Asəf Zeynallı
Elə bir insan yoxdur ki, onun musiqisinə biganə qala bilsin. Çünki bu musiqi xalq musiqisi qədər qəlbə yaxındır. Təkcə "Ölkəm" romansı onun bütün dünyada sevilməsi və daim xatırlanması üçün kifayət edir. Cəmi 23 il ömür sürməsinə baxmayaraq, o, Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edə bilib. Söhbət milli musiqi sənətimizdə əvəzsiz xidmətləri olmuş Asəf Zeynallıdan gedir... Ermənilər tərəfindən zəhərləndiyi güman edilən, son əsərini xəstəxana divarına yazan bu bəstəkarımızın ölüm səbəbi və vəsiyyətinə əməl olunmaması hələ də müəmmalı olaraq qalır...
Asəf Zeynallı Dərbənddə kasıb bir bağban ailəsində dünyaya göz açıb. Ailədə üçüncü övlad və sonbeşik olan Asəf atasını hələ bir yaşı olanda itirir. Ailənin bütün ağırlığı ananın üzərinə düşür. O, işdən yorğun qayıtsa da, uşaqlarını başına yığar, qarmon çalardı. Beləcə, musiqi Asəfin həyatına və ürəyinə daxil olurdu.
İlk təhsilini Bakı musiqi texnikumunda alan bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib. Təhsil aldığı illərdə Üzeyir Hacıbəylinin məşğələlərini hər dəfə böyük səbirsizliklə gözləyən Asəf Zeynallının yaradıcılığında dahi bəstəkarın böyük rolu olub. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrənən Asəf sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək xalq mahnılarını toplayır. Cəfər Cabbarlı ilə də möhkəm dost olan dahi bəstəkar hətta onun tamaşalarının musiqi tərtibatını verib. Deyirlər, Asəf öləndə Cəfər Cabbarlı o qədər sarsılıbmış ki, üç gün dilinə çay-çörək dəyməyib.
Deyilənlərə görə, Asəf Zeynallı ilə pianoçu Kövkəb xanım Səfərəliyeva bir-birilərini seviblər. Onlar bir sinifdə təhsil alıblar. Hətta Asəf hər dəfə sinfə girəndə Kövkəb ağlayırmış. Buna görə də Asəfin anası onu Kövkəb olan sinifdən çıxardır. Kövkəb xanımın da heç vaxt ərə getməməsi onların bir-birini sevdiyini düşünməyə müəyyən əsaslar verir. Lakin ailə üzvlərinin sözlərinə görə, Asəf Leninqradda milliyyətcə yarı alman, yarı rus olan bir qızı sevirmiş. Onlar tez-tez məktublaşırmışlar...
Bir dəfə Asəf Zeynallı Bülbüllə birlikdə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunur. O, getmək istəmir, qalıb başladığı əsəri bitirmək istəyir, lakin sözünü dinləyən olmur. Səfər zamanı orada ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. Xəstəxanada ikən ölümünün yaxınlaşdığını hiss edən Zeynallı qardaşına deyir: "Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın divarda qalsın". Qısa müddətdən sonra 23 yaşlı gənc bəstəkar gözlərini əbədi yumur. Lakin onun vəsiyyəti çox təəssüf ki, yerinə yetirilmir. Səbəbi isə bu günə kimi müəmma olaraq qalır. Bəzi mənbələrdə bu əsərin "Bakı" simfoniyası olduğu bildirilir...
Deyilənə görə, onun ölümündə ermənilərin əli olub. Bu barədə Asəf Zeynallının yazdığı məktub da var. Həmin məktubda o, ermənilərdən şikayətlənir. Ermənilər onu "şovinist" adlandıraraq, bəhanə gətirirlər ki, guya, o dərs deyərkən türk, yəni azərbaycanlı şagirdlərə - onların arasında Tofiq Quliyev, Qara Qarayev də olub - daha çox diqqət ayırır, ermənilərə yox.
Belə güman edilir ki, Asəf Zeynallı ezamiyyətdə olanda ona bir stəkan su verirlər. O, sudan bir qurtum içəndə deyir ki, su xoşuma gəlmir, yanından kimsə təkid edir ki, iç, heç nə olmaz, buranın suyu belədir. Həmin suyu içəndən sonra halı dəyişir. Bakıya gəlib xəstəxanaya düşür. Əlavə söz-söhbət olmaması üçün də ailəsinə deyirlər ki, qarın yatalağından ölüb...
Klod Mone
"Rənglər həm sevincim, həm də əzablarımdır". Belə deyərdi impressionizmin banilərindən olan ustad rəssam