UKRAYNA DONBASDA “BÖYÜK HÜCUMA” BAŞLAYA BİLƏR
Yaxın bir neçə gün ərzində Ukraynanın Donbasda "böyük hücumu" gözlənilir. “Report” agentliyinin məlumatına görə, bu barədə Böyük Britaniya parlamentinin Müdafiə komitəsinin sədri Tobias Ellvud bəyan edib. Onun sözlərinə görə, əməliyyatlar sürətli olacaq və tez bitəcək.
Bununla yanaşı, britaniyalı parlamentari bildirib ki, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasında ziddiyyət hökm sürür. “Ruslar Ukraynanın hücumlarının haradan başlayacağını hələ də bilmirlər”, - deyə komitə sədri vurğulayıb.
Eyni zamanda, Tobias Ellvud müttəfiqləri Ukraynaya daha çox tank, “F-16” qırıcıları və uzaqmənzilli raketlər verməyə çağırıb.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri son günlərdə Donbas və Zaporojye vilayətlərinin bir neçə yaşayış məntəqəsini işğaldan azad ediblər.
ABŞ BMT-NİN TƏHLÜKƏSİZLİK ŞURASININ STRUKTURUNA DƏYİŞİKLİK EDİLMƏSİNİ İSTƏYİR
Cozef Bayden administrasiyası BMT-yə olan etimadın bərpası üçün Təhlükəsizlik Şurasının strukturuna dəyişiklik edilməsi istiqamətində fəaliyyət aparır. Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Məqalə müəllifinin yazdığına görə, təşəbbüs Ukraynadakı kimi silahlı münaqişələrin effektiv həllinə yönəlib.
Məlumata əsasən, ABŞ prezidenti Cozef Baydenin BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfield bu ilin payızında Nyu-Yorkda keçiriləcək illik sessiya öncəsi təşkilatın üzvü olan 193 ölkədən olan diplomatlarla Təhlükəsizlik Şurasının genişləndirilməsi ilə bağlı məsləhətləşmələr aparır.
Verilən xəbərə görə, ABŞ Təhlükəsizlik Şurasına veto hüququ olmayan daha 6 daimi üzvün əlavə edilməsinə çalışır.
Xatırladaq ki, Cozef Bayden ötən ilin sentyabrında Afrika və Latın Amerikasından yeni daimi üzvlərin müəyyən edilməsini dəstəklədiyini bildirib.
İRANIN VİTSE-PREZİDENTİ İSTEFA VERİB
İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rezai istefa verib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Möhsün Rezainin ofisindən bildirilib.
Məlumata görə, Möhsün Rezai istefasını İqtisadi Əlaqələndirmə Şurasının katibliyində daimi olması ilə izah edib.
Bildirilir ki, bir müddət İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei İqtisadi Əlaqələndirmə Şurasının uğursuzluğunu tənqid etmişdi.
Verilən xəbərə əsasən, ayətullah Xamenei prezident İbrahim Rəisiyə katibliyin işini təşkil etmək üçün Möhsün Rezainin bu vəzifəyə təyin olunmasını təklif edib.
Xatırladaq ki, Möhsün Rezai 2022-ci ilin sentyabrında vitse-prezident vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, bir müddət əvvəl İranın daha bir vitse-prezidenti Məsud Mirkazemi də istefa vermişdi.
PAKİSTANDA QASIRĞA ÖNCƏSİ ƏHALİ EVAKUASİYA OLUNUR
Pakistana yaxınlaşan “Biparjoy” siklon qasırğası səbəbindən Sind əyalətinin sahil zolağında evakuasiya əməliyyatlarına başlanılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, əyalət hökuməti indiyədək Şah Bəndər adasından 2 min nəfəri təxliyə edərək təhlükəsiz ərazilərə yerləşdirib.
Məlumata görə, dövlət rəsmiləri siklon fırtınasının təsirli olacağı gözlənilən Badin bölgəsinin kəndlərindən 50 min insanı təxliyə ediləcəyini açıqlayıb. Əhalinin dənizə çıxmasının qarşısını almaq üçün Karaçi sahil yolu da nəqliyyata bağlanıb.
Bildirilir ki, qasırğanın iyunun 15-də Pakistanın sahilyanı ərazilərini vuracağı gözlənilir. Səlahiyyətlilər iyunun 10-dan tufan təhlükəsi aradan qalxana qədər balıqçılara qayıqla üzməyi və çimərliklərə girməyi qadağan edib.
Xatırladaq ki, 1999-cu ildə Saffir-Simpson şkalası üzrə üçüncü dərəcəyə bərabər olan fırtına Pakistanın Thatta bölgəsini vurması nəticəsində 6200 nəfər həlak olmuşdu.
BERLUSKONİYƏ GÖRƏ İTALİYADA MİLLİ MATƏM ELAN OLUNACAQ
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni iyunun 12-də Milanda yerləşdirildiyi xəstəxanada 87 yaşında vəfat edib. Bu barədə məlumatı İtaliyanın “Corriere della Sera” qəzeti yayıb.
Verilən xəbərə əsasən, Silvio Berluskoninin dəfn mərasimi günü ölk