Noyabrın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasda "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirə olunacağını söyləyib.
O bildirib ki, builki büdcə müzakirələri Azərbaycanda mühüm tarixi hadisələrə təsadüf edir. O, qeyd edib ki, ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib və 2024-cü ilin dövlət büdcəsi Azərbaycanın bütün ərazisini tam ehtiva edən dövlət büdcəsi olacaq.
Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsinin, qüdrətli ordumuzun və ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinin, habelə Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının mühüm vəzifələr olaraq əsas xərc istiqamətləri kimi nəzərdə tutulduğunu deyib. Bununla yanaşı, əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, səhiyyə sisteminin təkmilləşdirilməsi, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün vəsaitlərin ayrılması da diqqətdə saxlanılıb.
2024-cü ilin dövlət və icmal büdcələrinin tərtibində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəriciləri əsas götürülüb. Ortamüddətli dövr üzrə büdcə-vergi siyasətinin formalaşdırılmasında qlobal və regional geosiyasi gərginlik, dünya enerji bazarında volatilliyin hökm sürməsi, təbii qazın qiymətinin və ölkədaxili neft hasilatının aşağı düşməsi kimi bir sıra xarici və daxili faktorlar nəzərə alınıb.
Növbəti il və sonrakı 3 il üzrə qeyd olunan çağırışlar, daxili və xarici mühit faktorları nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində təklif olunur. Bu, cari il üçün ilkin təsdiq olunmuş göstərici ilə müqayisədə 3 milyard 409 milyon manat, cari ilin iyununda yenidən baxılma ilə əhəmiyyətli dərəcədə artırılmış dövlət büdcəsi xərclərindən isə 138 milyon manat çoxdur. Xərclərin 93 faizi və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə müqayisədə 283 milyon manat və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq. Gəlirlər bərabər olaraq qeyri-neft sektoru və neft sektoru hesabına təmin olunacaq.
2024-cü ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bununla yanaşı, əsas prioritet istiqamətlərdən olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının icrası üçün 4 milyard manat, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 1 milyard 509 milyon manat, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək.
Nazir bildirib ki, 2024-cü ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2 milyard 957 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bu, 2023-cü ilə nisbətən 123 milyon manat və ya 4,3 faiz çoxdur.
Qeyd olunub ki, növbəti ildə beynəlxalq fəaliyyətlə bağlı, o cümlədən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı, üzv olduğumuz maliyyə institutlarının səhm kapitalında iştirak, ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin saxlanılması, beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üçün cəm olaraq 587 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. 2024-cü ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq səviyyəli tədbirlər üçün 200 milyon manat, Azərbaycanın xaricdəki 84 diplomatik nümayəndəlikləri, konsulluqlar və təmsilçilik ofislərinin fəaliyyəti üçün 198 milyon manat vəsait ayrılması planlaşdırılır. Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının səhm kapitalında iştirakla bağlı xərclər üçün 22 milyon manat, beynəlxalq maliyyə institutlarında iştirakla bağlı xərclər üçün 10 milyon manat, xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımlarla bağlı xərclər üçün 80 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Ölkəmizin xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin, ticarət nümayəndəliklərinin və diaspor təşkilatlarının dəstək tədbirlərinin maliyyələşdirilməsinə 31 milyon manat vəsaitin ayrılması gözlənilir.
İcmal büdcədə Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə büdcənin gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2024-cü ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib.
Qanun layihəsinin müzakirələrində çıxış edən bir sıra deputatlar 2024-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəy və təkliflərini bildirib, suallarını səsləndiriblər.
Müzakirələri Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yekunlaşdırıb və deputatlar "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
“Respublika”.