TÜRKİYƏDƏ RAKET FABRİKİNDƏ YANĞIN BAŞ VERİB
Türkiyənin paytaxtı Ankara şəhərinin Almadağ bölgəsində yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə baş verən yanğın nəticəsində 5 nəfər həlak olub. “Report” agentliyinin xəbərinə görə, bu barədə məlumatı “Hurriyet” qəzeti yayıb.
Məlumata əsasən, yanğından və tüstüləmədən əvvəl fabrikdə partlayış səsləri eşidilib.
Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub. Yanğının səbəbləri və şəraiti araşdırılır.
Baş verən insidentlə bağlı Ankara valisi Vasif Şahinin müvafiq bəyanatında deyilir: “İlkin qiymətləndirməyə görə, iyunun 10-da səhər saat 8:45 radələrində Almadağdakı fabrikimizdə kimyəvi reaksiya nəticəsində partlayış baş verib. Orada çalışan 5 işçimiz dünyasını dəyişib. Partlayışa səbəb kimyəvi reaksiyanın olduğuna dair fikirlər var, lakin bunu prokurorlarımız araşdıracaq”.
ABŞ SENATI ÇİNLƏ BAĞLI QANUN LAYİHƏSİNİ TƏSDİQLƏYİB
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi dövlət rəsmilərindən Çinin inkişaf etməkdə olan ölkə statusunun beynəlxalq təşkilatlardan və razılaşmalardan çıxarmağa çalışmalarını tələb edən qanun layihəsini təsdiqləyib. “TASS” agentliyinin xəbərinə görə, bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.
Sənədə əsasən, Vaşinqton administrasiyası “ABŞ-ın iştirakçısı olduğu hər hansı müqavilə və ya beynəlxalq sazişlərdə Çinin inkişaf etməkdə olan dövlət kimi göstərilməsinə qarşı çıxmalıdır”.
Eyni zamanda, qanun layihəsi ABŞ hakimiyyətini Birləşmiş Ştatların üzv olduğu bütün beynəlxalq təşkilatlarda Çini inkişaf etməkdə olan dövlət kimi təyin etməsinə və ya ona münasibət bildirməsinə qarşı tədbirlər görməyə istiqamətləndirir.
Bununla yanaşı, təşəbbüs müəlliflərinin fikrincə, ABŞ beynəlxalq təşkilatlardan tələb etməlidir ki, Çini “yuxarı orta gəlirli ölkə, yüksək gəlir səviyyəsi olan ölkə və ya inkişaf etmiş dövlət” kimi təsnif etsin. Qanunvericilərin sözlərinə görə, bu cəhdlərin uğurlu olub-olmamasından asılı olmayaraq, ABŞ Çinin “imtiyazlı rejim”dən istifadə etməməsini və “inkişaf etməkdə olan ölkə statusuna görə təşkilati yardım” almamasını təmin etməlidir.
QƏZAYA UĞRAMIŞ TƏYYARƏDƏKİ UŞAQLAR 40 GÜN SONRA SAĞ TAPILDI
Kolumbiyada may ayında qəzaya uğramış “Cessna 206” təyyarəsində olan 4 uşaq sağ tapılıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Kolumbiya prezidenti Qustavo Petro özünün “Twitter” hesabında qeyd edib.
“Bütün ölkə üçün sevinc dolu hadisə! 40 gün əvvəl Kolumbiya cəngəlliyində itən 4 uşaq sağ tapıldı”, - deyə dövlət başçısı “tvitində” vurğulayıb.
Kolumbiyanın “Tiempo” qəzeti sağ tapılan uşaqların cəngəllikdə susuz qaldığını və həşərat dişləmələrindən əziyyət çəkdikləri barədə xəbər verib. Azyaşlılar helikopterlə hərbi hospitala aparılıb və onlara tibbi yardım göstərilib.
Məlumata əsasən, uşaqların ən böyüyünün 13 yaşı, qalanlarının isə doqquz, dörd və bir yaşı var.
Xatırladaq ki, təyyarə qəzaya mayın 1-də uğrayıb. Xilasetmə əməliyyatında ümumilikdə 120 xüsusi təyinatlı əsgər və 73 mülki şəxs iştirak edib. Təyyarə yalnız 370 saat axtarışdan sonra tapılıb. Hərbçilər həmçinin meşənin kolluqlarında üç yaşlı uşağın meyitini də tapıblar. Lakin təyyarədə olan digər uşaqlar həmin anda kabinədə və ya yaxınlıqda olmayıblar.
İSTANBUL POLİSİ 1 MİLYARD DOLLAR saxta Əskinası MÜSADİRƏ EDİB
İstanbul polisinə xarici vətəndaşlardan ibarət cinayətkar şəbəkənin Afrika ölkələrinə saxta dollar əskinasları göndərməyə hazırlaşdığı barədə məlumat daxil olub.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin Kağıthanə rayonunda yerləşən anbara tez-tez girib-çıxdıqlarını, həmçinin ora qutular daşıdıqlarını müəyyən ediblər.
“Teleqraf.com”un verdiyi xəbərə görə, polislərin keçirdiyi əməliyyat zamanı 3 İsveç, 1 İngiltərə, 1 Qana və 1 Türkiyə vətəndaşı saxlanılıb. Anbardan 10 milyon ə