Rəssam, sevgilimin rəsmini gəl çək.
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək.
Qoy onun nazını mən özüm çəkim...
Məhəbbət şairi, eşq sərrafı, gözəllik aşiqi nakam Mikayıl Müşfiqin az qala bir əsr əvvəl qələmə aldığı bu misralar bütün dövrlərin sevgi nəğməsidir. Şair bu fikirləri ilə poeziyanın rəssamı rolunu oynamışdır. Rəssam öz fırçası ilə kətan üzərində, rənglərin ahəngində gözəllik yaradır. Mikayıl Müşfiq isə bədii təxəyyülünün, şeiriyyat gücünün qüdrəti və istedadı ilə sevginin, sevgilisinin canlı portretini çəkmişdir. Onun hissləri o qədər güclü, fərqlidir ki, rəssama müraciəti də bir başqadır. Şairin düşüncəsinə görə, rəssam nə qədər həssas, istedadlı olsa da sevginin nazını çəkəcək qədər usta deyil. Müşfiq sevgilisinin nazını çəkməyi belə ülviləşdirir. Onun yaradıcılığı başdan-binadan məhəbbət qoxur. O, eşqə ucalığa yüksəlmiş ali hiss kimi baxırdı. Müşfiq bədii təxəyyülünün məhsulu olan şeirləri həm də ayrıca bir dünya, bir aləmdir.
Mikayıl Müşfiq 1931-ci ildə pedaqoji institutun buraxılış gecəsində Dilbər adlı qızla tanış olur. Dilbərə olan sevgisi onu poeziyanın dərin ümmanlarına baş vurmağa vadar edir. O, sevgi adlı dəryada qələminin qüdrəti ilə aliləşdirdiyi saysız-hesabsız sevgi şeirləri yaradır. Mikayıl Müşfiq poeziyasının fövqündə dayanan bədii tapıntıları, qeyri-adi bənzətmələri ilə yaşından çox-çox irəli getmiş, inkişaf etmişdir. Gənc şairin bədii təxəyyülü, istedadı qarşısında aciz qalanların qısqanclığı hətta qisasçılıq hissini üstələmişdi. Onlar şairə sanki zirvədə günəşə baxar kimi həsrətlə baxırdılar. Bu həsrət hissi o qədər böyük idi ki, içimizdəki xainlərin "yaradıcılığı" öz bəhrəsini verdi. Nəticədə gənc Müşfiq 1937-ci il repressiyasının qurbanı oldu. Ona qarşı böhtanlar, tənqidlər həddini aşmışdı. Artıq şairi gözləyən təhlükə o qədər də uzaqda deyildi. Yaxın dostlarının repressiya qurbanı olması Müşfiqə rahatlıq vermirdi. Çirkabla dolu, hər addımda xəyanətlə üzləşdiyi həmin dövrdəki repressiya dalğası Müşfiqdən də yan keçmədi. Yazıçıların növbəti plenumunda Mikayıl Müşfiqə əks-inqilabçı damğası vurularaq, 1937-ci il iyunun 4-də, doğum günündən bir gün əvvəl həbs edildi. 1938-ci il yanvarın 5-də isə SSRİ Ali Məhkəməsinin hərbi səhra kollegiyasının 20 dəqiqəlik məhkəmə iclası tərəfindən Mikayıl Müşfiq barəsində güllələnmə qərarı verildi.
Arzuları yarımçıq qalmış, sevgiləri hicran odunda yanmış məhəbbət şairi, nakam Mikayıl Müşfiq yanvar ayının 6-da Nargin adasında güllələnir. Qumsal sahillərdə Xəzəri vəsf edən şair, elə Xəzər sularına da qərq olur. İndi Xəzər suları, həm də Müşfiq qoxulu, Müşfiq ətirlidir. Gur dalğalarda, sərin Xəzri mehində bir Müşfiq sirri gizlənir. Pünhan sevgilərin ünvanı Xəzər sularında Müşfiq ruhu dalğalanır. Beləcə, Azərbaycan poeziyasında doğan eşq, məhəbbət günəşi repressiya ilə yanaşı, qısqanclığın, xəyanətin qurbanı oldu. Ona qarşı olan qısqanclığın həddi-hüdudu o qədər dözülməz idi ki, ölümündən sonra belə şairin məzarı olmadı. Demək ki, içimizdəki düşmənlər Müşfiqin ölüsündən belə qorxacaq dərəcədə aciz, müti idilər. Faciəli sonluqla bitən Müşfiq ömrü bir çox sualların cavabını da elə özü ilə apardı.
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
İllər keçəcək, dövran dəyişəcək, sevgilər yenilənəcək, sevənlər qovuşacaq. Amma Müşfiq poeziyasının şah əsərlərindən olan o bağ mövsümü öz məna və mahiyyətinə görə eşqlərin fövqündə dayanacaq. Nə kimsə şair <