Yeyib-yatanlarda xəstəlik riski artır
Adətən həkimlərdən eşidirik ki, yeməkdən dərhal sonra uzanmaq və yatmaq olmaz. Lakin bunun səbəbləri bir çoxlarımıza dəqiq məlum deyil. Həkimlərin söylədiklərinə görə, yeməkdən dərhal sonra uzanan və ya yatan insanlarda bəzi xəstəliklərin inkişaf riski artır.
Mütəxəssislər bildirirlər ki, yeməkdən dərhal sonra uzanmaq və ya yatmaq daha çox qastroezofageal reflüks xəstəliyi (QERX) riskini artırır. Mədə möhtəviyyatının qida borusuna geri axması və qida borusunun distal şöbəsinin selikli qişasının iltihabi dəyişiklikləri ilə xarakterizə olunan bu xəstəlik ezofagit də adlandırılır. Bu xəstəlik səbəbindən insan uzandıqda mədədə olan turş kütlənin bir hissəsi geriyə - qida borusuna düşə bilər. Əgər belə hal tez-tez təkrarlanarsa, bu qida borusunun divarlarının iltihabına, divarlarda xoraların əmələ gəlməsinə səbəb olur. Ezofagit çox ciddi pozulma sayılır. Uzun müddət ərzində mövcud olan, müalicə olunmayan ezofagitin fonunda qida borusu xərçəngi də inkişaf edə bilər.
Bundan əlavə, indiyə qədər aparılan araşdırmaların nəticələri göstərir ki, yeməkdən sonra yatan insanda şəkərli diabet riski də yüksəkdir. Bu vərdiş həmçinin piylənməyə də yol açır. Belə ki, yuxu zamanı maddələr mübadiləsi ləngiyir ki, bu da çəkinin artmasına səbəb olur. Yeməkdən dərhal sonra yatan insanların qanında xolesterin səviyyəsi də yüksələ bilər. Xolesterinin səviyyəsinin artması isə ürək-damar sisteminə mənfi təsir edir, insult və infarkt riskini artırır. Bu səbəbdən də alimlər yeməkdən sonra bir qədər gəzməyi tövsiyə edirlər.
Bu tərəvəzləri alarkən diqqətli olun!
Xüsusilə yay aylarında süfrələrimizdən əskik etmədiyimiz, ən çox sevdiyimiz tərəvəzlərdən olan pomidor və xiyarla bağlı kritik xəbərdarlıq edilib. Belə ki, kimyəvi təsirlərə məruz qalan sözügedən tərəvəzlərin sağlamlıq üçün çox zərərli olduğunu qeyd edən qida mütəxəssisləri onları ayırd etməyin yollarını açıqlayıblar.
Pomidorun dərmanlı olub-olmadığını anlamaq əslində çox sadədir. Onun qabığının çox süni göründüyünü düşünürsünüzsə və içərisində ağ cizgiləri görürsünüzsə, bu tərəvəzdə azot turşusu ola bilər. Bu isə sağlamlıq baxımından olduqca təhlükəlidir.
Tərkibindəki su və pulpa sayəsində sağlamlıq üçün çox faydalı olan xiyar da yetişdirilmə üsullarına görə fərqlənir. Belə ki, tərkibində toxum olmayan yumşaq xiyarlar sağlamlıq üçün təhlükə yarada bilər. Qida mütəxəssislərinin sözlərinə görə, kənd təsərrüfatında pestisidlərlə (kimyəvi zəhərli maddələr) becərilən bitkilər bir çox xəstəliklərin qaynağı hesab olunur. Orqanizmə mənfi təsir edən bu maddələr xərçəng də daxil olmaqla, bir sıra xəstəliklərə yol aça bilər. Bu səbəbdən də nəinki pomidor və xiyar, ümumilikdə mövsümündən öncə yetişdirilən bütün meyvə-tərəvəzlərin istehlak edilməməsi tövsiyə olunur.
Yumurtanı soyuducuda neçə gün saxlamaq olar?
Məlumdur ki, yumurta insan orqanizmi üçün faydalı olan ən əhəmiyyətli zülal qaynaqlarından biridir. Lakin çox zaman demək olar ki, hər gün istifadə edilən, səhər yeməklərinin əvəzedilməz qidası olan yumurtanın saxlanma şəkli və müddətinə fikir vermirik. Adətən onları günlərlə soyuducuda saxlayırıq, lazım olduqca istifadə edirik. Ancaq mütəxəssislər bildirir ki, yumurtanın da soyuducuda saxlanma müddəti var. Bəs sağlamlığımıza faydalı olması üçün bu qidanı soyuducuda neçə gün saxlamalıyıq?
Qida mütəxəssislərinin sözlərinə görə, yumurtanın saxlama müddəti məhduddur və düzgün saxlanmadıqda, uzun müddət sonra istehlak edildikdə qida zəhərlənməsinə yol aça bilər. Bu səbəbdən də yumurta alarkən üzərində çatların olub-olmadığına mütləq fikir vermək lazımdır. Yumurtaların bayat və ya xarab olub-olmadığını öyrənmək üçün isə duzlu su testi də edilə bilər. Əgər yumurta suyun dibinə çökərsə təzə, üzərinə qalxarsa köhnə hesab edilir. Təzəliyinə əmin olduğunuz yumurtaları xarab olmadan təxminən beş həftə soyuducuda saxlamaq olar