İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Komandamızın Avropa birinciliyi üçün heyəti açıqlanıb

İyulun 26-dan avqustun 3-dək Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-dək olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Yarışda 34 ölkədən 450 atlet (204 qadın və 246 kişi) iştirak edəcək. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Belə ki, turnirdə ölkəmizi U-20 yarışlarında Rahilə Hüseynzadə (87 kq), Əli Şükürlü (109 kq), U-23 kateqoriyasında isə Əvəz Tağıyev (55 kq), Ömər Cavadov (73 kq) və Füqan Əliyev (81 kq) təmsil edəcəklər.

 

Atıcılıq üzrə dünya çempionatının maskotu təqdim olunub

Avqustun 14-dən sentyabrın 1-dək Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının maskotu ictimaiyyətə təqdim olunub. 53-cü dünya çempionatının maskotu seçilmiş "Targy" - Olimpiya nişanı, alov, nar, hədəf və atıcı görüntülərinin vəhdətindən yaranmış simvoldur. Kökündə ingiliscə "target" - "hədəf" sözü dayansa da, özündə birləşdirdiyi simvolların xarakterini daşıyır. Seçilmiş maskot çempionat iştirakçılarını "Hədəfini vur!" şüarı ilə mübarizəyə və qələbəyə ruhlandıracaq.

 

U-16 millimiz Vətənə qayıdıb

Azərbaycan qadın basketbolu tarixində ilkə imza atan basketbol üzrə qızlardan ibarət U-16 millimiz Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Xatırladaq ki, Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunda U-16 millimiz ev sahibinə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu adını qazanıb.

 

Qılıncoynatma üzrə dünya çempionatı davam edir

İtaliyanın Milan şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə dünya çempionatında qadınların şəxsi yarışında təsnifat mərhələsinə yekun vurulub. Qadın sablyaçıların dünya reytinqində 7-ci olan Anna Başta mübarizəyə birbaşa əsas mərhələdən qoşulacaq. O, ən güclü 32-liyə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada hindistanlı Anandha Çadalavada ilə qarşılaşacaq. Kişi şpaqaçıların şəxsi yarışında ölkəmizi təmsil edən Ruslan Həsənov qrup mərhələsini adlayaraq ən güclü 64-lüyə kimi irəliləməyi bacarsa da, 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Almaniya təmsilçisi Marko Brinkmana 7:15 hesabı ilə uduzub. Barat Quliyev isə mübarizəni qrup mərhələsində dayandırıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".