DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

COZEF BAYDENİN İMPİÇMENTİ İLƏ BAĞLI QƏRAR TEZLİKLƏ VERİLƏ BİLƏR

ABŞ prezidenti Cozef Baydenə qarşı impiçment qərarı “tezliklə veriləcək”. “The Guardian” nəşrinin verdiyi xəbərə görə, bunu Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson bəyan edib.

Spikerin sözlərinə görə, Ağ Ev rəhbərinə qarşı impiçment cəhdlərinin davam etdirilib-etdirilməməsi barədə qərar yaxın günlərdə məlum olacaq.

Nəşrin məlumatına əsasən, Mayk Consonun sələfi Kevin Makkarti hələ bu ilin sentyabrında prezidentin davranışı ilə bağlı araşdırma elan etsə də, bir neçə həftə ərzində spiker vəzifəsindən kənarlaşdırılıb.

Bildirilir ki, istintaq prezident və onun ailəsi, xüsusən də oğlu Hanter Bayden ətrafında korrupsiya iddialarına yönəlib. Ağ Ev rəhbəri isə əmindir ki, vergi pozuntularında şübhəli bilinən oğlu Hanter heç bir qanunsuz hərəkətə yol verməyib.

TÜRKİYƏNİN SON BİR HƏFTƏDƏ ZƏRƏRSİZLƏŞDİRDİYİ TERRORÇULARIN SAYI

Türkiyənin təhlükəsizlik qüvvələrinin terror təşkilatlarına qarşı mübarizəsi ölkə daxilində və sərhədlərdən kənarda qətiyyətlə davam edir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik hesabatında bildirib.

Məlumata görə, İraq və Suriyanın şimalı da daxil olmaqla, aparılan uğurlu əməliyyatlar nəticəsində son bir həftə ərzində 87 terrorçu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçu sayı bu il 1802-yə, əməliyyatların başladığı 2015-ci ildən isə 39 min 145-ə çatıb.

Qeyd edilir ki, İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı çərçivəsində indiyədək 630 terrorçu zərərsizləşdirilib, çox sayda silah-sursat ələ keçirilib, terrorçulara məxsus 771 sığınacaq yararsız hala gətirilib.

Suriyadakı əməliyyat bölgəsində isə il ərzində 425 təxribat və hücum cəhdinin qarşısı alınıb, 23-ü son bir həftədə olmaqla, ümumilikdə 1321 terrorçu zərərsizləşdirilib.

Eyni zamanda, qeyd edilir ki, son bir həftədə qanunsuz yollarla Türkiyə sərhədlərini keçməyə cəhd edən 561 nəfər saxlanılıb. Onlardan beşinin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.

ABŞ-IN BALLİSTİK RAKETİNİN SINAĞI UĞURSUZ OLUB

Birləşmiş Ştatlarda “Minuteman III” qitələrarası ballistik raketin sınağı uğursuzluqla nəticələnib. “Report” agentliyinin məlumatına görə, sınaq buraxılışı zamanı aşkarlanan nasazlıq səbəbindən raket Sakit okean üzərində məhv edilib. Sınaq Kaliforniya ştatındakı Vandenberq bazasında keçirilib.

Verilən xəbərə görə, “Minuteman III” qitələrarası ballistik raketi mürəkkəb məlumattoplama qurğuları ilə təchiz olunub. ABŞ-ın Energetika Nazirliyi, Silahlı Qüvvələrin Strateji Komandanlığı və Pentaqon mütəxəssisləri bu məlumatlardan silahlanmada olan qitələrarası ballistik raketlərin hazırlığını və imkanlarını yoxlamaq üçün istifadə edirlər.

Qeyd edilir ki, sözügedən raketlər anomal vəziyyət zamanı özünü məhvetmə komandası göndəriləcək xüsusi qurğu ilə təchiz edilib. Sınaqların məqsədi sistemin hazırlığını, effektivliyini və dəqiqliyini yoxlamaqdır.

QƏDİM MİSİR DÖNƏMİNƏ AİD “ÖLÜLƏR KİTABI” TAPILIB

Arxeoloqlar 3500 illik məzarlıqda qazıntı aparan zaman “ölülərə axirətdə kömək edən” Qədim Misir dönəminə aid “Ölülər kitabı” tapıblar. “Teleqraf.com”un verdiyi xəbərə görə, 13-15 metr uzunluğunda olan papiruslar Misirin Tuna əl-Gebel qəbiristanlığında aşkar edilib.

Bildirilir ki, tədqiqatçıların fikrincə, belə kitablar Qədim Misirdə dəfnlərin bir hissəsi, onlardakı “sehrlər” isə ölən şəxsə axirətdə yardımın bir forması sayılırdı.

Məlumat görə, kitab e.ə. 1550-1070-ci illərdə Yeni Krallıq dövründə əsası qoyulmuş ərazidə tapılan yeganə tapıntı deyil. Arxeoloqlar yüksək vəzifəli şəxslərə aid olduğu iddia edilən mumiyalar da tapıblar. Onların bəziləri hələ də yaxşı qorunub saxlanılan naxışlı daş sarkofaqlardadır. Aralarında baş kahinin qızı Ta-de-İsanın mumiyası da var.

Qazıntılar zamanı həmçinin mumiyalama zamanı bəzi orqanların saxlanması üçün istifadə edilən nadir alebastr kanopları və minlərlə gözmuncuğu aşkar edilib.

Tədqiqatçıların sözlərinə görə, “Ölülər kitabı”nın nüsxəsini ilk basdırıldığı yerdə tapmaq olduqca nadir  hadisədir. Elm adamları bunun böyük və maraqlı tapıntı olduğuqənaətindədirlər.

EKSPERT: RUSİYA ŞƏRQİ AVROPA ÖLKƏLƏRİ ÜÇÜN TƏHLÜKƏ YARATMIR

“ABŞ öz hərbi kontingentini Şərqi Avropada mənasız şəkildə yerləşdirib, çünki Rusiya başqa ölkələrə hücum etməyi planlaşdırmayıb və etməyi də planlaşdırmayacaq”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Pentaqon rəhbərinin sabiq müşaviri, polkovnik Duqlas Makqreqor qeyd edib.

“ABŞ-ın döyüş gücünün böyük hissəsi Polşa, Rumıniya və Baltikyanı ölkələrdə mənasız şəkildə yerləşdirilib və bu, Şərqi Avropaya hücum etmək niyyəti olmayan Rusiyadan qorunmaq üçün nəzərdə tutulub”, - deyə ekspert vurğulayıb.

Eyni zamanda, polkovnik əlavə edib ki, bu siyasətə görə indi ABŞ qoşunları son 30 ildə olduğundan daha azdır və ABŞ artıq 1991-ci ildə olduğu kimi beş min qırıcını və yüzlərlə bombardmançını havaya qaldıra bilməz.

Ekspertin sözlərinə görə, Vladimir Putin özü də dəfələrlə qeyd edib ki, Rusiya sahəsinə görə dünyanın ən böyük ölkəsidir və onun inkişaf etdirilməsi üçün kifayət qədər öz əraziləri var, bu səbəbdən də, yeni ərazilərin ələ keçirilməsində qətiyyən maraqlı deyil.

ALMANİYA PREZİDENTİ TANZANİYADAN ÜZR İSTƏYİB

Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin müstəmləkəçilik dövründə Tanzaniyada törətdiyi cinayətlərə görə utandığını bildirib və bu ölkədən üzr istəyib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

F.Ştaynmayer Tanzaniyaya səfəri zamanı getdiyi Maji-Maji Muzeyində deyib: “Müstəmləkəçilik dövründə Almaniyanın Tanzaniyada törətdiyi cinayətlərə görə utanırıq. Almanların əcdadlarınıza etdiklərinə görə bağışlanmağımızı istəyirəm. Tanzaniya ilə ortaq gələcək qurmaq arzusundayıq”.

Xatırladaq ki, ərəb hökmranlığından sonra 1880-ci ildən 1919-cu ilə qədər Almaniyanın müstəmləkəsi altında olan Tanzaniya torpaqları Millətlər Liqasının yaradılması ilə İngiltərənin hakimiyyətinə keçmişdi. 1905-1907-ci illər arasında Almaniya koloniyasına qarşı Maji-Maji üsyanının zorakılıqla yatırılması zamanı təxminən 200-300 min tanzaliyalı öldürülüb.

Məlumata görə, müstəmləkə dövründə həlak olanların qalıqlarının Almaniyadakı muzeylərdən Tanzaniyaya gətirilməsi üçün danışıqlara başlanılıb.

“KIARAN” QASIRĞASI FRANSANI CƏNGİNƏ ALIB

Fransanın şimal-qərb regionlarını cənginə alan “Kiaran” qasırğası bir nəfərin ölümünə və ən azı 15 nəfərin xəsarət almasına səbəb olub. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bəyan edib.

Bununla yanaşı, nazirin sözlərinə görə, qasırğanın şiddətinə baxmayaraq, hakimiyyət orqanları xəsarət alanların sayını minimuma endirməyi bacarıb. Belə ki, təhlükəli ərazilərdə yerləşən vətəndaşların mobil telefonlarına xəbərdarlıq göndərilib.

Məlumata əsasən, noyabrın 1-də Fransanın qərb və şimal-qərbində yerləşən Finister, Kot-d-Armor və Manş departamentlərində fırtına ilə əlaqədar ən yüksək qırmızı, 30 departamentdə isə narıncı təhlükə xəbərdarlığı elan olunub.

Eyni zamanda, bildirilir ki, ölkənin qərbində yerləşən Bretan regionundakı Puent-dü-Ra burnunda küləyin sürəti saniyədə 57,5 metrə çatıb. Bundan başqa, Finister departamenti sahillərində hündürlüyü 21 metrə çatan dalğalar qeydə alınıb. Həmçinin regionda 1,2 milyona yaxın ev işıqsız qalıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.