qarşıda dayanan ən ümdə məsələdir. Özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamın bərpası və sürətli inkişafı doğrudan da qürurvericidir, bu, hər şeydən əvvəl dövlətimizin gücünü göstərir.

İşğaldan azad edilən yurd yerlərinə köçəcək insanların iş yerləri ilə təmin olunmaları üçün 2021-ci il may ayının 28-də Prezident tərəfindən təməli qoyulan Ağdam Sənaye Parkında işlər sürətlə aparılır. Prezident İlham Əliyevin imzaladığı "Ağdam Sənaye Parkının yaradılması haqqında" Fərmanda bildirilir ki, işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. İşğaldan azad olunmuş Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir.

Qeyd edək ki, Ağdam Sənaye Parkının ümumi ərazisi 190 hektardır. İşğaldan əvvəlki sənaye zonasının ərazisində yaradılan parkda artıq sosial istiqamətli işlər yekunlaşıb. Burada yataqxana, yeməkxana, anbar, market, çamaşırxana, tibb məntəqəsi, ödəniş məntəqəsi, bankomat, idman meydançasından ibarət sosial zona və mobilizasiya şəhərciyinin qurulması işləri başa çatdırılıb. Sosial zonanın işıqlandırılmasında Günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Sənaye Parkı sürətli internetlə də təmin olunub. Parkda 2 ədəd 400 kV-luq, 1 ədəd 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb və 40 MVA 110/35/6 elektrik yarımstansiyasının özül çalasının torpaq işləri başa çatıb, dəmir beton özülün hazırlıq işləri görülür. Tikinti aparılan sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb.

Sahə mühəndisi Səxavət Zeynallı bildirir ki, sənaye parkında hazırda inzibati binanın, 4 ədəd su anbarının, nasosxananın tikintisi həyata keçirilir. İnzibati binanın bir bloku iki, digər bloku isə dördmərtəbəli olacaq. Hazırda binanın təməlində dəmir-beton işləri başa çatdırılıb, əks-dolğu işləri aparılır.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. İndiyədək 12 sahibkarlıq subyektinə rezident statusu verilib. İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilir ki, artıq rezidentlərin bir çoxu tikinti işlərinə başlayıb. Belə ki, "Metkons" MMC havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatların, "Dadaş-N" MMC müxtəlif çeşiddə xalçaların, "Veliev" MMC prefabrik dəmir-beton məmulatları istehsalı müəssisələrinin inşasına start veriblər. Sənaye Parkının digər rezidentləri tərəfindən isə layihələndirmə işləri görülür və yaxın zamanda tikinti işlərinə başlanması nəzərdə tutulub. Dam örtükləri, dəmir-beton məmulatlar, izolyasiyalı panellər, havalandırma, yanğınsöndürmə avadanlıqları, polimer məhsullar, Günəş enerjisi ilə qidalanan işıq dirəkləri və digər qurğular. Ağdam Sənaye Parkının rezidentlərinin istehsal edəcəkləri bu məhsullar rayonda aparılan tikinti-quruculuq işlərində geniş istifadə olunacaq.

Vaxtilə Ağdam şəhərində xalçaçılıq fabriki fəaliyyət göstərib, burada müxtəlif və qədim çeşnili Qarabağ xalçaları istehsal olunub, dünya sərgilərində nümayiş etdirilib. Yeni sənaye parkında da xalça istehsalı önəmli yerlərdən birini tutur. Müxtəlif çeşiddə xalçaların istehsalı ilə məşğul olacaq "Dadaş-N" MMC Ağdam Sənaye Parkında 3 hektar ərazidə iki fabrik inşa edəcək. MMC-nin nümayəndəsi Ərəstun Hüseynov bildirir ki, artıq xalçaçılıq və iplik fabriklərinin təməli qazılıb. İşçilər üçün yataqxana binasının təməli də inşaat işlərinə hazırlanır.

Yeri gəlmişkən qeyd edək ki, sənaye parkında üç şirkətə qeyri-rezidentlik statusu verilib. Onlardan "Yüksəl Beton" QSC artıq bu ərazidə beton istehsalı müəssisəsi inşa edib, məhsulun topdan və pərakəndə satışına başlayıb. "Yüksəl Beton" QSC-nin Ağdam Sənaye Parkındakı direktoru Məhəmməd Çilin sözlərinə görə, zavod saatda 120 kub beton istehsal etmək gücündədir. Saatda 100 kub beton istehsal edəcək daha bir zavod da quraşdırılacaq. Müəssisə sənaye zonasındakı və Ağdam şəhərindəki tikintiləri betonla təmin edir. Ümumilikdə, Ağdam Sənaye Parkına 60 milyon manatdan çox investisiya yatırılacaq. Sənaye Parkında 700-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

2021-ci il mayın 28-də Prezident İlham Əliyev işğaldan azad edilən Ağdama səfəri zamanı rayon ictimaiyyəti ilə görüşündə şəhərin Baş planı təqdim olundu, dövlətimizin başçısı yenidən qurulacaq Ağdam şəhərinin təməl daşını qoydu və bildirdi ki, Ağdam dünyanın ən gözəl şəhərlərindən biri olacaq, həm də qeyri-adi gözəlliyi ilə başqalarından seçiləcək. Elə bir Ağdam quracağıq ki, dünyada bənzəri olmayacaq. Həmin vaxtdan etibarən Ağdamda quruculuq işlərinə başlanılıb. Yeni şəhərin üfüqləri artıq uzaqdan baxanda da görünür. Ağdamı yer üzünə yenidən doğulan şəhər adlandırmaq olar. Ağdamlılar isə doğma şəhərə qayıdacaqları günləri səbirsizliklə, ümidlə, inamla gözləyirlər...

Salman ALIOĞLU,

"Respublika".