AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Gündəm

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Anadolu Agentliyi":Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb

Türkiyənin informasiya və xəbər agentliyi olan "Anadolu Agentliyi" Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanatı işıqlandırıb.

Yazıda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtının çatdığını bildirib və qeyd edib ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində ən düzgün seçim ola bilər.

"...Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb... Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər", - deyə Prezident İlham Əliyev bildirib.

"Politico": Ermənistanla hər hansı yeni münaqişəyə görə Fransa məsuliyyət daşıyır

"Politico.eu" xəbər saytı Prezident İlham Əliyevin  Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bəyan etdiyi fikirlərlə bağlı xəbər paylaşıb. Yazıda "Parisin Ermənistana hərbi texnika göndərəcəyini vəd etməsindən sonra regionda yeni münaqişə baş verərsə, Fransa buna görə məsuliyyət daşıyacaq" sözləri yer alıb. Ötən həftə  Azərbaycanın İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin Ermənistanla münaqişəni həll etməklə bağlı olan sammitdə iştirak etməməsində də Fransanın təsiri qeyd edilib.

"Euractiv": Regionda yeni münaqişə başlayacağı təqdirdə, Fransa və Avropa İttifaqı günahkar olacaq

Azərbaycan Prezidenti Avropa İttifaqına xəbərdarlıq edib ki, Fransanın Ermənistana hərbi yardım göndərmək qərarı ötən ay Azərbaycanın keçirdiyi lokal antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yeni münaqişəyə səbəb ola bilər.

Azərbaycan tərəfinin şənbə günü yaydığı bəyanatda deyilir ki, İlham Əliyev Avropa Şurasının Prezidenti Şarl Mişelin ona zəng etdiyi zaman Aİ-nin məsələyə yanaşmasını, xüsusən də Fransanın mövqeyini tənqid edib.

"Agenda.ge": Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır

Gürcüstanın məşhur "Agenda.ge" xəbər saytı oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata verdiyi bəyanatlar barədə məlumat yayımlayıb. Məlumatda ölkəmizin Gürcüstanın strateji tərəfdaşı olduğu qeyd edilib. İrakli Qaribaşvili bildirib ki, biz ənənəmizi davam etdirir, tez-tez səfərlər edirik. Gürcüstan Baş naziri bir neçə ay əvvəl Qəbələyə səfərini də xatırladıb.

İrakli Qaribaşvili, həmçinin keçən il Azərbaycan Prezidentinin də Gürcüstana gəldiyini diqqətə çatdırıb: "Mən də Azərbaycana gələcəyəm. Biz bu görüşdə hazırkı strateji əməkdaşlığımızı müzakirə etdik. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Xalqlarımız arasında dostluq davam edir. Prezident İlham Əliyev dostluq və qardaşlığın möhkəmləndirilməsinə böyük töhfə verib".

"İrish İndependent":Azərbaycan Ermənistanla sülh danışıqları aparmağa hazırdır

Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Azərbaycanın Ermənistanla perspektiv sülh müqaviləsi üzrə danışıqlara hazır olduğunu və qonşu Gürcüstanın danışıqlar üçün daha əlverişli məkan olacağını qeyd edib.

"Vestnik Kavkaza": Azərbaycanda "Avroviziya" üçün mahnıların seçim turu başa çatıb

"İctimai TV"nin iyulun ortasında "Avroviziya" müsabiqəsi üçün elan etdiyi mahnıların seçim turu başa çatıb.

"Vestnik Kavkaza" bildirib ki, seçim üçün 214 mahnı təqdim edilib. Onlardan 88-i azərbaycanlı, 125-i isə xarici bəstəkarlara məxsusdur.

Məlumatda Azərbaycanı təmsil edəcək iştirakçının və səsləndiriləcək mahnının nə vaxt açıqlanacağı bildirilməyib.

Qeyd edək ki, gələn il İsveçin Malmö şəhərində keçiriləcək müsabiqə mayın 7, 9 və 11-də gerçəkləşəcək.

"Respublika".