Yeni nəşrlər
Digər xəbərlər

Yeni nəşrlər

Bakı Dövlət Universiteti tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müəllimi Ülkər Kərim qızı Məmmədzadənin "Qafqazda liderlik qərinəsi: Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyev" monoqrafiyası bu günlərdə çapdan çıxmışdır.

2023-cü il ölkəmizdə "Heydər Əliyev İli"dir. Respublikamızda, həm də dünyanın bir çox ölkələrində müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının yüz illiyi müxtəlif tədbirlərlə qeyd edilir. Bu da bir daha təsdiq edir ki, ümummilli liderin irsi, onun dövlət və dövlətçilik sahəsindəki fəaliyyəti, dünya siyasət aləmindəki silinməz izləri yüksək dəyərləndirilir.

Ülkər Məmmədzadənin "Qafqazda liderlik qərinəsi: Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyev" adlı monoqrafiyası da elmi və tarixi tədqiqatlarla zəngin bir əsərdir.

Bu kitabda ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq Azərbaycan Respublikasının Cənubi Qafqazda və bütövlüklə regionda lider dövlətə çevrilməsinin əsasları, dünya siyasi arenasında böyük şəxsiyyət və müdrik dövlət xadiminin fəaliyyəti geniş şərh edilmişdir.

Monoqrafiyada Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin güclü dövlət kimi inkişaf etməsində fəaliyyətinə geniş yer verilmişdir.

Kitabda "Qafqazda formalaşmış yeni geosiyasi şəraitdə Azərbaycanın yeri", "Azərbaycanın ərazi bütövlünün təmin edilməsində İlham Əliyevin rolu", "Postmüharibə dövründə sülh danışıqları və Qarabağ İqtisadi Zonasında quruculuq fəaliyyətinin iqtisadi əsasları", "Dünya dövlətləri ilə strateji əməkdaşlığın formalaşmasında İlham Əliyev siyasətinin möhtəşəmliyi" və bütün bu fəaliyyətin məntiqi əsası kimi ölkəmizin davamlı inkişafının təşkil olunmasında İlham Əliyev iradəsinin, onun yaratdığı siyasi reallığın dünya ictimaiyyəti və siyasi dairələrində qəbul edilməsi kimi məsələlər yer alır.

Gənc alim Ülkər Məmmədzadə 2022-ci ildə "Azərbaycan Respublikasının Qafqazda lider dövlətə çevrilməsində İlham Əliyevin rolu" mövzusunda dissertasiya işini başa çatdırmış və uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru adını qazanmışdır. Onun "Qafqazda liderlik qərinəsi: Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyev" adlı monoqrafiyası Azərbaycan tarixşünaslıq elminə yeni töhfədir və elmi araşdırma üsulunun seçilməsi və tarixi sənədlərin istifadəsi baxımından, tədris üçün lazım olan materiallarla zəngin bir vəsaitdir.

Etibar POLADLI.