NAFTALANDA SAHİBKARLARLA GÖRÜŞ
Region

NAFTALANDA SAHİBKARLARLA GÖRÜŞ

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət Turizm Agentliyinin və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Sağlamlıq turizminin inkişafı: mövcud vəziyyət və potensial biznes imkanları” mövzusunda tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Elnur Məlikzadə turizmin, o cümlədən sağlamlıq turizminin ölkə iqtisadiyyatının prioritet sahələrindən olması, bu sahədə Naftalan şəhərinin xüsusilə seçilməsi barədə fikirlərini bölüşüblər.Çıxışlarda vurğulanıb ki, Naftalanda 20-yə yaxın sanatoriya, kurort və mehmanxana fəaliyyət göstərir. Hər il minlərlə insan müalicə üçün Naftalana gəlir. Naftalana MDB-dən, o cümlədən Avropa ölkələrindən gələn turistlərin sayı ildən ilə artır. Naftalandakı sağlamlıq mərkəzləri təkcə turizmin inkişafında deyil, həm də digər sektorlarda, xüsusilə ictimai iaşə və xidmət sahələrində çalışan çoxsaylı KOB subyektlərinin fəaliyyətinin genişləndirilməsində, şəhərin ümumi iqtisadi inkişafında, məşğulluğun artırılmasında da əhəmiyyətlidir.

Tədbirdə kadr ehtiyatlarının çatışmazlığı və bu istiqamətdə çətinliyin həlli yollarına, sağlamlıq turizminin genişləndirilməsində sığorta şirkətlərinin fəaliyyətinə, korporativ əməkdaşlığın inkişafına, turizm bazarında marketinqə, xidmət çeşid və keyfiyyətinin artırılmasına dair fikir mübadiləsi aparılıb.

Zabit XƏLİLOV,

“Respublika”.