Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin əsas prinsiplərindən biri də qlobal güclərlə olan münasibətlərin tənzimlənməsinə yönəlib. Qərb və Şərqin aparıcı dövlətləri ilə qurulan dialoqlarda da əsas prioritet digər ölkələrlə münasibətləri zədələməməkdir. Müstəqillik və dövlətçilik mənafelərini qorumaq üçün Azərbaycan diplomatiyası təkcə regional səviyyədə deyil, beynəlxalq platformada da fəal şəkildə ikitərəfli və çoxtərəfli əlaqələr qurur. Bu baxımdan ölkəmiz həm Avrasiya, Afrika, həm də Amerika materiklərində yerləşən bir çox dövlətlərlə strateji tərəfdaş kimi çox isti münasibətlərə malikdir. Öz daxili, xarici və geosiyasi xarakteristikasına görə dünyanın ən əhəmiyyətli geostrateji ərazilərindən biri də Şimali Amerikadır. Azərbaycanın Şimali Amerika ölkələri ilə diplomatik əlaqələri 1991-ci ildən, yəni müstəqilliyimizi bərpa etdikdən sonra qurulub. Bu qitədə yerləşən dünyanın süpergücü olan ABŞ ilə əlaqələr digərlərinə nisbətən daha dərin köklərə malikdir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda vitse-konsul Randolfun rəhbərliyi ilə ABŞ nümayəndəliyi fəaliyyət göstərmişdir.
XX əsrin 90-cı illərin başlanğıcında SSRİ-nin dağılmasından sonra ABŞ postsovet ölkələri ilə iqtisadi və siyasi sahədə münasibətlərin qurulmasında aktiv rol almağa başladı. Bunun əsas səbəblərindən biri də "başsız" qalmış regionlarda nüfuzunu artırmaq, Cənubi Qafqazı, Baltik dənizi sahillərini, Şərqi Avropa və eləcə də Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxartmaq idi. ABŞ-ın xüsusi önəm verdiyi regionlardan biri də Cənubi Qafqaz regionu olub. Bölgənin Şərq ilə Qərb arasında dəhliz rolunu oynaması, həmçinin sərvətlərinin zənginliyi daha çox diqqəti cəlb etmişdir. Lakin Ağ Ev rəsmilərinin region ölkələri ilə apardıqları dialoqlarda bir sıra təzadlı məqamlara, ikili standartlara rast gəlmək olur. Bunun da əsas səbəbi ondan ibarətdir ki, bu ölkənin Senatında fəaliyyət göstərən erməni lobbisinin rəsmiləri Ermənistan-Azərbaycan arasındakı Qarabağ münaqişəsinə başqa yanaşma sərgiləməsidir. 1992-ci ilin oktyabrında ABŞ Konqresi tərəfindən postsovet respublikalarına dövlət yardımını tənzimləyən "Azadlığı Müdafiə Aktı" adlı qanun qəbul edilsə də, erməni lobbi təşkilatlarının dəstəyi ilə "Azadlığı Müdafiə Aktı" qanununa xüsusi "907 nömrəli bölmə" adında əlavə qəbul etdirmişlər. 907-ci düzəlişə əsasən ABŞ Konqresi-Azərbaycan hökumətinə dövlət yardımını qadağan edir. Səbəb kimi isə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğal" edilməsi və Ermənistanı blokada şəraitində saxlaması göstərilir. Bu işdə ermənipərəst senator Con Kerri və konqressmen Ueyn Ouensin böyük "əməyi" olmuşdur. Uzun müddət Azərbaycan rəsmiləri bu düzəlişin ləğvi üçün rəsmi Vaşinqton ilə görüşlər keçirsə də, hələ də bu qərar formal olaraq qüvvədə saxlanılır. Ümummilli lider Heydər Əliyev 1997-ci ildə ABŞ- a rəsmi səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərinə böyük ziyan vuran 907-ci əlavənin ləğvinin zəruriliyini və iki ölkə arasındakı münasibətləri zədələdiyini prezident Klinton və ABŞ Konqresinin üzvlərilə görüşlərdə də onların diqqətinə çatdırmışdır. Lakin sonrakı illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı bu məsələni demək olar ki, unutdurmuşdur. Digər maraqlı məqam isə odur ki, Vaşinqton hökuməti dövlətimizə qarşı manipulyasiya edilmiş bu qərarı qəbul etsə də, digər tərəfdən iqtisadi sahədə hər zaman ölkəmizin yanında olmuş, hətta yetərincə dəstəkləmişdir. İki ölkə arasında 1994-cü ilə qədər bir sıra müqavilələr imzalansa da, geniş ölçüdə iqtisadi tərəfdaşlıq "Əsrin müqaviləsi"ndən sonra başlayıb. Dünyanın ən iri neft şirkətləri ilə bağlanan müqavilələr nəticəsində "Azəri-Günəşli-Çıraq" yataqlarından hasil olunan neftin dünya bazarlarına çıxarılmasına və nəqlinə bir sıra ölkələr mane olsa da ABŞ "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin çəkilməsini dəstəkləmişdir. Dövlət başçısı İlham Əliyev mayın 3-də Şuşada keçirilən beynəlxalq tədbirdə bu məsələyə münasibət bildirib: "Birləşmiş Ştatlar enerji təchizatı marşrutlarının şaxələndirilməsində və Avropa Komissiyasının, qeyd etdiyim kimi, bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı