İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Avarçəkmə üzrə Azərbaycan çempionatı

13-14 sentyabr tarixlərində Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək. Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə aparacaq.  Onlar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışacaqlar. Qaliblər medal və diplomla mükafatlandırılacaq. Fərqlənən avarçəkənlər gələcəkdə yığma komandanın heyətinə cəlb olunmaqla yanaşı, oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaq.

 

"Sürətlə pedalla" yarışı

Sentyabrın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şose velosipedinin qrup ötüşməsi üzrə həvəskarlar arasında "Sürətlə pedalla" adlı yarış keçiriləcək. Yarış Ağ Şəhər Bulvarı ərazisində təşkil ediləcək. Start və finiş yeri Hərbi Qənimətlər Parkının qarşısında əks istiqamətdəki yolda olacaq.

 

Naxçıvanda beynəlxalq turnir keçiriləcək

Naxçıvan şəhərində ilk dəfə ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Bədii gimnastika üzrə təşkil ediləcək yarış "Grace of Nature" adlanacaq. Naxçıvan Olimpiya İdman Kompleksinin ev sahibliyi edəcəyi turnirdə kiçikyaşlı, yeniyetmə və gənc gimnastlar mübarizə aparacaqlar. Qeyd edək ki, yarış 21-22 sentyabr tarixlərində keçiriləcək.

 

Cüdoçularımızın çempionatda uğurlu çıxışı

Azərbaycan cüdoçuları 7 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib. Nizami İmranov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Nizami həlledici görüşdə İsrail təmsilçisi Yehonatan Vekslerə "waza-ari" xalı ilə qalib gələrək qızıl medal qazanıb.  Aydın Rzayev final görüşündə gürcüstanlı cüdoçu Tenqo Zirakaşvili ilə qarşılaşıb və gümüş medala sahib olub. Aydan Vəliyeva üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Mikaela Şakovelli ilə görüşdə bürünc medal əldə edib.  Qeyd edək ki, Avropa çempionatında medal qazanmış Azərbaycan idmançılarının çıxışları Avropa Cüdo Birliyinin rəsmi səhifəsində təhlil olunub.

Nərgiz İSMAYILOVA,

"Respublika".