Yenidən tikilən şəhərin əsas cizgiləri belə olacaq
İşğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işlərinin miqyası gündən-günə genişlənir, həyat əhəmiyyətli infrastruktur layihələr uğurla icra olunur. 30 ilə yaxın Ermənistanın talan edərək dağıtdığı yurd yerlərimiz yenidən, müasir görkəmdə, hər cür şəraiti olan yaşayış məskəni kimi öz sahiblərinə təhvil verilir, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına həyəcanla, həvəslə, sevinclə, arzu, xəyallarla, xoşbəxtlikdən doğan göz yaşları ilə qayıdırlar. Onlar şükranlıqla, dərin minnətdarlıqla ürək sözlərini dilə gətirir, qalib və qüdrətli Azərbaycan vətəndaşı olmaqları ilə fəxr etdiklərini bildirirlər.
Vaxtilə Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli torpaqlarından zorla köçürülən insanların qayıdış köçü başqa bir mənzərə, tarixi bir məqamdır, haqqın və ədalətin təntənəsidir. Xain və məkrli qonşumuz, düşmən Ermənistan uzun illər ərzində torpaqlarımızda törətdiyi cinayətlərin bədəlini mütləq ödəyəcək, cavab verəcək.
Dünyada bəlkə ikinci elə bir yer yoxdur ki, ermənilərin Ağdam şəhərində və ətraf kəndlərdə törətdikləri vandalizm, nifrət və düşmənçilik bu qədər geniş miqyas almış olsun. Bu, azərbaycanlılara qarşı qatı nifrət, ayrı-seçkilik və işğal məqsədilə törədilən hərbi cinayətdir. Ermənistanın keçmiş hərbi və siyasi rəhbərləri Serjik Sarkisyan, Robert Koçaryan və onların əlaltıları olmuş cinayətkarlar buna görə beynəlxalq tribunalda cavab verməlidirlər. Belə əməlləri bağışlamaq mümkün deyil. Qələbədən sonra işğaldan azad edilən torpaqlarımızda, o cümlədən Ağdamdakı erməni vəhşiliyinin acı və qəddar mənzərəsi ilə qarşılaşdıq. Qarabağın mərkəzi, abad və yaraşıqlı, ağ damlı Ağdamın xarabalıqları uzun illər işğalçıları müdafiə edən ermənipərəst qüvvələrin gözünə iynə kimi sancılır. Bu vəhşiliyi görməzdən gələn bəzi dövlətlər və ermənipərəstlər haqqın, ədalətin, qəhrəmanlığın, Zəfərin qarşısında utanmaq əvəzinə hələ də təcavüzkar Ermənistana havadarlıq edir, bölgədə gərginliyin artmasına, münaqişə ocağının alovlanmasına cəhd göstərirlər. 30 ilə yaxın bu münaqişəni həll etməklə məşğul olan beynəlxalq təşkilatların edə bilmədiyini Qalib Ali Baş Komandan İlham Əliyev və Müzəffər Azərbaycan ordusu 44 günə etdi, haqsızlığa, işğala, şərə birdəfəlik son qoydu. Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə dövlətimizin başçısı çıxışında bildirdi ki, 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər "Qafqazın Hirosiması" adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır.
Yaxşı bir atalar sözü var, yalançını mənzilinə qədər qovarlar. Kapitulyasiya aktına qol çəkəndən sonra Ermənistan üzərinə götürdüyü öhdəliklərdən açıq şəkildə qaçır, hiyləgərlik göstərir, gah Qərbə, gah İrana, gah da Rusiyaya üz tutur, acınacaqlı şəkildə müstəqil dövlət olmadığını bir daha sübut edir. Otuz il davam edən işğal zamanı 300-dən çox şəhər və kəndimiz, mədəniyyət və dini obyektlərimiz tamamilə dağıdılıb. Bundan başqa, münaqişəyə məruz qalmış ərazilərin minalarla böyük dərəcədə çirklənməsi, dəqiq mina xəritələrinin olmaması şəhərsalma, reabilitasiya və yenidənqurma işlərinin səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır. Bu barədə Ağdamda Azərbaycan Respublikası Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən illik yüksək səviyyəli strateji