Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə isə öz liderinin əsəridir. Azərbaycanın müasir tarixi ümummilli lider Heydər Əliyevdən ayrılıqda təsəvvür edilmir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifidir. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır.
Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycana uğurla rəhbərliyi, qazanılan möhtəşəm sosial-iqtisadi inkişaf göstəriciləri yeni tipli idarəçilik modelinin inkaredilməz nümunəsi sayıla bilər. Qısa vaxtda o dövrün qabaqcıl texnologiyalarına əsaslanan sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən müasir müəssisələr yaradıldı, iqtisadi fəallıq və əmək məhsuldarlığı ciddi şəkildə yüksəldi, əhalinin məşğulluq səviyyəsi artdı. İqtisadi fəallığın və məşğulluğun əhəmiyyətli dərəcədə yüksəlməsi Heydər Əliyevin arzularının əsas məqsədinin həyata keçirilməsinə - əhalinin rifahının yaxşılaşdırılmasına etibarlı əsaslar yaratdı.
Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi xalqımızın taleyində Heydər Əliyevin arzu və ideyalarının təcəssümünün yeni ifadəsi sayıla bilər. Ulu öndərin müstəqil Azərbaycanın Prezidenti seçilməsi hələ ötən əsrin 70-ci illərində reallaşdırmağa çalışdığı, lakin mövcud rejimin ideoloji buxovlarının imkan vermədiyi arzularını həyata keçirməyə real şərait yaratmışdı.
Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin bərpası, xalqın çoxdan arzuladığı azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi kimi, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması, 1992-ci ildə xalq hərəkatı dalğası üzərində hakimiyyətə gələnlərin ölkəyə və xalqa yaşatdığı müsibətlər də tariximizə həkk olunub.
1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı, insanları narahat edən, xalqı vahiməyə salan təhlükələr dəf edildi, xaos, anarxiya, hakimiyyət böhranı aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizmin, vətəndaş müharibəsinin qarşısı alındı, erməni təcavüzünün dərinləşməsi dayandırıldı, cəbhədə atəşkəs razılaşmasına nail olundu. Ən başlıcası isə ölkəni bürümüş siyasi və iqtisadi tənəzzülə, hakimiyyət böhranına son qoyuldu. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin ən bariz nümunəsinə çevrildi. Bölgənin enerji mənzərəsini dərindən dəyişdirən bu layihə Azərbaycana böyük iqtisadi və geopolitik dividendlər gətirdi.
Heydər Əliyev xalqımızın tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuşdur. Azərbaycançılıq ideologiyasına əsaslanan bu dövlətin təməlində müstəqillik, güclü iqtisadiyyat və insan hüquq və azadlıqları kimi dəyər və prinsiplər dayanır. Müasir tariximizin təlatümlü, ziddiyyətlərlə dolu dövründə Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində qurulan müstəqil Azərbaycan dövləti özündə, sözün həqiqi mənasında, ən müasir dövlətçilik dəyərlərinin və Heydər Əliyev ideyalarının sintezini ehtiva edir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından qaynaqlanan hərbi təcavüz siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizə qədərinin işğal edilməsi, bir milyona yaxın vətəndaşın məcburi köçkünə çevrilməsi, Birinci Qarabağ müharibəsinin acı nəticəsi tariximizin ən kədərli səhifələrindən biridir. Təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, bir-birini əvəz edən o zamankı iqtidarlar nə ölkənin ərazi bütövlüyünün qorunması, nə də əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün sistemli konsepsiya hazırlayıb həyata keçirməkdə bacarıqlı olmadılar. Dövlətin və cəmiyyətin resurslarını erməni təcavüzünün qarşısının alınmasına səfərbər etməyin öhdəsindən gələ bilmədilər və ya bunu bəlkə də istəmədilər. Müharibə xaincəsinə siyasi mübarizə predmetinə çevrilərək milli fəlakətə səbəb oldu. Azərbaycana qarşı hərbi təcavüz, torpaqlarımızın işğal edilməsi, bir milyona yaxın vətəndaşın məcburi köçkün həyatı yaşamağa məhkum edilməsi dünya birliyinin diqqətinə lazımi səviyyədə çatdırılmadı.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı zamanı Azərbaycanın hansı faciələrlə üz-üzə olduğu