ABŞ yenidən
Siyasət

ABŞ yenidən "pinq-ponq siyasəti"ndən istifadə edəcəkmi?

İsrail-HƏMAS müharibəsi regionda maraqlarını təmin etmək istəyən iki tərəf arasında münasibətləri daha da mürəkkəb səviyyəyə çatdırıb. Söhbət ABŞ və İrandan gedir.

İsrail və HƏMAS arasında baş verən qarşıdurmanın daha şiddətli mübarizə müstəvisinə keçməsi ilə bağlı proqnozlar verilir. Amerika Birləşmiş Ştatları və İran arasında qəliz olan münasibətlər bir qədər də gərginləşib. İranın Birləşmiş Ştatları Suriyada sıxışdırmağa yönələn səyləri sürətlənir. Bunun əlamətlərini bir neçə hadisə göstərir. Pentaqonun məlumatına görə, oktyabrın 17-dən 24-dək İrana bağlı olduğu ehtimal edilən qruplaşma Amerika Birləşmiş Ştatlarının İraqdakı və Suriyadakı hərbi hissələrinə bir neçə dəfə raket və dronlarla zərbə endirib. Buna cavab olaraq, Amerika Birləşmiş Ştatları İran milislərinin istifadə etdiyi obyektləri hədəfə alıb.

ABŞ dövlət rəsmiləri bildirib ki, lazım gəlsə, əsgərlərimizi və obyektlərimizi qorumaq üçün hərəkətə keçəcəklər. Yaxın Şərqdə alovlanan İsrail-HƏMAS müharibəsi ABŞ ilə İran arasında münaqişənin coğrafiyasını genişləndirəcəyi proqnozlaşdırılır. İsrail-HƏMAS qarşıdurmasının qanlı müharibəyə çevriləcəyi ilə bağlı proqnozlar artıq özünü doğrultmaqdadır. Bəzi ölkələrin isə bu münaqişədə rolu birmənalı qarşılanmır. Livan və Suriya ilə yanaşı, bu kontekstdə İran da hədəfdədir. İran Birləşmiş Ştatların İsrail-HƏMAS münaqişəsinə müdaxilə ilə bağlı xəbərdarlıqlarına əməl etməyəcəyini bildirib. İran prezidenti İbrahim Rəisinin sözlərinə görə, Vaşinqton İranı təmkinli olmağa və münaqişəyə qarışmamağa çağırsa da, İsrailə geniş dəstək verir. Gərginliyin gedişatı isə narahatlıq doğurur.

İranla ABŞ əlaqələrinə nəzər salsaq, bu xəttin XX əsrin sonlarında daha da gücləndiyini, lakin enişli-yoxuşlu trayektoriya ilə hərəkətini müşahidə etmiş olarıq. Xüsusilə Fars körfəsində neft ixracatı ilə bəzi razılıqlar əldə olunsa da, Şah Məhəmməd Rza Pəhləvinin dövründə müsbət qiymətləndirilə biləcək münasibətlər 1979-cu il İranda baş verən inqilabdan sonra tənəzzül prosesinə qədəm qoymuşdur. Xüsusilə, 2008-ci ildə bu münasibətlər kəskinləşmiş, ABŞ və İran arasında casus qalmaqalı dövrü başlamışdır. O dövrdə İsrailin dövlət rəsmiləri gələcəkdə baş verəcək hər hansı bir qarşıdurma zamanı İranın Suriya və Livan vasitəsilə bölgədə üstünlük yarada biləcəyini bildirmişdilər.

Görünür, ABŞ departamenti bu kimi vəziyyətləri nəzərə alıb və bölgədə yeni gücdən narahat olaraq İrana qarşı növbəti illərdə embarqo və sanksiyaların qoyulmasında birbaşa iştirak edib. Oktyabrın 7-si İsraillə HƏMAS arasında qarşıdurmanın gərginləşməsinin ardından ABŞ öz diplomatiyasını günahsız insan ölümü üzərində quraraq bölgədə mövcud situasiyanın daha da gərginləşməsi üçün əlindən gələni etməyə davam edir. BMT-nin təcili iclasında Qəzzaya humanitar yardım paketinin təsdiqinə veto qoyan Amerika bölgədə digər güclərlə də diplomatiya müharibəsi aparır. Rəsmi Vaşinqtonun ard-arda İrana hədələyici mesajlar verməsi, Rusiyanın ardından İrana qarşı ikinci cəbhə açaraq müharibə aparmaq istəyindən irəli gəlir. Lakin tarixə nəzər salsaq görərik ki, ABŞ hər zaman iki rəqibindən birini sonda digərinə düşmən etmək cəhdləri güdür. SSRİ ilə "soyuq" müharibə aparan ABŞ, Çinlə də münasibətlərinin gərgin olmasından bəhrələnmiş, rəsmi Pekin ilə arasındakı soyuqluğu adı tarixə "pinq-ponq siyasəti" kimi düşən siyasətlə aradan qaldırmışdır. Sözügedən diplomatiya rəqibləri ilə münasibətləri "pinq-ponq" idman növü üzərində normallaşdırmağa xidmət edən incə sistem rolunu oynayır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, rəsmi Vaşinqton rəqiblərini stolüstü tennis oyununun növü olan pinq-ponq vasitəsilə "yumşaltma" siyasəti apararaq onlardan digər ölkələrə qarşı istifadə etməyi planlaşdırır. Bəzi ekspertlər isə daha da dərinə gedərək bu siyasətə "pinq-ponq siyasəti" adı verilməsinin səbəbini Amerikanın rəqibləri ilə oynaması və daha sonra onları digər tərəfə yönləndirməsi ilə əlaqələndirirlər. Məhz ABŞ bu diplomatiyadan zaman-zaman İranla münasibətlərin bərpa edilməsi üçün istifadə etsə də, sonda uğursuzluğa düçar olmuşdur. Bu gün isə rəsmi Vaşinqtonun yenə eyni diplomatiyadan istifadə edib Rusiya və İran arasında qarşıdurma yaradılması üçün istifadə etməyə cəhd edəcəyi ehtimal edilir. Hazırkı durumda isə İsrail və HƏMAS arasında alovlanan müharibədə "benzin" rolunu oynayan ABŞ nə İranla, nə də Rusiya ilə əlaqələrin normallaşdırılması üçün güzəştə getməyə müsbət yanaşmır. İyrənc oyunların getdiyi bölgədə ABŞ öz maraqları uğrunda günahsız insanların qətlə yetirilməsinə göz yumur. Neokolonist siyasət yürüdən qərbin "ərköyün övladı" Fransanın prezidenti Emmanuel Makron da keçən həftə İsrailə səfər edərək ABŞ-ın yanında olduğunu göstərdi. Məqsədi bölgədə yaranmış vəziyyətdən pay almaq olan rəsmi Paris isə hələ ki, xəstə diplomatiyasını sürükləməyi bacarır. Amerika ilə oxşar siyasət yürüdən rəsmi Parisin Azərbaycan-Ermənistan müharibəsində də terrorçu Ermənistana dəstək verməsi bir daha onun üçün günahsız insan həyatının ikinci planda olmasını sübut edir. Həmçinin Fransa "pinq-ponq" siyasətində də rəsmi Vaşinqtondan geri qalmır. Sülhə yox, münaqişəyə dəstək verən rəsmi Paris ənənəvi siyasi xəttini davam etdirir. Lakin "pinq-ponq siyasəti"nin yekunda əks-nəticə verəcəyi halda, nəinki ABŞ, hətta Fransanın da uçuruma sürüklənəcəyi ehtimal edilir.

T.SADIQOV,

"Respublika".