İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Güləş üzrə ölkə çempionatında 7 çəki dərəcəsində qaliblər müəyyənləşib

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir. Bakı İdman Sarayında keçirilən yarışın 2-ci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. Eyni zamanda yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb. Ümumilikdə,  7 çəkidə qaliblər müəyyənləşib. Sərbəst güləş üzrə 86 kiloqramda Maqomed-Taxir Xaniyev, 92 kiloqramda Şamil Zubairov, 97 kiloqramda Hacımurad Maqomedsaidov, 125 kiloqramda Vaxit Qalayev qalib olublar. Yunan-Roma güləşi üzrə isə 55 kiloqramda Rəşad Məmmədov, 60 kiloqramda Nihad Quluzadə, 63 kiloqramda Ziya Babaşov birinci olublar. 

"Qarabağ"ın Xankəndidə tarixi oyunu

Dünən futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Son oyun günündə iki qarşılaşma keçirilib. Günün ilk matçı Xankəndidə olub. Tarixi oyunda "Qarabağ" I Liqa təmsilçisi MOİK-i sınağa çəkib. Qarşılaşma Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşüb. Matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "Qarabağ" hesabı açıb. 1:0 hesabı ilə qalib gələn "Qarabağ" 1/4 finalda "Sabah" klubu ilə qarşılaşacaq.

Üç boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə 1/4 final mərhələsinin döyüşlərinə start verilib. Bakı Boks Mərkəzində təşkil edilən yarışda 5 çəki dərəcəsində yarımfinalçılar bəlli olub. Mərhələ adlayanlar arasında Azərbaycan millisinin 3 boksçusu da var. Yarımfinala vəsiqə qazananlar özləri üçün ən azı bürünc medalı təmin ediblər. Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışın üçüncü günündə 16 görüş olacaq. Turnirin qaliblərinin adlarına bu gün aydınlıq gətiriləcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".