Vaşinqton dini azlıqların hüquqlarından danışa biləcək ən sonuncu ölkədir
ABŞ Dövlət Departamentinin dini azlıqlarla bağlı hesabatının Azərbaycana aid olan hissəsinin Amerika Erməni Assambleyasının mərkəzi ofisinin kommunikasiya üzrə keçmiş direktoru, Livanın Los-Ancelesdəki Konsulluğunun sabiq əməkdaşı Daniela Saroyan-Aşbaxyanın rəhbərlik etdiyi ictimai xidmət tərəfindən hazırlanması, qarayaxma kampaniyasının öncədən və məqsədyönlü şəkildə, siyasi sifariş əsasında təşkil edildiyindən xəbər verir.
Daniela Saroyan-Aşbaxyanın ABŞ-ın beynəlxalq dini azadlıq komissiyasının ictimaiyyətlə və konqreslə əlaqələr üzrə rəhbəri olması isə Birləşmiş Ştatların "Xarici təsirlər haqqında" (Foreign-influence laws across the United States) qanunvericilik aktlarına görə qeyri-qanunidir. Diqqətçəkən faktlardan biri də Daniela Saroyan-Aşbaxyanın 2020-ci ildə, 44 günlük müharibədən sonra bu vəzifəyə gətirilməsidir ki, bu da qətiyyən təsadüfə bənzəmir.
Təkcə bu faktın özü, Birləşmiş Ştatların Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatın hazırlanmasını ABŞ-dakı erməni diasporunun rəhbərlərindən, fəal və aparıcı simalarından birinə həvalə etməsi ölkəmizə qarşı qərəzli yanaşmanın bariz nümunəsi sayıla bilər.
Qeyd edək ki, hazırda irqçiliyin, ksenofobiyanın, islamofobiyanın və dini-etnik zəmində nifrətin miqyasına görə bütün "qara siyahı"lara liderlik edən ABŞ-ın Azərbaycanı Ermənistan və erməni diasporunun yalanları üzərindən ittiham etməsi ikili standartların, riyakarlığın ən son həddidir. Xatırladaq ki, Ağ Ev təkcə öz sərhədləri çərçivəsində irqçiliyi, islamofobiyanı stimullaşdırmaqla kifayətlənmir, Avropadakı islamofob, ultramillətçi təşkilatları da maliyyələşdirməklə sivilizasiyalararası qarşıdurmanı daha aqressiv müstəviyə keçirməyə can atır. 2019-cu il üzrə nüfuzlu Avropa təşkilatları tərəfindən hazırlanmış "Nifrətin uzurpasiyası: Amerika xeyriyyəçiliyi və islamofobiya şəbəkəsi" adlı hesabat üçün aparılan araşdırmalar zamanı ABŞ-da yerləşən 1096 təşkilatın 39 qrupa islamofobiyanı körükləmək üçün on milyonlarla dollarlıq maliyyə yardımı göstərdiyi məlum olub. Vəsaitlərin əhəmiyyətli hissəsi isə Avropadakı ultramillətçi təşkilat və qruplara yönləndirilib. Bunun nəticəsi olaraq, elə həmin il təkcə Almaniyada müsəlmanlara qarşı nifrət zəminində 871 cinayət törədilib. Onlardan 58-i müsəlmanların dini obyektlərinə qarşı yönəlib. 46 hücum nəticəsində isə müsəlmanlara ağır xəsarətlər yetirilib. Fransada isə 2019-cu ildə islamofobiya zəminində törədilən və qeydə alınan cinayətlərin sayı 1043 olub. ABŞ hətta Albaniya kimi əhalisinin əhəmiyyətli hissəsi müsəlmanlardan ibarət olan ölkədəki irqçi, islamafob qruplara da maliyyə ayırıb. Həmçinin dolayısıyla müsəlmanlara münasibətdə tolerant ölkələrdən biri sayılan Çexiyada Quranın yandırılması kimi dinlərarası ədavəti gücləndirən aksiyanı gerçəkləşdirən irqçi qrupun maliyyələşməsində iştirak edib.
Bütün bunlar Vaşinqtonun dini azlıqların hüquqlarından danışa biləcək ən sonuncu ölkə olduğunu sübuta yetirir.
Azərbaycan xalqının tolerantlığı bütün dünyaya nümunədir və ölkəmizin ərazi bütövlüyü uğrunda dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızın birlikdə nümayiş etdirdikləri əzm və fədakarlıq Ağ Evin ağ yalanlarının ən yaxşı cavabı sayıla bilər.
Azər KƏRİMLİ,
Milli Məclisin deputatı.