TÜRKİYƏ VƏ RUSİYA LİDERLƏRİ KAXOVKA SES-DƏ BAŞ VERƏN PARTLAYIŞI MÜZAKİRƏ EDİB
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. “Trend” agentliyinin xəbərinə görə, telefon danışığı zamanı prezidentlər Ukraynadakı müharibəni müzakirə ediblər. Məlumata əsasən, Türkiyə dövlət başçısı Kaxovka su elektrik stansiyasının bəndində baş verən partlayışla bağlı qərəzsiz tədqiqat aparılmasının vacibliyini vurğulayıb.
Ərdoğanın sözlərinə görə, rəsmi Ankara Rusiya və Ukraynadan, eləcə də beynəlxalq ictimaiyyətdən, o cümlədən BMT və Türkiyədən ekspertlərin daxil ola biləcəyi komissiyanın yaradılmasına töhfə verməyə hazırdır. Eyni zamanda bildirilir ki, Ərdoğan dünya ictimaiyyətinin “taxıl sazişi”nin müddətinin uzadılması məsələsinə xüsusi önəm verdiyini diqqətə çatıdırıb.
Türkiyə prezidenti rəsmi Ankaranın regionda ədalətli sülhün təmin olunması üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, iyunun 7-də Türkiyə lideri ukraynalı həmkarı Volodimir Zelenski ilə də telefonda danışıb. O, rəsmi Ankaranın regionda ədalətli sülhün təmin olunması üçün səyləri davam etdirməyə hazır olduğunu bəyan edib.
UKRAYNA ORDUSU BAXMUT İSTİQAMƏTİNDƏ İRƏLİLƏYİR
Ukrayna müdafiə qüvvələri Baxmut istiqamətində cinahlarda irəliləməyə davam edir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da Ukrayna ordusunun Baxmutun şimal və cənub-qərbində quru hücumlarını davam etdirdiyi haqda məlumat yayıb. Ukrayna qüvvələrinin Klişçivka və Berxivka qəsəbələrinə daxil olduqları qeyd olunur. Bununla yanaşı, verilən xəbərə əsasən, hazırda Berxivkada döyüşlər getdiyi bildirilir. Bundan əlavə, Ukrayna qüvvələri Orixovo-Vasilivkadan Baxmutdan 11 kilometr şimal-qərbə qədər irəliləyərək Baxmut-Slavyansk avtomobil yolu boyunca yüksəklikləri ələ keçirib.
Məlumat üçün qeyd edək ki, “Vaqner” qruplaşmasının lideri Yevgeni Prıqojin də etiraf edib ki, Rusiya qoşunları Baxmutdan 18 kilometr şimal-şərqdə Rozdolivka rayonu ərazisində bir sıra mövqelərini itiriblər.
“BUXAREST DOQQUZLUĞU” MOLDOVA HAKİMİYYƏTİNİN SİYASƏTİNİ DƏSTƏKLƏYİR
Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya ölkələrinin daxil olduğu “Buxarest doqquzluğu” birliyi Moldova hakimiyyətinin Avropayönlü siyasətini dəstəkləyir. “TASS” agentliyinin xəbərinə görə, bu barədə adıçəkilən ölkələrin liderlərinin Polşa prezidentinin rəsmi saytında dərc olunmuş birgə bəyanatında qeyd olunur.
“Biz Moldova Respublikasının Avropa yolunda sabitliyi qorumaq və islahatları təşviq etmək səylərini yüksək qiymətləndiririk”, - deyə bəyanatda vurğulanır. Eyni zamanda, “Buxarest doqquzluq” liderləri Moldovaya, eləcə də Gürcüstana, Bosniya və Herseqovinaya NATO vasitəsilə hər hansı pis niyyətli təsirə qarşı dayanıqlılıqlarını gücləndirmək üçün dəstəyi artırmaq niyyətlərini ifadə ediblər.
Liderlər həmçinin bildiriblər ki, “Buxarest doqquzluğu” Baltik və Qara dənizlərin, eləcə də Balkanların Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyətini dərk edirlər.
RUSİYA VƏ ÇİN ARASINDA TİCARƏT DÖVRİYYƏSİ ARTIB
Bu ilin yanvar-may aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,7 faiz artaraq 93,8 milyard dollara yüksəlib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Çinin Dövlət Gömrük Baş İdarəsi məlumat yayıb.
Məlumata əsasən, son bir ildə Çinin Rusiyaya ixracının dəyəri 75,6 faiz artaraq 42,95 milyard ABŞ dolları, Çinin Rusiyadan idxalının dəyəri isə 20,4 faiz artaraq 50,85 milyard dollar təşkil edib.
Bildirilir ki, hesabat dövründə Çin Rusiyaya əsasən smartfonlar, sənaye və ixtisaslaşdırılmış avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər və kompüterlər satıb, əvəzində neft, təbii qaz, kömür, mis filizi, taxta, yanacaq və dəniz məhsulları alıb.
Xatırladaq ki, 2022-ci ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 29,3