Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Gündəm

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Yeni Azərbaycan Partiyası

Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Azərbaycanın müstəqil dövlət kimi davamlı inkişafı və tarixi uğurlar qazanması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və əbədiyaşar ideyaları ilə bağlıdır. Xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərən Ulu Öndər yeni və müasir Azərbaycan reallığını yaratmışdır.

Bu gün Azərbaycan dövləti Ümummilli Liderin siyasi varisi olan Prezident, Müzəffər Ali Baş Komandan,Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və qalib ölkə kimi tərəqqi və Zəfər yolunda inamla irəliləyir, parlaq nailiyyətlərə imza ataraq yeni zirvələr fəth edir.

Baş Prokurorluq

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət edib.

Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Ədliyyə Nazirliyi

Dekabrın 12-də Ümummilli Liderin əbədiyyətə qovuşmasının ildönümündə Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyublar, əziz xatirəsini sonsuz məhəbbətlə anıblar.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra nazirlikdə Ulu Öndərin büstü önünə gül səbəti qoyulub, Heydər Əliyev Muzeyində məsul işçilərin, gənc əməkdaşların, həmçinin Ədliyyə Akademiyasında təlim keçən ədliyyə qulluğuna namizədlərin iştirakı ilə anım tədbiri keçirilib. Əvvəlcə dahi rəhbərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Ulu Öndərin mənalı və şərəfli ömür yolundan, bənzərsiz dövlətçilik fəaliyyətindən geniş bəhs edib, Ümummilli Liderin böyük təhlükələrə baxmayaraq doğma Vətəninə qayıdaraq müstəqilliyimiz yolunda fədakar xidmətlərindən danışıb, bununla bağlı xatirələrini bölüşüb.

Xalqına, torpağına sıx bağlı olan Heydər Əliyevin Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa xüsusi diqqətindən söz açan nazir dahi liderin gücü, qüdrəti sayəsində erməni millətçilərinin ölkəmizə qarşı təxribatlardan çəkindiyini, Ulu Öndərin vəzifəsindən kənarlaşdırılmasından dərhal sonra xalqımızın başına böyük bəlalar gətirildiyini, torpaqlarımızın işğal altına düşdüyünü xatırladıb.

Bildirib ki, Ümummilli Lider xilaskarlıq missiyası ilə xalqımızı və dövlətimizi təhlükələrdən qurtararaq müstəqilliyimizi dönməz və əbədi edib, bugünkü müasir qüdrətli Azərbaycanı qurub yaradıb.

Nazir Heydər Əliyev ideyalarının onun siyasi varisi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini, ötən 20 ildə respublikamızın davamlı tərəqqisini, Ümummilli Liderin ən ümdə vəsiyyəti olan doğma torpaqlarımızın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğunu vurğulayıb. Dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə azad edilmiş ərazilərimizin sürətli bərpasını qeyd edib.

Bildirib ki, qarşıdan gələn növbədənkənar Prezident seçkilərinin müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkəmizin bütün ərazisində keçirilməsi suverenliyimizin növbəti əyani təzahürüdür.

Tədbirdə Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin xalqımızın milli sərvəti olduğu vurğulanaraq onun daim öyrənildiyi, indiki və gələcək nəsillər tərəfindən bəhrələnməsinin əhəmiyyəti qeyd olunub, ədliyyə orqanlarında "Heydər Əliyev İli"nə həsr olunan silsilə tədbirlərə toxunulub.

Çıxış edənlər dahi şəxsiyyətlə bağlı xoş xatirələrini bölüşərək Ümummilli Liderin çətin tarixi şəraitdə cəsarətli mövqeyindən və yorulmaz fəaliyyətindən danışıb, Ulu Öndərin gənclərə hərtərəfli qayğısından, bu sahədə uğurlu dövlət siyasətindən bəhs ediblər.

Həmin gün nazirlikdə ehsan süfrəsi təşkil edilib, tabe qurumlarda da dahi liderin əziz xatirəsi əbədi ehtiramla yad olunub, Heydər Əliyevin işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı bildirilib.

Dahi rəhbərin yüksək amallarına hər zaman sadiq qalan ədliyyə işçiləri ölkəmizin bu gününün və sabahının qarantı, sülhün və sabitliyin yeganə təminatçısı olan dövlət başçısının ətrafında sıx birləşərək daha böyük məsuliyyətlə çalışmaq əzmində olduqlarını söyləyiblər.

İctimaiyyət nümayəndələri

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 20 il ötür. Azərbaycan ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq Ulu Öndərin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıblar.

AZƏRTAC xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - Vətən müharibəsi qaziləri, hərbçilər, müxtəlif təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, müharibə və əmək veteranları və başqaları vardı. Çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri düzür, işıqlı xatirəsi önündə baş əyiblər.

Ulu Öndərin ən böyük arzusu Qarabağın erməni işğalından azad olunması, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası idi. Onun bu arzusu üç il əvvəl həqiqətə çevrildi. Otuz il işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Hazırda Azərbaycanın dövlət Bayrağı Qarabağın hər bir guşəsində, o cümlədən Şuşada, Xankəndidə və digər işğaldan azad olunmuş şəhərlərimizdə dalğalanır, Böyük Qayıdış proqramı uğurla reallaşır.

Müstəqil Azərbaycanın bütün uğurları, qazanılan hər bir zəfərimiz Ulu Öndərin ölməz ideyalarının təntənəsidir. Heydər Əliyev yolu Azərbaycanı daim irəli aparır.

Xalqımız öz xilaskarını, bütün həyatını doğma Vətəninin tərəqqisinə həsr etmiş Ümummilli Liderin xidmətlərini unutmur və unutmayacaq. Fəxri xiyabanda yaşanan izdiham bunu bir daha nümayiş etdirirdi.

***

Ulu Öndər Heydər Əliyevin xatirəsi Azərbaycanın bölgələrində, xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də anılıb, müxtəlif anım tədbirləri təşkil olunub.

Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti.