Əsrin fəlakətində ölkəmiz can dostunu ağır sınaqla baş-başa buraxmadı
"Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram". Bu sözləri iyunun 13-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı İlham Əliyev ilə geniş tərkibdə keçirilən görüşdə deyib.
Həqiqətən də Azərbaycan qardaş ölkə Türkiyədə baş vermiş əsrin fəlakəti adlandırılan dəhşətli zəlzələdə can dostunu ağır sınaqla baş-başa buraxmadı. Təbii fəlakətin ilk günündən dövlət və xalq olaraq hamılıqla - yaşından, vəzifəsindən asılı olmayaraq Türkiyənin düşdüyü bu ağır durumda qardaş dərdini öz dərdimiz bildik, misli görünməmiş ağır fəsadları aradan qaldırmaq üçün dərhal səfərbər olduq. Demək yerinə düşər ki, ölkəmizdə ən son belə birlik və bərabərliyi İkinci Qarabağ müharibəsində görmüşük. Bu isə o deməkdir ki, dinindən, irqindən, siyasi görüşündən asılı olmayaraq hər bir vətəndaşımız Türkiyəyə dəstək nümayiş etdirmək üçün hər an bir yerdə olmağa hazırdır.
Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə baş vermiş iki zəlzələ və bir gün sonra fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir yeraltı təkanın qeydə alınması nəticəsində 40 mindən çox insan həyatını itirmiş, yüz mindən çox insan yaralanmışdı. Minlərlə yaşayış binası dağılaraq yararsız hala düşmüşdü. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Təbii fəlakət bölgəsində üç ay fövqəladə vəziyyətin elan olunması hadisənin nə dərəcə şiddətli olmasından xəbər verirdi.
Prezident İlham Əliyev hadisəyə ilk dərhal reaksiya verərək öz tviter hesabından Türkiyə xalqına başsağlığı verib və hər cür yardıma hazır olduğunu bildirmişdi. Elə ilk gündəcə ölkə başçısının tapşırığı ilə Türkiyədə güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşdü. Bir qədər sonra isə ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdırmaq üçün ikinci təyyarə də Türkiyəyə yola salınmışdı. Azərbaycan dövləti Türkiyə ilə bərabər bütün imkanlarını səfərbər edərək son günə qədər axtarış-xilasetmə işlərini davam etdirmiş, digər ölkələrdən gələn qruplara nisbətən ən axırıncı olaraq geri dönmüşdü.
Daima humanist addımları ilə diqqətçəkən Heydər Əliyev Fondu da belə ağır məqamda Mehriban Əliyevanın göstərişi ilə genişmiqyaslı humanitar yardım kampaniyası başlatmışdı. Fevralın 9-u, 11-i, 15-i və 16-da Fondun humanitar yardım təyyarəsi Türkiyəyə göndərildi. Faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər aparan xüsusi təyyarələr zəlzələ bölgəsinə enmişdi. Azərbaycan axtarış-xilasetmə qrupları və tibbi personalımızın səyləri nəticəsində dağıntılar altından 53 nəfər sağ, 780 nəfərin cəsədi çıxarılıb və 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Ümumilikdə 940 nəfər, xilasedici, tibb personalı və könüllülər fəlakətdən əziyyət çəkən insanlara yardım məqsədilə zəlzələ bölgəsinə göndərilmişdi. Fevralın 6-dan martın 15-nə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüş, 5320 ton humanitar yardım Türkiyəyə çatdırılmışdı.
Azərbaycanın etdiyi yardımlarla kifayətlənməyərək, martın 20-də Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində "Türkiyə