2003-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycan xalqının gələcəyinə dərindən təsir edəcək müraciət etdi. Əbədiyaşar lider Vətənini özü qədər sevəcək, taleyüklü məsələlərin həllində xüsusi səriştə göstərəcək, ölkə vətəndaşlarının qayğısına qalmağı prioritet məsələ bilərək xalq-lider birliyini möhkəmləndirəcək şəxsin kimliyinə artıq qərar vermişdi. Ümummilli lider o zaman baş nazir vəzifəsində çalışan İlham Əliyevə etimad göstərmək üçün xalqa müraciət etdi. Azərbaycan vətəndaşları da ulu öndər Heydər Əliyevə yüksək inam nümayiş etdirdi. Ölkəsini ağır durumdan və parçalanma təhlükəsindən xilas edən Heydər Əliyev bundan sonra qurucusu olduğu Azərbaycanın inkişafını İlham Əliyevə vəsiyyət etdi.
Başlanğıc...
Tarix ata vəsiyyətini uğurla yerinə yetirən çox az sayda sərkərdəyə şahidlik etmişdir. Bu qətiyyətli prosesin ilk icraçıları keçmişin türk xaqanları, türk sərkərdələri olmuşdur. Məhz İlham Əliyev də böyük sərkərdəlik məharəti göstərərək hər bir azərbaycanlını narahat edən prioritet məsələlərin həllinə başladı. Ulu öndər Heydər Əliyevin parçalanmaqdan xilas etdiyi Azərbaycanın möhkəm təməllərə ehtiyacı var idi. Azərbaycana məğlub ölkə kimi baxılırdı, azərbaycanlılar xaricdə təqib və təzyiqlərə məruz qalırdılar, iqtisadiyyatı inkişaf etməyən, güclü ordusu olmayan xalqın qətiyyətli mövqeyi də ola bilməzdi. Bunun üçün də çox iş görmək lazım idi. Prezident İlham Əliyev ilk növbədə xalq-dövlət birliyini təmin etdi. Artıq bütün təməllər atılmışdı, problemlərin həlli üçün zaman və düzgün idarəetmə məharəti gərək idi...
Güclü dövlət məqsəd deyil, vasitədir...
Məsələnin həlli üçün ən önəmli vasitə "düzgün sualların qoyulması"dır; sual qoyulur, cavablar axtarılır, verilən cavablar təsdiq və ya inkar edilir, müxtəlif fikirlər, yanaşmalar irəli sürülür və bütün bu proseslərin nəticəsi olaraq həmin məsələyə dair "baxışlar sistemi" yaranır.
Ortaya çıxan sual isə düşündürücüdür: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 20 il ərzində qazandığı uğurlar məqsəddir, yoxsa vasitə? Əgər sualın əhatəsini bir az genişləndirərək dövlətin məqsəd, yoxsa vasitə olduğunu aydınlaşdırsaq o zaman ölkə başçısının böyük sərkərdəlik məharətinin tərifinə yaxınlaşmış olarıq. Platon "Dövlət" əsərində dövlət və fərd münasibətlərində "məqsəd" probleminə toxunur və ortaya çıxan fikirləri analiz edir. Platon dövlətə tərif verərkən onu hər kəsin xoşbəxtliyini təmin etməyə yönəlmiş bir vasitə olaraq göstərir. Platona görə, əsl idarəetmə idarəedənin "öz mənfəətini deyil, idarə olunanın mənfəətlərinin güdülməsidir". Məhz İlham Əliyev də dövlət başçısı olaraq bu məsələni rəhbər tutdu. Təkcə ölkə daxilində yaşayan azərbaycanlıların rifahı deyil, eyni zamanda xaricdə yaşayan soydaşlarımızı da düşünən İlham Əliyev diqqət və qayğı məsələsini özü üçün ən ali prinsip hesab etdi. Beləcə, sualın cavabını sadə şəkildə əldə etmiş oluruq: mənəvi birlik, güclü iqtisadiyyat, möhkəm dövlət. Bütün bunlar isə uğura gedən yolda məqsəd hesab edilə bilməz. Əgər əldə olunan uğurları məqsəd hesab etsək, o zaman məsələnin mahiyyətini azaltmış olarıq. Çünki məqsəd subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə, prosesin hərəkət etdiyi son nəticədir. Böyük sərkərdə İlham Əliyev isə 20 ildə əldə olunan nailiyyətlərə məqsəd deyil, vasitə kimi baxdı, bununla da özünün ən ali məqsədlərindən birinə çatmış oldu. İlk baxışda paradoks görünən bu cümlənin isə sadə bir açıqlaması var: hədəfə gedən yolda bütün vasitələrdən düzgün istifadə ən ali məqsədlərdən birini reallığa çevirdi - ərazi bütövlüyümüz tam bərpa olundu...
"Made in Azerbaijan"
Prezident İlham Əliyev 30 illik Qarabağ probleminin uğurlu həllinə nail oldu. Bunun üçün bütün vasitələrdən istifadə hədəfi əlçatan etdi. Bəs bu vasitələr nəyi ehtiva edir və gələcək üçün nə vəd edir? İlk öncə bu vasitələrdən biri olan güclü iqtisadiyyat faktorundan söz açmaq yerinə düşür. Bütün dövrlərdə ən güclü dövlətlərin belə kiçik bir böhran qığılcımı ilə parçalandığı faktlarını bilirik. XXI əsrdə dünyanı nəhənglərin idarə etdiyi qlobal bazara çevrildiyini düşünsək, 20 il əvvəl ölkə iqtisadiyyatının bu qədər inkişafını sadəcə xəyal etmək olardı. Amma İlham Əliyev 20 il ərzində bəlkə də mümkünsüzü mümkün etdi. Ulu öndər Heydər Əliyevin "Əsrin müqaviləsi" ilə Azərbaycanda neft erasını başlatması ölkəmizin xarici bazara yolunu açaraq güclü iqtisadiyyat prinsipinin kapitalını qoydu. Lakin parçalanmaqdan xilas olunmuş dövlət üçün əsas güclü iqtisadiyyatın qurulması ilə yanaşı, onun qorunub saxlanılması da vacib məsələ idi. İstər ulu öndər Heydər Əliyev, istərsə də onun layiqli davamçısı İlham Əliyev yaxşı bilirdilər ki, təkcə neftlə güclü iqtisadiyyatı qoruyub saxlamaq mümkün deyil. Buna görə də ölkə başçısı neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna da investisiya yatırdı və Azərbaycan üçün gözlənilən gələcək riskləri minimuma endirdi. Neft tükənən sərvətdir, tükənməyən isə İlham Əliyevin layihələri idi. 2003-cü illə hazırkı dövrü qarşılaşdırsaq, bəzi göstəricilərin sadəcə sıfırlarının 10 barmağımızla göstərilə bilməyəcək qədər artdığını görərik. Uğurlu diversifikasiyalar iqtisadiyyatın inkişafını qaçılmaz etdi. Bu yolda xarici və daxili təhdidlər, həmçinin aşkar təhlükələr və risklər dəf edildi. Ölkənin milli pul vahidi olan manatın dəyərsizləşməsinin önünə keçilməklə Azərbaycan iqtisasiyyatının xarici investorlardan asılılığının qarşısı alındı. Ölkəmiz iqtisadiyyatın bütün sahələrində 20 il əvvəl tənəzzüldən inkişafa keçid dövrünü uğurla başa vurdu. Bu gün Azərbaycan özünün yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi-ticari əlaqələrini genişləndirib, Cənubi Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayır. Son illərdə Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələrin reallaşması nəticəsində ölkəmiz beynəlxalq nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilib. 20 il ərzində dinamik inkişafla Azərbaycan dünyada iqtisadiyyatın "Made in Azerbaijan" brendini yaratdı və nümunəvi hakimiyyətin birinci nümunəsi beləcə formalaşmış oldu.
"Güclü ordu - güclü dövlət" modeli
Müasir dünyada hər bir dövlətin qüdrətini bir neçə amil müəyyənləşdirir. Onlar arasında iqtisadi yüksəliş və güclü ordu daha çox diqqəti cəlb edir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə etmişdir. Güclü ordu Azərbaycan siyasətinin əsasını təşkil edir desək, yəqin ki, yanılmarıq. İlham Əliyev hakimiyyətə gəldikdə ölkənin Qarabağ boyda dərdi var idi. Məhz bütün vasitələr Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəldi. Təbii ki, bunun üçün ən vacib amil isə güclü ordu amili idi. İşğal altında olan torpaqlarımızı azad etmək qarşıda duran ən mühüm vəzifə idi. Məhz 1994-cü il atəşkəsin imzalanmasından sonra tarixi torpaqlarımızı düşmən əsarətindən qurtarmaq üçün müxtəlif qurumlara müraciət edildi, diplomatiya yolu ilə məsələnin həlli axtarıldı. Lakin böyük sərkərdə düşüncələri ilə hərəkət edən İlham Əliyev bütün inamını masa arxasına yönəltmədi. Ordu quruculuğu ilə də məşğul oldu. Çünki düşmən ölkə ilə atəşkəs imzalamasına baxmayaraq, tez-tez təxribatlar törədirdi. Bu yolda neçə-neçə Mübarizlər, Fəridlər qəhrəmancasına şəhid oldu. Hər vəchlə yubadılan proses xalqı sarsıtmadı. Çünki xalq öz liderinə inanırdı, güvənirdi. 2020-ci ilə qədər azərbaycanlılar bəlkə də məsələnin həllinə olan ümidlərini az da olsa itimişdilər, amma dahi liderə olan inamlarını əsla. "Ədalət" deyilən məfhum topaldır, lakin gec-tez istədiyi yerə çatar! Böyük Sərkərdəyə olan inam 30 il gözlənilən tarixi ədaləti bərpa etdi. 2020-ci ildə qüdrətli Azərbaycan ordusu hünərini düşmənə göstərdi və dərsliklərə, dünya dövlətlərinin öz siyahısına daxil edəcəyi misilsiz taktiki gedişlərlə Zəfəri təmin etdi. Səbrimizin tükənməz olmadığını bütün dünya 44 gün ərzində izlədi.
Beynəlxalq aləmdə Azərbaycana göstərilən simpatiya
Prezident İlham Əliyevin imperativləri qlobal məkanda qəbul edilir, onun siyasi kursu Azərbaycanın parlaq gələcəyinə gedən yol xəritəsini müəyyənləşdirir. Bu gün Azərbaycan və onun lideri beynəlxalq güc mərkəzləri üçün örnəkdir. Məhz Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında qaldırdığı məsələlər müxtəlif platformalarda və fərqli vasitəçilər tərəfindən daha gur səsləndirilir. Bu həm Azərbaycanın milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında önəmlidir. Və beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr, o cümlədən dünya siyasətində güc mərkəzi kimi çıxış edən dövlətlər tərəfindən təqdir olunmaqdadır. Dövlət başçısının qeyd etdiyi kimi: "Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var".
Xüsusi vurğulamaq lazımdır ki, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycanın regional və qlobal təhlükəsizliyə müstəsna töhfələr verməsi, ölkəmizin sivilizasiyalararası dialoq mərkəzi olaraq seçilməsini şərtləndirib. Azərbaycan dünyada tərəfdaşlıq və əməkdaşlıq məkanı kimi tanınır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində ölkəmizi diqqət mərkəzinə gətirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən rəğbətlə qarşılanması bunun əyani təsdiqidir. Bu gün Azərbaycan düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və əsaslı addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi beynəlxalq inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan qlobal əhəmiyyətli problemlərə qarşı səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə səy göstərir. Son baş verən münaqişələr zamanı balanslı siyasəti ilə nəhəng dövlətlərə örnək olan Azərbaycan nümunəsindən gələcəkdə bəşəriyyətin sabitliyi üçün istifadə edilə bilər. Münaqişə tərəflərindən birinə dəstək verməklə stabilliyi pozan bəzi qüvvələrdən fərqli olaraq ölkəmiz sülhün və əmin-amanlığın qorunmasında daim maraqlı olub. Nəticə etibarilə 30 il əvvəl dağılma təhlükəsi ilə üzləşən Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilərək bütün stereotipləri alt-üst etdi.
Tacir SADIQOV,
"Respublika".