COZEF BAYDEN İSRAİLDƏ BƏYANATLA ÇIXIŞ EDİB
ABŞ prezidenti Cozef Bayden oktyabrın 18-də İsrailə səfəri çərçivəsində ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı bəyanatla çıxış edib. Bu barədə “Report” agentliyi məlumat yayıb.
Cozef Bayden bildirib ki, “ABŞ İsrailin yanındadır və İsrail xalqının cəsarətini təqdir edir”. O, ABŞ-ın İsrailin müdafiəsi üçün lazım olan yardımı təmin edəcəyini bəyan edib.
Bununla yanaşı, ABŞ-ın dövlət başçısı İsrailin özünümüdafiə haqqının olduğunu vurğulayıb. Həmçinin Baydenin sözlərinə görə, HƏMAS bütün Fələstin xalqını təmsil etmir və onlara sadəcə ağrı-əzab gətirir.
Birləşmiş Ştatlar lideri səfərinin məqsədinin ABŞ-ın İsraili dəstəklədiyini dünyaya nümayiş etdirmək olduğunu vurğulayıb.
ABŞ prezidenti Qəzzadakı xəstəxanaya hücum barədə də söz açıb: “Görünən odur ki, xəstəxanaya hücumu İsrail yox, qarşı tərəf həyata keçirib. Lakin bir çoxu buna inanmır”.
URSULA FON DER LYAYENİN HƏRƏKƏTLƏRİ DİPLOMATLARI QƏZƏBLƏNDİRİB
Avropa İttifaqı (Aİ) diplomatları Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayeni vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandıraraq onun idarəolunmazlığını da qeyd ediblər. Bu barədə “Politico” nəşri xəbər verib.
Bildirilir ki, şəxsi söhbətlərdə avropalı diplomatları, qanunvericilər və habelə onun öz əməkdaşları qeyd ediblər ki, Ursula fon der Lyayen Avropa İttifaqı ölkələrinin hökumətlərini qərar qəbul etməkdən uzaqlaşdıraraq, Avropa Komissiyasını bir qrup məsləhətçinin köməyi ilə idarə edir.
“Ötən həftəsonu o, İsrailə planlaşdırılmamış səfər edərkən tənqidlər daha da artıb və bu, avropalı diplomatların qəzəbli reaksiyasına səbəb olub”, - deyə məqalədə vurğulanır.
“Politico”nun məlumatına əsasən, bəzi siyasətçilər Ursula fon der Lyayenin səfər zamanı İsrailə Qəzza zolağında beynəlxalq hüquqa riayət edilməsinə dair çağırışlarını çatdırmamasından narazılıqlarını ifadə ediblər.
GÜRCÜSTAN PARLAMENTİNDƏ PREZİDENTİN İMPİÇMENTİ QƏBUL OLUNMADI
Gürcüstan parlamentinin oktyabrın 18-də keçirilən iclasında ölkə prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxılıb. “Report” agentliyinin verdiyi xəbərə görə, iclasda hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze prezidenti konstitusiyanı pozmaqda ittiham edib.
“Zurabişvili ləyaqətli olsaydı, istefa verərdi”, - deyə İrakli Kobaxidze vurğulayıb.
Məlumata görə, iclasda iştirak edən prezident Zurabişvili isə ittihamlara cavab verib. O, hüquqi və demokratik dövlətin dayağı olan Konstitusiya Məhkəməsinin öz rolunu tamamilə tərk edərək siyasi müstəviyə keçdiyini bildirib.
Açıqlamaya əsasən, daha sonra məsələ səsverməyə çıxarılıb. Prezident Salome Zurabişvilinin impiçmenti qəbul edilməyib. Belə ki, impiçmentin qəbulu üçün 100 səs tələb olunsa da, sənədin lehinə 86 deputat səs verib. 1 nəfər isə impiçmentin əleyhinə olub.
SENTYABR MÜŞAHİDƏLƏR TARİXİNDƏ ƏN İSTİ AY KİMİ QEYDƏ ALINIB
Ümumdünya Meteorologiya Təşkilatının qlobal iqlimin vəziyyətinin monitorinqi üçün istifadə etdiyi məlumatlara əsasən, sentyabr müşahidələr tarixi ərzində rekord səviyyədə ən isti ay kimi qeydə alınıb. Bu barədə, “Trend” agentliyi BMT-nin saytına istinadən xəbər verib.
Bildirilir ki, bu, istixana qazlarının planetin iqlimini dəyişdiyi sürəti yalnız təsdiqləyən daha bir rekorddur. 2023-cü il ehtimal ki, müşahidələr tarixi ərzində ən isti il olacaq; iyun, iyul, avqust və sentyabr artıq aylıq temperatur rekordunu üstələyib.
“Kopernik” İqlim Dəyişmələri Xidmətinin məlumatına görə, sentyabrda orta temperatur 16,38 dərəcə Selsi təşkil edib. Bu göstərici bundan əvvəl ən isti hesab olunan 2020-ci ilin sentyabrının temperaturundan 0,5 dərəcə Selsi yüksək, sənayeyəqədərki dövrlə (1850-1900-cu illər) müqayisədə təxminən 1,75 dərəcə Selsi çoxdur.
Eyni zamanda, ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi bəyan edib ki, müşahidələr tarixi ərzində 2023-cü ilin ən isti il olacağı ehtimalı 99 faizdən çoxdur. Sentyabr Milli İdarənin müşahidə etdiyi bütün 174 il ərzində ən isti sentyabr ayı olub.
VLADİMİR PUTİNİN ÇİN LİDERİ İLƏ MÜZAKİRƏ ETDİYİ MÖVZULAR AÇIQLANIB
Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə Ukrayna və Yaxın Şərq mövzularını müzakirə edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti jurnalistlərin Çin səfərinin yekunları barəsində suallarını cavablandırarkən bəyan edib.
Dövlət başçısının sözlərinə görə, danışıqlarda Rusiya-Çin münasibətləri ilə yanaşı, Ukrayna və Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub.
Çin lideri ilə üç saat danışıqlar apardığını vurğulayın Rusiya prezidenti iqtisadiyyat, maliyyə, siyasi əlaqələr və beynəlxalq platformalarda birgə fəaliyyətdən söz açıdıqlarını diqqətə çatdırıb.
“Yaxın Şərqdəki vəziyyəti də yetərincə ətraflı müzakirə etdik. Mən ÇXR sədrini Ukraynadakı vəziyyət barəsində də olduqca ətraflı məlumatlandırdım”, - deyə Vladimir Putin əlavə edib.
Xatırladaq ki, oktyabrın 18-də Çinin paytaxtı Pekində üçüncü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu başlayıb. Foruma 114 ölkədən və 30 beynəlxalq təşkilatdan ümumilikdə 4 mindən çox nümayəndə qatılıb.
MİSİR PREZİDENTİNDƏN FƏLƏSTİNLİLƏRİN SƏHRAYA KÖÇÜRÜLMƏSİ TƏKLİFİ
“Müharibə başa çatanadək fələstinlilər Qəzza zolağından İsrailin Neqev səhrasına köçürülə bilər”. İsrailin “Ynet” saytının verdiyi xəbərə görə, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə Almaniya kansleri Olaf Şoltsla görüşü zamanı bildirib.
Misir prezidentinin sözlərinə görə, fələstinlilərin Sinay yarımadasına köçürülməsinə imkan verməyəcək. Onun fikrincə əgər bu baş verərsə müharibə hələ uzun illər davam edəcək. O qeyd edib ki, Qəzza zolağında baş verənlər HƏMAS-a qarşı hərbi əməliyyat deyil, fələstinlilərin Misirə qaçması üçün təkandır.
Almaniya kansleri Olaf Şolts isə bildirib ki, rəsmi Berlin Fələstin məsələsində Misirin vasitəçilik səylərini dəstəkləyəcək. “Biz birlikdə müharibənin dəhşətli nəticələrini yumşaltmaq üçün hərəkətə keçmək istəyirik”, - deyə Olaf Şolts vurğulayıb.
Qeyd edək ki, bu ərəfədə İordaniya və Misir Qəzza zolağından olan qaçqınları qəbul etməyəcəklərini açıqlayıblar.
CƏNUBİ KOREYA BÖYÜK SİLAH İXRACATÇISINA ÇEVRİLƏ BİLƏR
İsrail və Ukraynada davam edən münaqişələr fonunda Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları arasında yer ala bilər. Bu barədə “South China Morning Post” qəzeti ekspertlərə və mənbələrinə istinadən məlumat yayıb.
“İsrail və Fələstin arasında yeni münaqişə, eləcə də Rusiya ilə Ukrayna arasında davam edən müharibə bir çox ölkələrdə təhlükəsizliklə bağlı narahatlıq yaradır və bu, Cənubi Koreyanın müdafiə sənayesinə fayda verə bilər”, - deyə nəşr Cənubi Koreyanın “Asan” Siyasi Araşdırmalar İnstitutunun baş elmi işçisi Yan Vukdan sitat gətirib.
İnstitut rəsmisinin sözlərinə görə, KXDR tərəfdən davamlı təhlükə olduğundan Koreya Respublikası ən müasir silahların hazırlanması üzrə səyləri gücləndirməyə məcbur olub və bu, onun dünya bazarlarında rəqabət qabiliyyətinin artmasına gətirib çıxarıb.
Bununla yanaşı, analitiklərin fikrincə, ölkə hazırkı münaqişələrdən istifadə edərək dünyada silah təchizatı baxımından dördüncü yerə yüksəlmək, yerli istehsal silahlarının satışını artırmaq kimi qlobal məqsədə nail ola bilər.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.